Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


Xalq ədəbiyyatının nitq mədəniyyəti qaynaqları



Yüklə 264,25 Kb.
səhifə3/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   2   3   4   5   6   7   8   9   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

1. Xalq ədəbiyyatının nitq mədəniyyəti qaynaqları
Azərbaycan nitq mədəniyyətinin ilk ən populyar örnəkləri, heç şübhəsiz, Azərbaycan xalqının qədim tarixi, zəngin ideya-estetik məzmun-mündərəcəsi, tükənməz idrak enerjisi olan şifahi söz sənətidir. Nəğmələr, nağıllar, dastanlar, lətifələr, atalar sözləri, tapmacalar, yanıltmaclar, ümumiyyətlə, Azərbaycan söz sənətinin həm nəzmlə, həm də nəsrlə yaradılmış müxtəlif janrları xalqın dil təfəkkürünün ən dərin qatlarına enməyə imkan verir.
Azərbaycan xalqının nitq mədəniyyətinə verdiyi böyük (demək olar ki, təhtəlşüur!) önəmin göstəricilərindən biri ( və demək olar ki, birincisi!) anaların beşik başında dedikləri laylalardır...
Laylay, həyatım, laylay,
Qəndim, nabatım, laylay.
Şirin sözlər içində
Sözüm, bayatım, laylay.

