Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017



Yüklə 0,73 Mb.
səhifə4/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   2   3   4   5   6   7   8   9   ...   34
... Türkcənin qüdrəti, cürəti, əzmi

Bu gözəl kitabın bayramı, bəzmi.

... Yetirdim kamala Kaşğar elində,

Verdim hər vəsfini ana dilində.
... Ərəbcə, tacikcə bu cür kitab çox,

Bizim dilimizdə , heyhat, misli yox.

... Türkcə təranələr qoşmuşam sənə,

Oxu da, unutma, dua qıl mənə” (24, s.222-225).
“Qutadqu bilik”in dili və bu dilin “türkcə”, yaxud “xaqaniyyə türkcəsi”, yəni türk ədəbi dili olması barədə elmi təsəvvürlər, demək olar ki, eynidir (bu barədə bax: 90, 92, 103, 106 və s.).

C.Heyət həmin təsəvvürləri belə ümumiləşdirir:

“Xaqaniyyə türkcəsi hökumətin rəsmi dili olub Kaşğar və Balasaqun xalqının da danışıq diliydi. Ona görə Kaşğar ləhcəsi də deyilirdi. Qaraxanlılar daha çox uyğur və karluq tayfalarından ibarət olmuşlar. Bu iki tayfanın ləhcələri də bir-birinə çox yaxın idi... Bu ləhcə Xarəzm və Çağatay ədəbi ləhcələrinin formalaşmasına qədər Orta Asiyanın müştərək ədəbi dili oldu” (107, s.163).

Qaraxanlılar dövründə yaşamış Ədib Əhməd Yüqnəkinin (XII əsr) “Atibətül-həqaiq” poeması da, “Qutadqu bilik” kimi, xaqaniyyə türkcəsindədir. Poemanın bir bölməsi, maraqlıdır ki, “Til” (“Dil”) adlanır ki, burada ümumiyyətlə dilin insan mənəviyyatında çox mühüm amil olduğu göstərilir:


Tili yalqan ərqin yırak tur təzə,

Keçür sən te umrünq könilik özə.

Ağız, til bəzəki köni söz turur,

Köni sözlə sözni, tilinqni bəzə.
Tərcüməsi:
Dili yalan adamdan uzaq dur qaçaraq,

Sən də ömrünü doğruluqla keçir.

Ağızın, dilin bəzəyi doğru söz olur,

Doğru sözlə danışığını, dilini bəzə. (24, s.262).
Xaqaniyyə türkcəsi bütün orta əsrlər boyu yazı dili olaraq türklər arasında geniş yayılmış və daha çox “türki” adı ilə tanınmışdır.

Əhməd Yüqnəkidən sonra türkcənin ən məşhur ustası Türküstanlı təriqət qurucusu Əhməd Yasəvi olmuşdur.

Ümumi elmi-nəzəri qənaət bundan ibarətdir ki, “qaraxanlı türkcəsi (müştərək Orta Asiya türkcəsi, xaqaniyyə türkcəsi, Kaşğar türkcəsi, Türküstan türkcəsi) Göytürk və uyğur yazı dillərinin inkişaf etmiş davamıdır” (69, s.182).

Bu davam orta əsrlərin sonlarına qədər gedir... Nəticə etibarilə üç yerə bölünən türkcələrin formalaşmasına gətirib çıxarır:



  1. Şərq türkcəsi.

  2. Şimal-Qərb türkcəsi.

  3. Cənub-Qərb türkcəsi.

Bu cür diferensiasiya bu ləhcə-dillərin hər biri üçün ayrıca adların (linqvonimlərin) zəruriliyi ehtiyacını ortaya çıxarır. Lakin araşdırmalar göstərir ki, türkcənin bu cür diferensiasiyası, müvafiq olaraq, “karluqca”, “qıpçaqca” və “oğuzca” anlayışlarının (linqvonimlərin) aktuallaşmasına və ya populyarlaşmasına səbəb olmasa da, bir sıra orta əsrlər türk ədəbi dili təzahürlərinin təşəkkülünə gətirib çıxarır ki, onlar da müxtəlif adlarla adlanırlar: məmlük türkcəsi, cığatayca, səlcuqca və s. Fakt isə faktlığında qalır ki, onların birincisi qıpçaq, ikincisi karluq, üçüncüsü isə oğuz türkcəsini bildirir (bu barədə bax: 96).

