4. Hərbi natiqlik. Hərbi nitqə aiddir: a) Həqiqi hərbi xidmətə çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana vətənimizi qorumaq, xalqımızın firavan həyatını, təhlükəsiz yaşamasını təmin etmək üçün hərbi komissarın, müdafiə nazirinin çağırış nitqi; b) Əsgərlərin hərbi andı; c) Hərbi nizamnamənin şərhi; ç) Komandirlərin hərbçilər qarşısında çıxışı.
5. Akademik natiqlik. Akademiya sistemində, universitet və müxtəlif ali məktəblərdə, elmi müəssisələrdə, beynəlxalq konfrans, simpozium, treninqlərdə edilən məruzələr, çıxışlar, oxunan mühazirələr, elmi rəy və dissertasiya müdafiəsində çıxışlar və s. akademik natiqliyə daxildir. Bu, elm adamlarının müxtəlif toplantılarda, müdafiə şuralarında, müəllimlərin ali məktəb auditoriyalarında, elmi-praktik konfranslarda, savadlı və hazırlıqlı aparıcı və diktorların ekran və efir qarşısında etdikləri nitqdir. Nitqin bu növü yaradıcı xarakter daşıyır. Ziyalılar, alimlər, professor, dosent və baş müəllimlər öz araşdırmalarını, tədqiqatlarını yazılı (monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə) və şifahi (mühazirə, məruzə, çıxış, məlumat) vasitələrlə məntiqli, ardıcıl, dəlil-sübutlarla, ümumiləşdirmələr, nəticələrlə oxucu və dinləyicilərə çatdırırlar.
6. İctimai-məişət natiqliyi. Natiqliyin bu növündə yubiley tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində, dəfn mərasimlərində və s. adamlar təbrik nitqi söyləyir, sağlıq deyir, çıxış edirlər. Məişət zəminində söylənilən bu çıxış – nitqlərdə haqqında söhbət gedən adamın şəxsiyyətinə, hadisənin mahiyyəti və əhəmiyyətinə aid xoş sözlərə, obrazlı ifadələrə, təntənəli qurulmuş cümlələrə, təriflərə, təbriklərə və başsağlığı etiketlərinə geniş yer verilir. Natiqliyin bu növü iki formada özünü göstərir: Birincisi, görkəmli şəxslərə elm, təhsil və mədəniyyət xadimlərinə, yazıçı, bəstəkar, rəssam, aktyorlara, əmək və müharibə veteranlarına, eləcə də əlamətdar tarixi günlərə həsr olunmuş tədbirlər; ikincisi, ailədə dostlar, yaxın adamlar və tanışlarla keçirilən ad günləri, yubiley şənlikləri. Bu tədbirlərin forma, keçirilmə və qeyd edilmə şəraiti müxtəlif olur: səsləndirilən fikirlər, rəylər, nitqlər öz ifadə tərzinə görə bir-birindən fərqlənir. Öz dövrü üçün hadisə sayılan bir şəxsin yubiley tədbirində neçə-neçə kollektivin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, əgər birinci şəxsə həsr olunmuşsa həmin müəssisə, təşkilat, federasiya və ya konfederasiyanın mötəbər şəxslərindən biri giriş nitqi söyləyir, sonra əvvəlcədən müəyyənləşdirilmiş səlahiyyətli şəxslərə təbrik üçün söz verilir, çıxışlar olur, xatirələr söylənilir, yubilyarın əmək fəaliyyətindən, şəxsi keyfiyyətləridən, xalq və dövlət qarşısında gördüyü işlərdən bəlağətlə, haqlı təriflərlə söz açılır. Belə tədbirlər zamanı çıxışlarda ciddilik qorunur, amma zarafatlara yol verilmir. Ailədə, dostlar, qohumlar arasında keçirilən yubiley və ad günündə şənliyin səbəbkarı haqqında ürək sözləri deyilir, onun mənəvi və iş keyfiyyətləri qeyd edilir, ailədə mövqeyi və qayğıları xatırlanır. Bu tip təbrik və çıxışlar daha səmimi olur, yada salınan hadisə və faktlar, səbəbkarın xarakter cizgiləri incə yumorla, qanadlı sözlər, obrazlı ifadələrlə emosional tərzdə səsləndirilir. Şadlıq saraylarında keçirilən toy mərasimlərində yaxşı seçilmiş masabəyinin nitqi daha təsirli, canlı və xoşagələn olur. Masabəyi toy məclisinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və onların yaxınları, eləcə