Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 12 AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN LİNQVİSTİK PRİNSİPLƏRİ. FONETİK PRİNSİP



Yüklə 264,25 Kb.
səhifə30/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   26   27   28   29   30   31   32   33   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

MÖVZU 12
AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN LİNQVİSTİK PRİNSİPLƏRİ. FONETİK PRİNSİP

Nitq mədəniyyətinin əsas göstəricisi, artıq qeyd etdiyimiz kimi, ədəbi dilin tarixən formalaşmış normalarına və ya linqvistik prinsiplərinə əməl etməkdən ibarətdir. Və həmin prinsiplər, bir qayda olaraq, dil yarusları, yaxud qatları üzrə nəzərdən keçirilir:


1.Nitq mədəniyyətinin fonetik prinsipləri.
2. Nitq mədəniyyətinin leksik-semantik prinsipləri.
3. Nitq mədəniyyətinin qrammatik prinsipləri.
1. Fonetik prinsiplər
Nitq mədəniyyətinin fonetik prinsiplərinə nitqin şifahi, yaxud yazılı olmasından irəli gələrək) düzgün tələffüz (orfoepiya) və b) düzgün yazı (orfoqrafiya) qaydalarına riayət edilməsi daxildir.
Həm orfoepiya, həm də orfoqrafiya qaydaları dilin fonetik strukturunun tələbləri ilə diqtə olunmaqla tarixən formalaşır. Və müəyyən dövr üçün stabilliyilə seçilir.
Hər bir mədəni adam nitq mədəniyyətinə yiyələnmək üçün əvvəlcə dilin fonetik əsaslarını bilməlidir.
Fonetikanın əsasını danışıq səsləri təşkil edir.
Akustik, fizioloji və fonoloji əlamətlərilə fərqlənən danışıq səsinin təbiətinin dəqiq təsəvvür olunması həm orfoepiya, həm də orfoqrafiya baxımından əhəmiyyətlidir. Və araşdırmalar göstərir ki, düzgün yazı ilə düzgün tələffüz texnologiyaları biri digərilə bağlı olub, demək olar ki, sıx qarşılıqlı əlaqədədir. Xüsusilə o baxımdan ki, şifahi ədəbi dil normaları yazılı ədəbi dil normalarının formalaşmasına təsir etdiyi kimi yazılı ədəbi dil normaları da şifahi ədəbi dil normalarının möhkəmlənməsinə təsirsiz qalmır. Yalnız sözün yox, eyni zamanda söz birləşməsinin, cümlənin, mətnin də fonetik quruluşu olduğundan həm orfoepiyanın, həm də orfoqrafiyanın əhatə dairəsi, əslində, sözdən mətnə qədər genişlənməklə bir sıra məsələləri də ehtiva edir.
Nitq iki formada təzahür etdiyindən nitq mədəniyyətinin fonetik prinsipləri də iki yerə ayrılır:
1. Nitq mədəniyyətinin düzgün tələffüz ( orfoepiya ) prinsipləri.
2. Nitq mədəniyyətinin düzgün yazı ( orfoqrafiya ) prinsipləri.
Hər bir inkişaf etmiş dildə olduğu kimi, Azərbaycan dilində də nitq mədəniyyətinin ən mühüm prinsiplərindən biri sözdən cümləyə (mətnə) qədər bütün nitq vahidləri, yaxud aktlarının mövcud ədəbi norma tələblərinə uyğun tələffüzündən ibarətdir.
Nitqin ən kiçik vahidi danışıq səsidir.
Danışıq səsləri 1) saitlər və 2) samitlər olmaqla iki yerə ayrılır.
Saitlər o danışıq səsləridir ki, a) tələffüz edilərkən ağız və ya boğaz boşluğunda heç bir maneəyə rast gəlmir, b) musiqili tona malikdir və c) heca əmələ gətirirlər.
Ümumiyyətlə, hər hansı dildə saitlərin çoxluğu həmin dilin musiqililik ( vokal) imkanlarının genişliyini göstərir.
Azərbaycan dilində 9 sait səs ( fonem) vardır: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü].
Hər bir saitin əsas akustik, fizioloji və sosioloji ( fonoloji) xüsusiyyəti aşağıdakı kimidir:
[a]- qalın, dodaqlanmayan, açıq;
[ı]- qalın, dodaqlanmayan, qapalı;
[o]- qalın, dodaqlanan, açıq;
[u]- qalın, dodaqlanan, qapalı;
[e]- incə, dodaqlanmaya, yarımaçıq, yaxud yarımqapalı;
[ə]- incə, dodaqlanmayan, açıq;
[i]- incə, dodaqlanmayan, qapalı;
[ö]- incə, dodaqlanan, açıq;
[ü]- inci, dodaqlanan, qapalı.
Azərbaycan ədəbi dilində, əsasən, 9 sait fonem vardır. Bu fonemlərin müxtəlif səslər halında təzahür edən varıantları da vardır ki, bunlardan bəzən ümumi canlı danışıqda və bəzi şivələrdə istifadə olunur. Bunların bir qismindən, xüsusən uzun, qısa və diftonqlaşmış variantlarından ədəbi tələffüzdə də istifadə olunur.
Əlbəttə, ümumən danışıq səslərinin, eləcə də saitlərin ümumxalq dilindəki tələffüz imkanları daha geniş, fonetik variantları daha rəngarəngdir. Ancaq bunların ədəbi normaya aidliyi yoxdur. Bununla belə, heç şübhəsiz, “saitlər dilin lüğət və qrammatik vahidlərini formalaşdırıb təzahür etdirən ən mühüm fonetik ünsürlərdir. Buna görə də eyni saitin müxtəlif samitlə birləşməsindən və ya müxtəlif saitin eyni samitlə birləşməsindən fərqli mənaları ifadə edən sözlərin, qrammatik vahidlərin tələffüzü də əsasən saitlərin köməyi ilə formalaşır.
Məsələn, məlumdur ki, istər sözdüzəldici, istərsə də sözdəyişdirici şəkilçilər, bir qayda olaraq, iki və ya dörd variantlı olur ki, onlardan birincisi iki cür, ikincisi isə dörd cür yazılan şəkilçilər adlanır. Və artırıldıqları sözlərin fonetik tərkibindən irəli gələrək şəkilçilərin bu cür variantlaşması ( ahəng qanununa uyğunlaşması) saitlərin dəyişməsi hesabına baş verir:
a) can+lan(maq)- şən+lən(mək); baş+la(maq)- iş+lə(mək); qorx+aq-ürk+ək; al+ış-ver+iş; oxu+n+acaq- de+yil+əcək; yaz+ır-bil+ir və s.
b) sat+lıq- il+lik- ot+luq-tün+lük; daş+lı-diş-li-su+lu-süd+lü;böhtan+çı-süpürgə+çi-uzun+çu-kömür+çü; al+dıq-bil+dik- soruş+duq-gör+dük və s.
Beləliklə, birinci halda [a] və [ə], ikinci halda isə [ı], [i], [u] və [ü] səsləri ( saitlər) eyni fonoloji funksiyanı yerinə yetirir. Ona görə də, şərti olaraq, birinciyə “açıq sait fonem”, ikinciyə isə “qapalı sait fonem” deyilir.
Saitlərin a) adi, b) uzun və c) qısa variantları mövcuddur ki, həmin variantlar içərisində birincisi hər bir saitin həm fonetik, həm də fonoloji əsasında dayanır. İkinci ( uzun ) və üçüncü ( qısa ) variantlar sözləri ( morfemləri ) bir-birindən fərqləndirmədiklərinə görə, nitqdə, demək olar ki, formal xarakter daşıyır. Lakin məsələyə nitq mədəniyyəti baxımından yanaşıldıqda, məsələn, alim, təmir, möcüzə, elan və s. alınma sözlərin birincisi hecalarındakı a, ə, ö, e saitlərin adi haldakından müəyyən qədər uzun tələffüz olunması lazım gəlir: [a:lim], [tə:mir], [mö:cüzə], [e:lan] və s.
