MÖVZU 7
NİTQİN TİPLƏRİ VƏ NÖVLƏRİ
Dilçilik ədəbiyyatında nitqin təsnifi vacib məsələlərdən bir kimi daim diqqət mərkəzində olmuşdur. Nitqin xüsusiyyətləri, əlamətləri rəngarəng, prinsipləri kəmiyyət və keyfiyyətcə müxtəlif olduğu kimi, təsnifi xarakteri də ayrı-ayrı olur. Bu cəhətdən də nitqin təsnifi prinsiplərinə yanaşma tərzi də dilçilik ədəbiyyatlarında birmənalı olmamışdır.
Hələ eramızdan əvvəl II əsrdə yunan stoikləri nitqin iki tipi olduğunu müəyyənləşdirmişlər: a)daxili nitq; b)xarici nitq. Sonrakı mərhələlərdə təfəkkürün ifadə forması olan nitqi ayrı-ayrı aspektlərdən, müxtəlif prizmalardan yanaşma üsulu ilə təsnif etmişlər. Bəzi dilçilik ədəbiyyatlarında nitqin bölgüsündə obyektiv və subyektiv amillər əsas götürülərək onun fərdi səciyyə daşımasına görə təsnifat aparılmışdır. Eyni zamanda, nitqin şəxslər arasında baş verməsi də təsnif üçün stimul təşkil etmişdir. Məlumdur ki, şəxssiz, yəni fərdlərdən və subyektdən kənarda nitq aktı mümkün deyildir. Bu baxımdan da nitq aktı tərkibcə üç komponentdən ibarətdir: a)danışılan; b)dinlənilən; c)verilən məlumat. Nitqin təsnifində rolu olan prinsiplərdən biri də onun səsli və səssiz olmasıdır. Bu baxımdan nitq iki tipə bölünür: 1)daxili nitq; 2)xarici nitq. Hər iki nitq tipinin öz səciyyəvi xüsusiyyətləri vardır ki, irəlidə bu barədə geniş şəkildə bəhs ediləcəkdir.
Daxili nitq. Daxili nitq problem ən mürəkkəb və hələ çox az öyrənilmiş sahələrdən hesab olunur. Əvvəllər belə hesab edirdilər ki, daxili nitq öz quruluşuna görə xarici nitqə uyğun gəlir, onlar arasındakı fərq ancaq səsli tələffüzün olub-olmamasıdır. Müasir tədqiqatlar daxili nitq problemi haqqında bu yanlış təsəvvürü aşkara çıxarmışdır.
Hər şeydən əvvəl qeyd etməliyik ki, insanın öz-özünə səssiz danışığı daxili nitq adlanır. Bu səslənməyən nitq fərdin özünə müraciəti və ya digər şəkillərdə ola bilir. Daxili nitq xarici nitqdən fərqli bir çox xüsusiyyətlərə malikdir:
Daxili nitq tələffüz edilməyən səssiz nitqdir. İnsan, əsasən, təklikdə daxili nitqə qapılır. Onun beynində oyanan fikirlər səssiz şəkildə daxili nitq prosesindən keçir.
Psixoloqlar eksperiment nəticəsində müəyyən etmişlər ki, səssiz daxili nitq prosesində dil və qırtlaq hərəkətdə olur. İnsan hər hansı mürəkkəb tapşırıqlar üzərində öz-özünə düşünərkən nitq mühərrikinin fəallığı daha da artır.
Daxili nitq sürətli olur. Belə ki, insan hər hansı bir məsələ haqqında öz-özünə düşünərkən daha tez nəticə çıxarır. Lakin xarici nitqdə mürəkkəb quruluşlu çoxlu sintaktik konstruksiyalar dinləndiyindən nəticə çıxarmaq sürəti aşağı olur.
Daxili nitq lakonikliyə malikdir. Burada az sözlə çoxlu fikir ifadə edilir. Məsələn, bədii ədəbiyyatda qışın təsvirini ifadə edən bir neçə cümləlik, bir neçə abzaslıq, hətta bir neçə səhifəlik nitq parçası daxili nitqdə bir və ya bir neçə sözlə (“qışdır”, sərt qışdır”, “şaxtadır”, “hər tərəf qardır” və s.) ifadə olunur. Buna görə də lakonizm daxili nitq üçün daha xarakterikdir.
