Ümumi qrammatik mənasına görə əşyanın əlamətini bildirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə?, nə cür?, hansı? suallarından birinə cavab olur.
Sifət həmişə ismə aid olur. Cümlədə ən çox təyin və xəbər vəzifələrində işlənir.
QURULUŞCA NÖVLƏRİ
Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
1. SADƏ SİFƏTLƏR
Sadə sifətlər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: yaşıl, yaşıl+dır.
2. DÜZƏLTMƏ SİFƏTLƏR
Düzəltmə sifətlər sözlərə leksik şəkilçi artırmaqla düzəlir:
1) İsimdən sifət düzəldən şəkilçilər:
-lı4: yağ+lı -dakı4: ev+dəki
-lıq4: həftə+lik -kı4: sabah+kı
-sız4: duz+suz -ı4: armud+u
-cıl4: zarafat+cıl -i, -vi: tarix+i, ailə+vi
Bunlardan əlavə: -keş, -dar, -xor, -kar, -pərəst, -pərvər, -amiz, -bi, -ba, -na, -la, -a, -anti
2) Feldən sifət düzəldən şəkilçilər:
-ağan (-əyən): gül+əyən
-qan (-kən, -gən): çalış+qan, deyin+gən
-ğın (-gin, -ğun, -gün): az+ğın
-ıq4 (-q, -k): sın+ıq
-ıcı4: kəs+ici
-ınc4: qorx+unc
Bunlardan əlavə: -aq2,-ar2,-ma2.
SİFƏT DÜZƏLDƏN ŞƏKİLÇİLƏRİN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ
-dakı2 — iki cür yazılan şəkilçidir: bağ+dakı, həyət+dəki.
-qın (-kin, -qun, -kün), -ğın (-gin, -ğun, -gün) — Sözün son samiti cingiltili olduqda ona birləşən şəkilçinin ilk samiti də cingiltili olur: əz+gin.
Sözün son samiti kar olduqda ona -qın, -kin, -qun, -kün şəkilçisi artırılır: kəs+kin, tut+qun, öt+kün və s.
-İ, (-Vİ) — ərəb və fars dillərindən alınmış sözlərə artırılır: inqilab+i, daxil+i, xaric+i, ailə+vi.
-yı2 — sonu saitlə bitən sözlərə artırılır: sürmə+yi, bənövşə+yi, qəhvə+yi, buğda+yı, xurma+yı.
QEYD: Düzəltmə sifətlərdə tələffüz zamanı ə saiti y samitinin təsiri ilə e kimi tələffüz olunur: [sürmeyi].
-lıq12, -ıq2 — bu şəkilçidəki q səsi [x] kimi tələffüz olunur: dağ+lıq [dağ+lıx], uçuq [uç+ux]; sonu k ilə bitənlərdə isə həmin hərf [x'] səsi kimi tələffüz olunur: ömür+lük [ömür+rüx'].
-kin, -kün, -kən — bu şəkilçilərinin ilk samiti cingiltili tələffüz olunur: kəs+kin [kəs+gin], ötkün [öt+gün].
Dostları ilə paylaş: |