Yaxud:
Laylay, gözüm işığı,


Evimin yaraşığı.
Danışandan olmuşam
Mən dilinin aşığı.
Yaxud da:
Laylay, dili duz balam,
Dil açgınan tez, balam.
Mən oturum, sən danış
Şirin-şirin söz, balam.
Laylaların özündə ehtiva etdiyi zəngin ( və son dərəcə səmimi) dil potensialı uşağın dünyaya gəldiyi ilk günlərdən onun nitq təlimi, tərbiyəsi ( və zövqü) üçün nə qədər əhəmiyyətli olduğunu, görünür, xüsusi izah etməyə ehtiyac yoxdur. Öz-özlüyündən də məlumdur ki, məşhur təbirlə desək, uşaq ana südü ilə bərabər ana dili ilə də qidalanmış olur. Və ana dili onun ruhuna, varlığına hakim kəsilir.
Əlbəttə, hər yeni nəsil öz yeni nitq mədəniyyəti ehtiyacları və ya təsəvvürləri ilə meydana çıxmır. Etnik-mədəni həyatın hər sahəsində olduğu kimi burada da stabil, davamlı vərdişlər sistemi mövcud olduğundan və ya fəaliyyət göstərdiyindən hər yeni nəsil “əbədi təcrübə”ni mənimsəməyə borcludur.
Məşhur Azərbaycan folklor rəvayətində deyilir ki, bir gün Şah Abbas sarayın eyvanında əyləşib ətrafdan gəlib keçənlərə tamaşa eləyirmiş. Görür ki, bir uşaq qabağına qatdığı yüklü ulağı tez getmək üçün əlindəki ağacla vurub söymək əvəzinə ona “yeri, qadan alım; yeri, başına dönüm” deyir. Şah Abbas uşağı çağırıb ondan soruşur ki, “oğlum, sən bilirsən ki, bu, ulaqdır, dediklərini də anlamır, bəs niyə ona bu cür gözəl sözlər söyləyirsən?” Uşaq cavab verir: “Şah baba, mən onun ulaq olduğunu da, dediyim gözəl sözləri anlamadığını da bilirəm. Ancaq istəyirəm ki, dilimi xoş sözlərə öyrədim”.
Uşağın fərasəti şahın xoşuna gəldiyindən buyurur ki, ona bir kisə qızıl versinlər.
Bu əhvalatdan yaşı ötmüş bir kişi xəbər tutub belə bir xəyala düşür ki, o da həmin mükafata layiq görülsün. Və qapıdakı ulağın belinə əlinə gələndən yükləyib üz tutur saraya tərəf... Şah Abbası eyvanda görcək səsini atır başına: “ Yeri, atam-anam sənə qurban; yeri, gözümün işığı; yeri, dinim-imanım!... Şah kişini çağırtdırıb uşağa verdiyi sualı ona da verəndə kişi mətləbinin hasil olduğunu güman edib başlayır dil-dil ötməyə: “ Şah sağ olsun, dilimi şirin sözə öyrədirəm, insan gərək ağzına acı söz gətirməsin, elə danışsın ki...”
Şah Abbas qəzəblənir: “Uşağın öz dilini xoş sözə öyrətmək istədiyini başa düşdük, sən yekə kişisən, bundan sonra nə ömrün qalıb ki, nə də öyrənəsən”. Və göstəriş verir ki, onu əməlli-başlı kötəkləyib qovsunlar.
Atalar sözləri xalqın intellektual-fəlsəfi təfəkkürünün məhsulu olmaqla nitq mədəniyyətinin özünəməxsus bir təzahür formasını və ya üsulunu təqdim edir:
Acın imanı olmaz, toxun gümanı.
Adam özü özünə eləyəni el yığışsa eyləməz.
Ağanın bir kəlmə sözü nökərə bir illik yoldu.
Bablı babını tapmasa, günü ah-vayla keçər.
Bulud altının günü, yaşmaq altının dili.
Əyri oturaq, düz danışaq.
Keçən günə gün çatmaz, calasan günü günə.
Qanı qanla yumazlar.
Quşların acizi hacıleyləkdir, ilanı diri-diri udur.
Olar-aşım üçün, olmaz- başım üçün.
Pir mənimdi, kəramətinə bələdəm.
Su görəndə susayır, at görəndə axsayır.
Tülküyə dedilər: Şahidin kimdi? Dedi: Quyruğum.
Yay var, qış var; nə tələsik iş var...
Azərbaycan xalqının mənəvi zənginliyini, əxlaqi kamilliyini göstərən, yaradıcılıq hadisələrindən biri də yalvarışlardır.
Yalvarışlar Azərbaycan xalqının, ümumən türk xalqlarının məişətində həmişə olduğu kimi bu gün də əhəmiyyətli yer tutmaqdadır. Xüsusilə müraciət məqamlarında yalvarışların geniş üslubi imkanlara malik olduğu özünü göstərir- bu zaman müraciət edən şəxsin müraciət olunan şəxsə konkret şəraitdəki münasibətinin ən müxtəlif çalarları ( məhəbbət, hörmət, ehtiram, nəvaziş, laqeydlik, ironiya və s. ) təzahür edir; məsələn: ağrın alım, ağrın ürəyimə, başına dolanım, başına dönüm, qabağında ölüm, qadan mənə gəlsin, qurbanın olum, dərdin alım, evim-eşiyim ( sənə qurban), yolunda ölüm, gözünə dönüm, ömrüm-günüm ( sənə qurban) və s.
Tapmacalarda diqqət dilin leksik-semantik, yanıltmaclarda isə fonetik zənginliklərinin dərk edilməsinə, mənimsənilməsinə verilir.
Azərbaycan nağıllarında və dastanlarında nitqin rəngarəngliyini təmin edən, dinləyənləri gah real, gah da irreal əhvalatların sehrinə salan; gah düşündürən, gah da müxtəlif xarakterli zarafatlarla əyləndirən; gah keçmiş günlərdən danışan, gah da bu günə gətirən canlı, obrazlı elə bir dil var ki, burada adi söhbət texnologiyaları çox zaman kiçik ştrixlərlə böyük sənət hadisəsinə çevrilir...
Və ümumiyyətlə, Azərbaycan şifahi söz sənəti Azərbaycan dilinin tarixinin qədimliyini göstərməklə yanaşı, müxtəlif dövrlərdəki törədicilik imkanlarının genişliyini də nümayiş etdirir.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin