Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri. Və həmin müzakirələrin rəsmi nəticələri



Yüklə 0,73 Mb.
səhifə27/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
2. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri. Və həmin müzakirələrin rəsmi nəticələri

Azərbaycan xalqının (və dövlətinin) dilinin adı ilə bağlı yaranmış mürəkkəb vəziyyət, əlbəttə, Ümummilli lideri yenidən hakimiyyətə gəldiyi ilk günlərdən narahat etməyə bilməzdi. Lakin onun yürütdüyü milli dövlət quruculuğu siyasətinin fəlsəfəsi tələb edirdi ki, problemin həllinə tələsmədən, həm elmi, həm ictimai, həm də siyasi əsaslara dayanaraq yanaşılsın.

Müzakirələr 1995-ci ilin noyabr ayının əvvəllərində AMEA-da elm adamlarının, yazıçıların, ümumən ziyalıların iştirakı ilə başladı. Ümummilli liderin “nəhayət XX əsrin axırlarında biz bu məsələləri tam aydınlaşdırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq” ifadəsilə təzahür edən iradəsi, nəticə etibarilə, qalib gəldi.

Fikrimizcə, ümumilli liderin bu mülahizələrində “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini daha dərindən anlamaq üçün ciddi ideya-metodoloji bir məqam vardır ki, o da “nəhayət, XX əsrin axırlarında biz bu məsələləri tam aydınlaşdırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq” müddəasından ibarətdir. Xüsusilə o baxımdan ki, müstəqilliyin ilk illərində “Azərbaycan dili” anlayışına münasibətdə hər halda müəyyən tərəddüdlər, mübahisələr ortaya çıxmaqla onun (anlayışın) mövqeyinin heç də tamamilə möhkəm olmadığını göstərdi.

Məlum olduğu kimi, iki gün davam edən müzakirədə müxtəlif fikirlər söylənilmişdir ki, onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:


  1. türk dili;

  2. Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi;

  3. Azərbaycan dili.

5 noyabr 1995-ci ildə Prezident Sarayında keçirilən müzakirələrin yekun sözündə ümummilli lider deyir:

“... Mən bunu bir neçə dəfə demişəm, komissiya üzvlərindən üç nəfər bu barədə, yəni Azərbaycan dövlətinin konstitusiyasında olan maddədən fərqli söylədi ki, indiyədək Azərbaycan dili dövlət dili yazılıb, indi isə bu ya Azərbaycan türkcəsi, ya Azərbaycan türk dili, yada sonradan deyildiyi kimi, Azərbaycan (türk) dili yazılsın. Komissiyanın qalan üzvləri bu fikri dəstəkləmədilər. Onların hamısı Azərbaycan dili tərəfdarı oldu. Bu gün çıxış edən komissiyanın üzvü Etibar Məmmədov da o vaxt başqa fikir söyləmədi; o, ümumiyyətlə fikir söyləmədi. Belə olan halda, əgər mən, komissiyanın sədri kimi, bu məsələlərə ümumi prinsip nöqteyi-nəzərindən yanaşsaydım (üç nəfər deyir ki, belə olsun, amma qalanları deyir ki, belə olsun), məsələni bununla da qurtarmaq olardı. Ancaq mən hesab edirəm ki, üç nəfər komissiyanın hər bir üzvünün fikrinə diqqət vermək və onu nəzərə almaq lazımdır; ikincisi də, bu fikri söyləyən adamlar bizim ziyalılarımızdır-mədəniyyət, elm, ədəbiyyat sahəsində tanınmış və böyük fəaliyyət göstərmiş adamlardır. Demək, bunların fikirlərini daha da geniş müzakirə etmək lazımdır.

Ancaq eyni zamanda 1978-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycanın dövlət dili Azərbaycan dili yazıldığına görə və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”. Bunu da ümumxalq müzakirəsinə verdik (69, s.147-148).

Məsələnin tarixi-fəlsəfi mahiyyətindən danışarkən Heydər Əliyev göstərir:

“Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adı götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən düzgün deyil- həm tarixi nöqteyi-nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil.

Mən bir dəfə dedim ki, biz gərək öz milli mənliyimizi heç vaxt itirməyək. Xalqların hər biri tarixi yol keçib, hər birinin də özünəməxsus nailiyyəti var. Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır. Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik,- yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var. Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var (69, s.154).

