Azərbaycan dili haqqında ümumi məlumat
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas ünsiyyət vasitəsi olmasıdır.
Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəaliyyəti ilə bağlı olan təfəkkürlə sıx əlaqədədir. Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yarandıqları üçün vəhdət təşkil edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə təfəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməxsus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi və qrammatik vasitələrdən istifadə edir. Lakin təfəkkür üçün istifadə mənbəyi sözlər və cümlələr deyil, məfhumlar və hökmlərdir.
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir.Bu, digər ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri ilə başqa ictimai hadisələrə oxşamır. Bunun özünəməxsus xüsusiyyətləri vardır. Dilin başlıca səciyyəvi əlaməti ondan ibarətdir ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb, bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etibarən xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan bütün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi olur. Buna görə də dil ictimai xarakterə malikdir.
Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olub, çünki dil ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur. Hər bir xalq ünsiyyət üçün öz dilini yaratdıqdan sonra onu qoruyub və inkişaf etdirir. Azərbaycan xalqı da hələ uzaq keçmişdə öz ana dilini yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə hal-hazırda Azərbaycan dili deyilir.
Dostları ilə paylaş: |