Azərbaycan dilində 23 samit səs ( fonem) mövcuddur: [b], [p], [c],[ç], [d], [t], [v], [f], [g], [k], [ğ], [x], [j], [ş], [z], [s], [l], [m], [n], [r], [y], [q], [h].
Samitlər, əsasən, 1) cingiltili və 2) kar olmaları ilə qarşılaşdırılır:
[b]-[p], [c]-[ç], [d]-[t], [v]-[f], [g]-[k], [ğ]-[x], [j]-[ş], [z]-[s].
Göründüyü kimi [l], [m], [n], [r], [y], [q] cingiltili samitlərinin kar, [h] kar samitinin isə cingiltili qarşılığı yoxdur.
Doğrudur, bir sıra mütəxəssislər [y] cingiltili samitinin kar qarşılığı olaraq [x'], [q] cingiltili samitinin kar qarşılığı olaraq isə [k']-nı göstərirlər, ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan dilində həmin səslər, eləcə də [ŋ] səsi geniş işlənsə də fonoloji məzmun kəsb etmir, yəni bir sözü digərindən fərqləndirmir. Odur ki, [x'], [k'] və [ŋ] samit səsləri Azərbaycan dilinin fonetik sisteminə fonem variantları və ya variasiyaları olaraq daxildir.
[l], [m], [n] və [r] samitləri sonor, digər samitlər isə küylü səslərdir.
Tələffüzdə sait-samit münasibətləri samit səslərin fonetik təbiətinə hiss olunacaq qədər təsir edir ki, bunun ən çox maraq doğuran təzahürlərindən biri sonorların qalın-incə variantlarının meydana çıxmasıdır. Belə ki, qalın saitlərlə yanaşı tələffüz edilən sonor səs qalınlaşır, incə saitlərlə yanaşı tələffüz edilən sonor səs isə incələşir; məsələn, [l] səsi al, ol sözlərində qalın, gəl, gül sözlərində incə ; [m] səsi adam, yaşam sözlərində qalın, qədim, kömək sözlərində incə; [n] səsi ana, and sözlərində qalın, sən, dünən sözlərində incə; [r] səsi qar, torpaq sözlərində qalın, diri, ürək sözlərində incə deyilir.
Lakin saitin qalın və ya incəliliyinin fonoloji əhəmiyyət kəsb etməsindən fərqli olaraq, samitlərinin qalın-incəliyi yalnız formal ( akustik) xarakter daşıyır.
Bununla belə, sait-samit münasibətlərində elə hallar vardır ki, saitin qalın və ya incəliliyinə görə samit keyfiyyətcə dəyişir; məsələn, maraq [ marak' ], otaq [otak'], budaq [budak'] sözlərində qalın [a] saitinin qarşılığı olaraq qalın [k'] samitinin; əmək [əməx'], kömək [ köməx'], ürək [ürəx'] sözlərində isə incə [ə] saitinin qarşılığı olaraq incə [x'] samitinin işlənməsi Azərbaycan ədəbi dili ( eləcə də nitq mədəniyyəti) üçün norma sayılır. Və bu halda [k'] və [x'] səslərinin fonematik təbiətini daha aydın təsəvvür etməyə imkan verən bir mənzərə yaranır: məlum olur ki, aq [ak'] və ək [əx'] morfemlərində [a] və [ə] saitləri kimi [k'] və [x'] samitləri də eyni fonemlərin ifadəsinə xidmər edir.
Azərbaycan dili tarixində [ŋ] samitinin müstəsna yeri vardır. Və müasir dövrdə də bu samit özünü fonem-morfemləri bir-birindən fərqləndirə bilən səs olaraq hiss etdirir. Lakin məsələ burasındadır ki, həmin səs tarixən olduğu kimi bu gün də Azərbaycanın heç də bütün regionları üçün səciyyəvi deyil. Bir sıra regionlarda [ŋ] səsinin qarşılığı olaraq ( və zəngin ənənəyə malik) [v] işlənir; məsələn: [gözüŋü]-[gözüvü], [ürəyiŋi]-[ürəgivü], [adıŋa layık']-[aduva layiğ] və s.
Hər bir dildə olduğu kimi Azərbaycan dilində də bir sıra fonetik hadisələr mövcuddur.
Fonetik hadisələrin bəzisi tam halda ümumi prosesə çevrilərək qanuniləşir, bəzisi isə ümumiləşmiş halda deyil, məhdud dairədə qanuniləşir. Buna görə də belə qanuniləşən fonetik hadisələr orfoqrafik və orfoepik qanun mahiyyəti kəsb edir və fonetik qanun sayılır.
Müasir Azərbaycan dilində, əsasən, aşağıdakı fonetk hadisələr vardır:
1. Uyuşma ( assimilyasiya). 2. Səsartımı ( proteza). 3. Səsdüşümü ( eliziya). 4. Səsfərqləşməsi ( dissimilyasiya).5. Yerdəyişmə ( metateza)”.
Əlbəttə, fonetik hadisələr həm normativ, həm də qeyri-normativ ola bilər. Və Azərbaycan dilinin dialektləri qeyri-normativ səciyyəli fonetik hadisələrlə kifayət qədər zəngindir.
Azərbaycan dilində sözlərin düzgün tələffüzünə təsir göstərən ( əslində, müəyyən mənada sözlərin fonetik strukturunu yaradan ) amillərdən ən mühümü ümumən türk dilləri üçün səciyyəvi olan ahəng qanunudur ki, bu fonetik qanun 1) saitlər, 2) samitlər və 3) saitlər-samitlər həmahəngliyinə (uyuşmasına) əsaslanır:
1) saitlər ahəngi sait səslərin a) qalın-incəliyinə, b) dodaqlanıb-dodaqlanmamasına və c) açıq-qapalılığına görə olur;
2) samitlər ahəngi samit səslərin cingiltililiyinə-karlığına görə olur;
3) saitlər-samitlər ahəngi, bir qayda olaraq, qalın saitlərin “qalın” samitlərlə, incə saitlərin isə “incə” samitlərlə işlənməsini göstərir.
Ahəng qanunu Azərbaycan dilində stilistik yox, linqvistik ( normativ) hadisədir. Və danışanın subyektiv nitq vərdişindən, hazırlığından, yaxud zövqündən asılı olmayıb tamamilə obyektiv səciyyə daşımaqla onun nitqinin intonativ-estetik mükəmməlliyinin təminatı üçün öncədən zəmanət verir.
Nəzərə almaq lazımdır ki, ahəng qanununu ilk növbədə milli ( türk mənşəli) sözlərə, daha doğrusu onların ədəbi tələffüz təcrübəsinə əsaslanır. İstər Şərq və ya Qərb mənşəli alınmalarda, istərsə də dialektizmlərdə bu qanunun tez-tez pozulması müşahidə edilsə də, dilin fonetik strukturunu ( türk mənşəli) sözlər müəyyən etdiyindən həmin pozulmalar ahəng qanununun fəaliyyət miqyasını o qədər də məhdudlaşdırmaq imkanında deyil.
Ahəng qanunu, hər zaman sonra gələn hecadakı səsin, ondan əvvəl gələn hecadakı səslə cinsinə görə uyğunlaşması şəklində təzahür edir. Burada dilarxası səslərindən sonra dilarxası səslərin, dilönü səslərindən sonra dilönü səslərin, eləcə də karlardan sonra kar, cingiltilərdən sonra cingiltili səslərin sıralanması bu qanunun əsasını təşkil edir.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin