Mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı vasitəsilə subsidiyalaşdırma/stimullaşdırma: Bu yanaşmada genişzolaqlı şəbəkə
infrastrukturunun qurulması mövcud şəbəkəyə nəzarət edən bazar iştirakçısı
vasitəsilə stimullaşdırılır. Belə ki, yüksək xərc tələb edən, lakin aşağıgəlirli
ərazilərdə infrastrukturun qurulması məqsədilə dövlət tərəfindən həmin
iştirakçıya maliyyə stimulları verilməklə, investisiya qoyuluşu stimullaşdırıla
bilər. Hazırda internet xidməti təminatçılarının şəbəkəyə topdan çıxış imkanları
vardır. Bu yanaşmanın tətbiqi dövlət tərəfindən mövcud şəbəkəyə nəzarət
edən bazar iştirakçısı üzərində şəbəkənin əhatə dairəsi və xidmət səviyyəsi
üzrə aydın müəyyən edilmiş əsas icra göstəriciləri (ƏİG-lər) vasitəsilə nəzarətin
təmin edilməsini, eləcə də bazarda şəbəkəyə topdan çıxış imkanlarının düzgün
və şəffaf qaydada tənzimlənməsini tələb edir.
●
Simsiz rabitə operatorları vasitəsilə subsidiyalaşdırma/stimullaşdırma: Yuxarıda qeyd edilən modellə müəyyən oxşar cəhətlərə malik olsa da, bu
modeldə genişzolaqlı şəbəkə infrastrukturunun qurulması ilə bağlı dövlət
tərəfindən subsidiyalaşdırma yalnız mövcud şəbəkəyə nəzarət edən bazar
iştirakçısı vasitəsilə deyil, simsiz rabitə operatorlarının müştərək müəssisəsinin
yaradılması yolu ilə təmin edilə bilər.
●
İnfrastrukturəsaslı rəqabət: Bu model telekommunikasiya operatorlarının
genişzolaqlı şəbəkənin qurulması sahəsində bir-biri ilə rəqabət aparmasını
nəzərdə tutur. Tənzimləyici qurum seçmə qaydada bazarın liberallaşdırılması
və ya investisiyaların cəlbi məqsədilə normativ tələblərin yumşaldılması kimi
alətlərlə investisiya qoyuluşunu daha da stimullaşdıra bilər. İnvestisiya
qoyuluşunun azaldığı dövrlərdə isə tənzimləyici qurum infrastruktura
investisiya qoyuluşlarını stimullaşdıran vasitələri (məsələn, yüksək xərc tələb
edən ərazilər üzrə subsidiyaların verilməsi), eləcə də investisiyaların təşviqi və
qorunması məqsədi daşıyan tənzimləmə alətlərini (məsələn, normativ
tələblərin yumşaldılması) müəyyən etməklə, rəqabətli mühitin yaradılmasına
təkan verə bilər.