də, ümumiyyətlə, ata, ana, gözəl qız, qadın, məhəbbət haqqında bildiyi şeirləri, lətifələri özünəməxsus yumorla musiqi sədaları altında xüsusi ahənglə ucadan səsləndirir. Şadlıq saraylarında söylənilən nitqlərdə dilimizin bütün zənginlikləri, onun ifadəli dil vasitələri məclis əhlinin ruhunu oxşamağa yönəldilir. Dəfn mərasimlərində söylənilən nitqlər həcmcə qısa və yığcam olur. Məişət nitqinin bu formasında monoton ifadə tərzi insanları düşündürən həyat və ölüm məsələlərinə, təskinedici və təsəlliverici sözlər və cümlələrlə hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır. Natiqlik sənətinin digər sahələrindən dini natiqliyi (din xadimlərinin moizə və xütbələri, "Quran"dan ayə və surələrin oxunması, "Quran" tapşırma, ehsan və süfrə dualarının oxunması, axund və mollaların imamların müsibətləri haqqında çıxışları), bədii natiqliyi (bədii axşamlarda şair və yazıçıların nitqləri; şair, yazıçı və bəstəkarlar haqqında mühazirə, məruzə və çıxışlar), səhnə natiqliyi, ekran və efir natiqliyini qeyd etmək olar. Ekran natiqliyi kütləvi informasiya vasitələrindən olan televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiyyətlərini özündə əks etdirən bu nitq monoloji və dialoji formalarda təzahür tapır. Televiziya verilişlərində nitqin məzmunu təsvirlər və mətnlərlə tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitq ədəbi dilimizin qaydalarına, xüsusən də onun orfoepik normalarına cavab verməli, diksiya baxımından aydın və təbii, effektivlik baxımından isə nümunəvi olmalıdır.
Sual və tapşırıqlar:
1. İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır?
2. Son bir ildə ölkə prezidentinin hansı çıxışını televiziyada dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi necə xarakterizə edə bilərsiniz?
3. Diplomatik natiqliyi ictimai-siyasi natiqlikdən fərqləndirən nədir?
4. Məhkəmə natiqliyində ittihamçının nitqi nələrə əsaslanır? Bəs müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında olmusunuz və ya haqqında eşitmisinizmi? Nələri qeyd etmək istərdiniz?
5. Həqiqi hərbi xidmətə çağırılan gənclər qarşısında hərbi komissarın çıxışı haqqında fikrinizi izah edin. O, nələri deməlidir?
6. Akademik natiqliyi sizə mühazirə oxuyan müəllimlərin timsalında xarakterizə edin.
7. İctimai-məişət natiqliyin bir növünü imitasiya edin. Nələrə yer vermək lazım olduğunu izah eməyə çalışın.
8. Fonetik-orfoqrafik norma hansı nitq üçün əsasdır?
9. Şifahi nitqdə, əsasən, hansı cümlə tiplərindən istifadə olunur?
10. Cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması nitq baxımından nə qədər münasibdir? Misallar gətirin və fikrinizi izah edin.
11. Ritorik suallardan hansı məqamlarda istifadə olunur?
12. Emosional nida və ədatlara aid nümunələr göstərin.
13. Dil, yoxsa nitq dəyişikliklərə çox məruz qalır? Son iyirmi ildəki dil dəyişikliklərini xatırlayın. ÇalıĢma. Aşağıdakı söz birləşmələrini cümlələrdə həm həqiqi, həm də məcazi mənada işlədin: ağzına su almaq, yoldan çıxmaq, əl qaldırmaq, dərs almaq, boynuna qoymaq, atası yanmaq, burnu göynəmək. Çalışma. Cümlələrdə frazeoloji birləşmələri onlara sinonim olan sözlərlə əvəz edin: qulaq asmaq, özündən çıxmaq, gözləri kəlləsinə çıxmaq, bel bağlamaq, dünyasını dəyişmək, gözləri yolda qalmaq, burnunun ucu göynəmək, tüstüsü təpəsindən çıxmaq, atası yanmaq. Çalışma. Auditoriyaya gətirilərkən təlimin texniki vasitəsini ehtiyatsız davranışı hesabına korlamış bir tələbəyə töhmət hazırlayın.
Dostları ilə paylaş: |