Daxili nitq qrammatik konstruksiya etibarilə elliptik xarakterlidir. Yəni daxili nitqdə bütün cümlə üzvləri yerli-yerində işlənmir. Onların çoxu düşür. Bu cəhətdən daxili nitq predikativliyi ilə səciyyələnir. Yəni burada əşyanın adının çəkilməsindən daha çox onun haqqında məlumat verilir. Məsələn: “Biz məktəbin həyətində voleybol oynayırıq” cümləsi daxili nitqdə “oynayırıq” şəklində ifadə olunur. Göründüyü kimi, daxili nitqdə cümlə üzvü kimi xəbər daha çox işlənir.
Daxili nitq situativ xarakterlidir. Ona görə də o, tez-tez hissələrə bölünür. Çünki o, həmişə müəyyən şəraitlə, situasiya ilə bağlı olur. Belə vəziyyətdə daxili nitq ayrı-ayrı situasiyanı təhlil etmək, aydınlaşdırmaqla məşğul olur.
Daxili nitq barədə psixoloqların maraqlı fikirləri vardır. Əvvəla, onlar daxili nitqi nitq fəaliyyətinin xüsusi növü kimi götürür və göstərirlər ki, o, praktik və nəzəri fəaliyyətin planlaşdırma fazası kimi (məsələn, lazım olan yerə başqa yolla deyil, bu yolla getməyi seçməzdən əvvəl biz bu yolun o biri yollardan nə üçün üstün olduğunu öz-özümüzə “müzakirə” edirik) və ya planın bir sira xüsusi mürəkkəb nəzəri fəaliyyət növlərində həyata keçirilməsi fazası kimi (məsələn, əgər biz çətin riyazi məsələni həll ediriksə, yenə də öz-özümüzə fikirləşirik) çıxış edir. Psixoloqlar da daxili nitqin fraqmentlik, qırıqlıq, situativ xarakterli olmasından bəhs edir, onu bu cəhətdən xarici nitqin bir forması olan dialoji nitqə yaxın hesab edirlər. Psixoloqların fikrincə, artikulyasiya üzvlərinin (dodaqların, dilin və s.) hərəkətini qeydə almaqla daxili nitqi tədqiq etmək mümkündür.
Psixoloji tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqlarda daxili nitq hələ zəif inkişafda olur. Onlar, əsasən, səsli tələffüzdə öz-özünə danışırlar. Görünür, bu, bir tərəfdən onlarda daxili nitqin zəif inkişafı, digər tərəfdən, onların ümumi inkişaf mərhələsi ilə bağlıdır. Məktəblilərdə daxili nitq təlimin təsiri altında inkişaf edir. Müəllim həmişə şagirdlərə “Cavab verməzdən əvvəl fikirləş” tələbini qoymaqla, bir növ, onlarda daxili nitqin inkişafına təkan vermis olur. Məktəblilərdə kitab oxusunun səssiz şəkildə aparılması da daxili nitqin formalaşmasına təsir göstərir.
Daxili nitqin bir cəhəti də ondan ibarətdir ki, o, hər cür siyasət, etika qaydalarına tabe olmur. Daxili nitq, bir növ, cəmiyyətdən uzaq “azad nitqdir”. İnsan öz daxilində istədiyi şəkildə düşünə bilər, istədiyi şeyi arzu edə bilər, daxili nitqində bunlara uyğun istədiyi sözü və ya ifadəni işlədə bilər. Bunu o mənada deyirik ki, insan öz xarici nitqində yaşadığı cəmiyyətin siyasətinə, etika və əxlaq qaydalarına uyğun sözlər və ya ifadələr işlətməklə öz fikrini ifadə edir. Bu mənada xarici nitqdə işlədilməsi qadağan olunan sözlər və ya ifadələr mövcuddur. Bütün bunları insan, lazım gəldikdə, daxili nitqdə işlədə bilir və bunu heç kimə sezdirmir.
Dostları ilə paylaş: |