Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 159,07 Kb.
səhifə31/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   27   28   29   30   31   32   33   34   ...   72
nitq

3. Nitqin təmizliyi.

Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilmə- məlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.

Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:

1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir:



Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn; əyərlərim (əgər), hasannıxnan (asanlıqla), bajı (bacı), genə (yenə), getirib (gətirib), gəlmeg (gəlmək), meytəp (məktəb), heysab (hesab), dərmən (dərman), manıt (manat), qırıx (qırx), əmeg (əmək), münasibat (münasibət), təyyin (təyin), şikil (şəkil), tənyarı (təyyarə), basarıq (bacarıq), nöş (nə üçün), olacoux (olacağıq), qərdeş (qardaş), oxarta (o qədər), cıqqan (lap az), mını (bunu), yanı (yəni), deməginən, yumurtda, incəvara, qalxızmaq və s. Bu cür dialektizmlərin, şivə sözlərinin işlənməsi nitqi korlayır, danışığa xələl gətirir.

2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur. Son zamanlar kütləvi informasiya vasitələrinin – radio və televiziya verilişlərinin, eləcə də müxtəlif sahələr üzrə yazılmış dərsliklərin, məqalələrin, elmi mətnlərin dilində ağırlaşma müşahidə olunur. Məsələn, “Azərbaycan qloballaşan dünyada” adlı bir jurnal məqaləsində belə sözlər, terminlər, ifadələr işlənmişdir: praktik rassionalizm, paternalist icma, obsolyut universal dəyərlər, difurkasiya (haçalanma), restepizasiya, developmentarizm, abbeviatur təfəkkür, respondentlərin dispozisiyası, sinerqizm, sosial akkumilyasiya və s. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsərin, məqalənin və sairin dilini akademizm xatirinə həm mənası, həm də tələffüzü çətin olan belə ifadələrlə, terminlərlə “zənginləşdirmək” fikrin ifadəsi, informasiyanın ötürülməsi baxımından məqbul sayılmır. Belə şərhetmə üsulundan daha çox fikir yoxsulluğunu və mənasızlığını pərdələmək üçün bir vasitə kimi istifadə olunur. Lakin bu heç də o demək deyildir ki, təmizlik və saflıq xatirinə elm, texnika, sosial və digər sahələrin inkişafı ilə bağlı son zamanlarda dilimizə keçmiş və ya dilimizdə yaranmış söz və terminlərdən imtina edilməlidir. Onların bir çoxu (məsələn; dəstək, bilgi, dəyərləndirmək, durum, anlam, dönüm, bölgə, öncə, olay, yetərsay, özəl, önəmli, açıqlamaq, öndəm, çeşidli və s.) ifadə etdiyi məna, səslənmə, dilə, tələffüzə yatımlıq baxımından uyarlıdır, ünsiyyətdə geniş istifadə olunur. Lakin bununla belə son zamanlar illərlə işlətdiyimiz, hamı tərəfindən anlaşılan sözlərin ehtiyac olmadan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez təsadüf olunur. Məsələn; yaşam (həyat), mesaj (sifariş), yolçu (sərnişin), yapmaq (etmək), uçaq (təyyarə), yazar (yazıçı), oba (vətən), düzənləmək (keçirmək, təşkil etmək), toplantı (yığıncaq), baş yazar (baş redaktor), mutlu (xoşbəxt), yaşam təcrübəsi (həyat təcrübəsi), tanıtım keçirmək (təqdim etmək), yazıqlar ki, (təəssüf ki), təpki (təzyiq), mintalitet (ruh), öyrənci (şagird), qərarı əngəlləmək (qərara qarşı çıxmaq), bu günlərim (bu gün), sabahlarım (sabah), salamatçılıq (salamatlıq), xoşbəxtçilik (xoşbəxtlik), piyadaçı (piyada) və s. Bu və bu qəbildən olan digər sözlərin, ifadələrin uyarlı qarşılığı olduğu halda, dilə gətirilməsi bütün hallarda məqbul sayılmamalıdır. Əlbəttə, biz dünya dillərindən, o sıradan qardaş xalqın dilindən söz almağın əleyhinə deyilik. Onsuz da son 10-15 il ərzində Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu sayda sözlər var ki, bu gün onları böyük məmnuniyyətlə işlədirik. “Öncə”, “öncül”, “öndər”, “özəl”, “özəllik”, “özəlləşdirmək”, “dönəm”, “çağdaş”, “yüzillik” kimi sözlər artıq dilimizdə vətəndaşlıq hüququ qazanmışdır.

3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, şeydi, beləliklə, adı nədir, adını sən de, hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb görürük ki və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitəsizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır.

4) Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.

5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir mənada xoş təsir bağışlamır. Təhsilin humanistləşdirilməsindən söhbət getdiyi indiki vaxtda xüsusən müəllimlərin nitqində şagird, tələbə və başqalarına qarşı vulqar xarakterli söz və ifadə işlədilməməlidir. Vulqarizmlər dili zibilləyir, onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır.


Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin