Məişət üslubu. Məişət üslubu – gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu adi danışıq dilidir – insanların bir-biri ilə hal-əhval tutduğu dildir. Məişət üslubu kitab-qəzet dili deyil, eyni zamanda məhəlli səciyyə də daşımır.
Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır. Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Məktəbdə dərs zamanı müəllim də, şagird də bu üslubda danışır, bu üslubda fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər leksik, istərsə də qrammatik xüsusiyyətlərinə görə yazılı ədəbi dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki ilə müqayisədə fərqlənir.
Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır. Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə etdiyi dil, üslub nəzərdə tutulur. Məişət üslubunun sərbəstliyi və yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə özünü göstərir. Dialoji nitqdə intonasiya və jest-hərəkət mühüm rol oynayır, yarımçıq cümlələr çox işlənir.
Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq-aşkar özünü göstərir. Bir çox şair və yazıçılar (məsələn, M.Ə.Sabir, C.Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan – canlı danışıq dilindən uğurla bəhrələnmişlər.
Məişət dili yazılı dildən fərqlənir. Yazılı dil əvəzinə “ədəbi dil” termini də işlənir, çünki o, bilavasitə yazıda təzahür edir. Buna görə də yazılı dil ədəbi nitq forması sayılır. Məişət üslubu isə yalnız şifahi şəkildə mövcuddur. Bu baxımdan məişət üslubu ədəbi dilə qarşı durmuş olur. Bununla belə, məişət üslubu nə loru nitqdir, nə də məhəlli səciyyə daşıyır. Məişət dili dialektüstü nitq formasıdır, yəni ədəbi dilin sərbəst və şifahi nümunəsidir.
Bədii, elmi və publisistik üslubun nümayəndələri şifahi nitqdə məişət üslubundan istifadə edirlər. Deməli, müxtəlif üslubların nümayəndələri ünsiyyətdə olduqda məhz bu üslubda birləşirlər.
Onu da yadda saxlamaq lazımdır ki, insanların yazılı və şifahi nitqləri eyni olmur.
Qeyd: Loru dil yonulmamış, pinti danışıq şəklidir. Loru söz (kobud əvəzinə köntöy), loru ifadə (məs: fürsəti əldən vermək yerinə gönü suya vermək) anlayışları da var.
Məişət dili danışıq dilidir. Danışıq dilinin qarşılığı isə yazılı dildir. Yazılı dil şifahi danışıq dilinin əsasında formalaşır. Yazılı dil çox vaxt ədəbi dilin sinonimi kimi formalaşır.
Ədəbi dil üslublar sistemidir. Ədəbi dilin yaranması üslubların müəyyənləşməsi deməkdir.Ədəbi dilin üslubları danışıq dilinin əsasında və danışıq normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə inkişafının yüksək mərhələsinə çataraq xalqın dilinin, canlı ünsiyyətinin təbiiliyindən uzaqlaşır. Bu zaman ədəbi dil qəlibə, şablon dilə çevrilir. Belə olduqda insanlar bir-biri ilə ünsiyyətdə təbii danışığa ehtiyac hiss edirlər. Ədəbi dilin bu səviyyəyə çatması, həm də cəmiyyətdə mədəni səviyyənin yüksəlişi, maarifin genişlənməsi ilə insanların öz gündəlik ünsiyyətində məhəlli nitqdən, yerli şivəçilikdən uzaqlaşma meyilləri yaratmış olur. Yəni bu zaman ədəbi normativli dil insanın gündəlik məişətinə bu və ya digər dərəcədə təsir etmiş olur. Beləliklə, ədəbi dilin şifahi təzahürü – məişət üslubu yaranır. İndiki halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən sayılır.
Fonetika
9. Fonetik hadisə və qanunlar
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir-səslər, hərflər, sözlər, cümlələr və s. Fonetikada öyrənilən səslər və hərflər dilin ən kiçik dil vahidləridir. Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı və səsdüşümü fonetikanın mövzuları sırasına daxildir. Fonetika yunan sözü olub "fone" (səs) və "tika" (elm) sözlərindən əmələ gəlib.
Danışıq zamanı tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa ağ ciyər, nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq səslərinin yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü dildir. Danışıq səsləri şifahi nitqin vahidləridir. Yazılı nitqdə isə bu, hərflərdə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə görə fərqlənir: Səslər tələffüz olunur və eşidilir. Hərflər yazılır və oxunur (görünür). Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan [ ] istifadə olunur. Tələffüz etdiyimiz səslər yarandığı zaman hava axınında maneəyə rast gəlməsinə və yaxud gəlməməsinə görə iki qrupa bölünür: l)sait səslər 2)samit səslər
Dostları ilə paylaş: |