Şifahi nitqdən fərqli olaraq, yazılı nitq ədəbi dil çərçivəsində onun normaları əsasında yaranır. Şifahi ədəbi dildə işlənməsinə təsadüf olunan loru, qeyri-ədəbi söz və ifadələrin istifadəsinə yazılı nitqdə yol verilmir. Azərbaycan yazılı nitqinin tarixini qədim yazılı abidələr, tarixi sənədlər, klassik bədii əsərlərin əlyazmaları və s. yazılı mənbələr vasitəsilə öyrənmək mümkündür.
Yazılı nitqə məxsus (səciyyəvi) əlamətlər.Şifahi nitqlə müqayisədə yazılı nitqin bir sıra spesifik cəhətləri müşahidə edilərək müəyyənləşdirilmişdir. Həmin səciyyəvilik aşağıdakılardır:
Yazılı nitqdə elmi, texniki, siyasi və digər terminlərdən çox istifadə edilir. Çünki yazılı nitqin inkişafını təmin edən üslublardan biri də elmi üslubdur. Elmi üslubu isə terminlərsiz təsəvvür etmək mümkün deyil.
Yazılı nitqdə sadə, geniş və mürəkkəb cümlələrdən, geniş tərkibli sintaktik konstruksiyalardan daha çox istifadə edilir.
Şifahi nitqdəki intonasiya, fasilə, vurğu, tembr və s. yazılı nitq ünsiyyətində durğu işarələri vasitəsilə ifadə edilir.
Şifahi nitqdə fikrin emosional çalarını, həyəcanını artıran, onun anlaşılmasını asanlaşdıran vasitələrin-jest və mimikanın yerinə yetirdiyi qrammatik vəzifə yazılı nitqdə sözün məcazlığından, sinonimliyindən və məna çalarlığından geniş istifadə edilmə fəaliyyəti üsulu ilə həyata keçirilir.
Cəmiyyətdə baş verən tarixi prosesləri, mədəniyyət tariximizin vacib məqamlarını şifahi nitq vasitəsilə uzun müddətə yaşatmaq və onu gələcək nəsillərə olduğu kimi çatdırmaq qeyri-mümkün olduğu halda, yazılı nitq bu tarixi missiyanı asanlıqla icra edir. Nizami, Füzuli və digər klassiklərimizin ölməz əsərləri, eləcə də xalqımızın qəhrəmanlıq mübarizəsi, tarixi taleyi ilə bağlı vacib məqamlar və s. bizə yalnız yazılı nitq vasitəsilə gəlib çatmışdır.
Yazılı nitqinsürəti şifahi nitqə nisbətən çox aşağıdır.
Formasından asılı olmayaraq, bütövlükdə nitq dildən törəmişdir. Bu səbəbdən də nitq vahid kommunikativ funksiyanın yeganə başlıca vasitəsidir. Dil öz inkişafını nitqdə tapdığından nitq üçün həmişə baza olmuşdur.