Bu qənaətlər özünü yalnız ictimai-siyasi, ideoloji deyil, elmi, yəni “Azərbaycan dili” anlayışının keçdiyi çoxəsrlik tarixi yol baxımından da doğruldurdu. Belə ki, artıq müəyyənləşmiş-diferensiasiya olunmuş bir anlayışı öz qeyri-diferensial başlanğıcına qaytarmaq idrak qanunları (dialektik məntiq) baxımından mümkün deyildi. Lakin burada bir problem vardı; o da “Azərbaycan dili” anlayışının “türk dilləri” anlayışında ehtiva olunub-olunmaması idi ki, Ulu Öndər həmin məsələ üzərində xüsusi dayanıb, ayrıca izahat verməyə ehtiyac duymuşdu:


  1. Azərbaycan dili türk dilləri qrupuna mənsubdur;

  2. türk dillərinin sayı 23-dür;

  3. Azərbaycan dili həmin dillərdən biri olan müstəqil dildir.

Prezident “Azərbaycan dili”nin təsadüfən ortaya çıxmadığını, zəngin tarixə malik bir xalqın dilinin özünəməxsus adı olaraq qanunauyğun bir şəkildə formalaşdığını qeyd edir:

“Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, republikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır.Mən keçən dövrü kənara qoyuram, -60 il ərzində bu, mövcud olmuş reallıqdır. Gün-gündən, aybaay inkişaf etmiş reallıqdır.

Azərbaycanda rus dili nə qədər hakim oldusa da, vaxtilə Azərbaycanda nə qədər çalışdılar ki, Azərbaycan dilini sıxışdırıb çıxarsınlar, rus dilini geniş yaysınlar, amma biz dilimizi qoruduq, saxladıq. Biz dilimizi itirmədik. İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri öz dilimizdə ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi, başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hədisəsini biz öz dilimizdə ifadə edə bilirik” (69, s.155).

Heydər Əliyev həmin müzakirənin yekununda deyir:

“Ona görə də birdə deyirəm- tarixi keçmişimizə, əcdadlarımıza böyük hörmət və ehtiram hissini bildirərək, bu gün biz tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan Respublikasının dövlət dilini qəbul etməliyik. Müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.

Mən hesab edirəm ki, biz bu layihəni bu gün hazırlayarkən 23-cü maddəyə baxıb onu bəlkə də bir az təkmilləşdirmək, genişləndirmək olar. Hər halda bunu qəbul edirik, referenduma veririk. Bəli, qoy xalq öz sözünü desin. Ancaq biz də xalqın nümayəndəsi, cəmiyyətin üzvü kimi, eyni zamanda xalq tərəfindən böyük səlahiyyətlərə malik olan şəxslər kimi bu gün öz fikrimizi deyirik. Əgər etiraz yoxdursa, bununla da bu məsələnin müzakirəsini bitirək” (69, s.155).

Dövlət dilinin adının ayrıca səsverməyə çıxarıldığı Ümumxalq Səsverməsi (Referendum), üç variant içərisində, tamamilə təbii olaraq, “Azərbaycan dili”ni qəbul etdi.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı aşağıdakı sözlərlə başlayır:

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun üqəddəs vətəndaşlıq borcudur.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir” (69, s.158).

Fərmanda Azərbaycan dilinin tarixinə ətraflı nəzər Salınır:

“Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.

Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir.

Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri-dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır.

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan “Kitabi-Dədə Qorqud” eposu olduqca səciyyəvidir” (69, s.159).

Azərbaycan dilinin dövlət dili kimi inkişafı tarixi də Fərmanda əhəmiyyətli yer tutur:

“Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, həmin ənənə milli dövlətçiliyin itirilməsi nəticəsində uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş konstitusiyasında da belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi.

Nəhayət, Mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilən konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi” (69, s.163-164).

Fərman Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra konkret qərarlarla sona çatır.

Çox keçmədi ki, Milli Məclis “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul etdi ki, bu qanun Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 30 sentyabr 2002-ci ildə qüvvəyə mindi:

Qanunda deyilir:

“Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin