Nitqin intonasiyası. Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə, cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.
Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) ən incə mətləbləri dinləyicilərə çatdırır.
Natiqlik sənətində məntiqli danışığa daha çox əhəmiyyət verilir. Belə danışıq vasitəsilə natiq fikrini, mətnin məzmununu dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmunun çatdırılması mühazirəçinin yeganə məqsədi deyildir. Əgər danışan təkcə məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq ancaq emosional boya kəsb etdikdə təsirli olur, dinləyicini daha çox maraqlandırır. Məlumdur ki, danışan eyni zamanda müsahibinin qəlbinə, hisslərinə təsir etmək , onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. kimi məqsədlər də qarşısına qoyur. Belə hallarda nitq rəngarəng ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. İntonasiya baxı- 61 mından zəngin olan nitq maraqla dinlənilir. Dinləyicilər belə nitqdən, ifadə tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, monotonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar.
Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s. ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə istifadə etmək, nitqin predmetinə, müsahibinə münasibətini bildirməklə söz və ifadəyə müxtəlif məna rəngarəngliyi verir, onun məzmununu genişləndirir, dol- ğunlaşdırır. Aşağıdakı şeirdə intonasiyaca kövrək duyğular daha canlı şəkildə oxucuya çatdırılır.
Kölgə düşür bağarası cığırlara, izlərə,
Çökür axşam sərinliyi təpələrə, düzlərə.
Hərdən xəfif meh əsdikcə yırğalanır göy otlar
Qəlbi kövrək ana kimi doluxsunur buludlar.
...Kəkliklərin nəğməsilə bihuş düşür yamaclar,
Duvaq örtmüş gəlin kimi sakit durur ağaclar.
Batan günün şöləsilə yanır neçə aynabənd,
Dalır axşam sükutuna sahil, meşə, tarla, kənd.
Xışıldayır yol üstündə yenə körpə qovaqlar,
Suya gedən qızlar dönür, yalqız qalır bulaqlar.
Orda-burda ocaq tutur, evlər çıraq yandırır,
Uçan durna, sönən qürub nağılları andırır.
Ə.Cəmilin “Kənddə bahar axşamı” şeirindən götürülmüş bu parça canlı bir bahar lövhəsidir. Oxucu bu canlı tablonun gözəlliyinə heyran qalır, onun qəlbi xoş duyğularla dolur. Mahir ifaçı intonasiya vasitəsilə bu tablonu daha da canlandırır, ona əlavə çalarlar, rənglər verir. Kəndin bahar axşamını bütün gözəlliyi ilə dinləyicinin önündə canlandırır.
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər. Rus dilinin intonasiyası üzərində tədqiqat aparan prof.V.A.Artemov “осторожна” sözünün 22 intonasiya çalarında, daha doğrusu 22 mənada deyilə bildiyini eksperiment yolu ilə müəyyən etmişdir. Bernard Şou “bəli”, “yox” sözlərinin 50 ifadə tərzində işlətməyin, müxtəlif kommunikativ münasibət bildirməyin mümkün olduğunu göstərmişdir. Dilimizdəki “salam” sözünün müxtəlif intonasiya çalarları vardır. Həmin təkmənalı sözü rəğbət, kinayə, qərəz, coşqunluq, istehza, açıq, təntənə, qəzəb, təkəbbürlük, lovğalıq və s. kimi çoxlu çalarlarda ifadə etmək mümkündür. Poeziyamız intonasiya rəngarəngliyi baxımından çox zəngindir. Burada S.Vurğunun məşhur “Şair, nə tez qocaldın sən?” şeirini xatırlamaq yerinə düşər.
Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, fransız fonetiki Qrammonun dediyi kimi “cümlələri əmələ gətirən sözlər onun yalnız “skeletidir”, bu skeletə hərəkət və həyat verən intonasiyadır. İntonasiya müəyyən bir məzmunun özünə- müvafiq forma ilə ifadə olunması vasitələrindən ən başlıcasıdır”.
Natiq oxusu üzərində aparılan müşahidələr göstərmişdir ki, danışıq, xüsusən mətnlərin qiraəti zamanı intonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol verilir. Normal intonasiyadan uzaqlaşmanın bir halı danışıq və oxuda sürətin həddindən artıq olmasıdır. İnformasiyanın aşıb-daşdığı indiki zamanda sürətli danışıq və oxuya üstünlük verilir. Lakin belə oxu sürəti normal oxu, natiqin, müəllimin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli danışıq və qiraətdə oxunanları və söylənilənləri tutmaq, anlamaq, mənimsəmək bir qədər çətin olur.
İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin normadan bir qədər yavaş olmasıdır. Belə nitqdə dinamika zəif, sözlər, nitq taktları, cümlələr arasındakı pauzaların müddət ölçüləri normadan artıq olur. Yavaş oxu danışıq və qiraətdə monotonluğa gətirib çıxarır, dinləyici yorulur, eşitdiyini tam şəkildə mənimsəyə bilmir.
Natiqlərin, mühazirəçilərin içərisində yüksək templə danışan və oxuyanlara da rast gəlinir. Yüksək templə danışmaq və oxumaq öz-özlüyündə müsbət haldır. Lakin müəyyən hüduda qədər, hüduddankənar danışıq və oxu səs-küy kimi qarşılanır, belə oxu dinləyicini yorur, çox vaxt ətrafdakılara da mane olur. Natiqlik təcrübəsində aşağı tonla danışan və oxuyanlara da təsadüf olunur. Belə nitq ünsiyyətə istənilən səviyyədə xidmət edə bilmir. O, dinləyiciyə çatmır. Aşağı tonla danışıq və oxu dinləyənin eşitmə orqanını daima gərgin vəziyyətdə saxlayır. Bu cür oxu, danışıq natiqlik praktikasında məqbul hesab olunmur.
Danışıq və xüsusən oxuda özünü göstərən ümumi bir qüsur intonasiyaca kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif emosional vəziyyətlər (alicənablıq, ağrı, abır, bədbəxtlik, əsəbilik, əzab, ələm, qəzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik, qəhərlənmək, dəhşət, vahimə, diksinmə, öyünmə, fəxretmə, qərarsızlıq, acizlik, vüqar, iddia, yaxşılıq, yamanlıq və s.) uyğun informasiya çaları ilə verilə bilmir, dilimizin zəngin intonasiya çalarları zəif nəzərə çarpır. Bu məqsədlə dinlədiyimiz bir çox natiqin oxusunda sual, nida intonasiyası, müxtəlif növ vurğular, pauzalar və s. demək olar ki, yox dərəcəsindədir. Belələri çox zaman bədii mətni ifadəli oxumaqdan çəkinir və açıq-açığına boyun qaçırırlar.
Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bütün hərəkətlər kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən istiqamətə yönəlməsi) və sona (hərəkətin kəsilməsi) malikdir. Canlı nitqdə daim müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası 65 vurğusu, surəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasilədir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.
Vurğu. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur.
Dostları ilə paylaş: |