Orta əsrlərin sonlarına doğru “türk dili” anlayışının tarixi məzmunu baxımından ən çox maraq doğuran hadisə Əlişir Nəvainin işlətdiyi, eyni zamanda digər geniş yayılmış dillərlə müqayisədə mahiyyətini, imkanlarını dərindən dərk etdiyi “türkcə”dir. Ana dilində “Xəmsə” müəllifi olan dahi şair- mütəfəkkir özünün “Mühakimətül-lüğəteyn”ində (1498) “ türkcə” anlayışını bütöv bir hadisə, yəni müxtəlif türkcələrə bölünməz vahid kimi dərk edir.

A.Dilaçar “Nəvainin dil anlayışı” məqaləsində yazır:

“Kaşğarlı ərəbcə ilə türkcəni müqayisə etmişdi; Dəhləvi də eyni şeyi ərəbcə, farsca və hindcə arasında etmişdi. Nəvai isə öncə ərəbcəni, türkcəni, farscanı və hindcəni nəzərdə tutmuş, ancaq Quran və kəlam dili olan ərəbcəni tez ayırmış... Və sonda ərəbcəni üstünlüyünə, hindcəni də geriliyinə görə dil yarışmasından çıxararaq, ortada yalnız türkcəni və farscanı qoymuşdur” (85, s. 156-157).

Əgər M.Kaşğari “türk dili”ndən deyil, “türk dilləri”ndən bəhs etmiş olsaydı, ondan dörd əsr sonra yaşamış Ə.Nəvai, yəqin ki, bu barədə daha müfəssəl danışmalı olacaqdı. Halbuki belə deyil, onun dil anlayışında yalnız bir “türkcə” mövcuddur.

Ümumiyyətlə, türkologiyada “qədim türkcə”, “əski türkcə”, “orta türkcə” kimi anlayışlar geniş yayılıb sıx-sıx istifadə edilsə də, etiraf etmək lazımdır ki, onların hüdudları dəqiq müəyyən olunmamışdır (müqayisə üçün bax: 91,95,96, 116 və s.).

Orta əsrlər türk ədəbi (yazı) dilinin türkologiyada ən məşhur ümumi adlarından biri “türki”dir.

Tədqiqatçıların fikrincə, türkinin tarixi üç dövrə bölünür:

“1. Təşəkkül dövrü (IX-XII əsrlər).

2. Təkamül (regionlaşma) dövrü (XII-XVIII əsrlər).

3. Tənəzzül (süqut) dövrü (XVII-XVIII əsrlər)” (23, s.108).

Ancaq bizə elə gəlir ki, türkinin təşəkkül dövrünün tarixi düzgün müəyyən edilməmişdir. Belə ki, bu ədəbi dil təzahürünün ilk mənbələri XI əsrə aid olduğundan onun (türkinin) tarixini də həmin əsrdən əvvələ aparmaq özünü doğrultmur.

Ümumiyyətlə isə aşağıdakı bölgü yazılı mənbələrlə təsdiq olunur:

“ 1. Şərq (yaxud Türküstan) türkisi.

2. Şimal-Qərb (qıpçaq) türkisi.

3. Cənub-Qərb (oğuz) türkisi” (23, s.112).

O da təsdiq olunur ki, türkcənin bu regional ədəbi (yazılı) təzahürləri XVII-XVIII əsrlərdə təşəkkül tapan milli türk ədəbi dillərinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir (23, s.118-119).

“Türk dili” anlayışının tarixi baxımından diqqəti cəlb edən cəhəti odur ki, bu diferensial xüsusiyyətlər orta əsrlərdə xüsusi linqvonimlərlə fərqləndirilməmiş, bir qayda olaraq, “türki” adından istifadə edilmişdir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin