MÖVZU 4
NATİQLİK SƏNƏTİNİN TARİXİ
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yüksəlməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq, onları öz arxasınca aparmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx və b. kimi görkəmli natiqlik yetirmişdir. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və kamil bir şəkildə inkişaf edir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Tisiy, İsokrat, Andokid, Hiperid, Esxin, Dinarx, Likurq, Demosfen, Qorki, Koraks, Aristotel və b. həmin dövrün görkəmli şəxsiyyətləri, alimləri, ən başlıcası isə natiqləri olmuşlar. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir. Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel1 335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları. Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı. Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen 1 antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Onun natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır:
1) materialın toplanması.
2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi.
3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi.
4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və s. ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük ehtiras və inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər. Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün doğmatik deyil, günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni Mark (b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi1 . Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, onun konkret məsələləri, bu sənətin fəlsəfəyə münasibəti və s. kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri, mülahizələri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12 kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”. Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. Diktatura, imperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir. Natiqlik sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada, eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam etmişdir. Rusiyada natiqlik sənətinin inkişafı böyük alim, eyni zamanda mahir söz ustası M.V.Lomonosovun adı, fəaliyyəti ilə bağlıdır. O, 1748-ci ildə «Краткое руководство краткоречи» adlı kitab çap etdirmişdir. Bu əsər “Ritorika”nın əsasında yazılmışdır. Həmin əsərdə müdriklik və hazırcavablıq natiqlik sənəti üçün başlıca məziyyət kimi qiymətləndirilir. Bu keyfiyyətlərin yaradılmasında natiqin təbii istedadı, təcrübəsi, dünyagörüşü, elmi-nəzəri hazırlığı, mütaliəsi vacib şərt kimi irəli sürülür. M.V.Lomonosova görə, natiq dinləyicinin hissiyyatına təsir etməlidir. Bunun üçün o, natiqliyin təsirgöstərmə vasitələrindən istifadə etməyi bacarmalıdır. Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşayıb-yaratmış yazıçıların, şairlərin, filosofların, siyasətçilərin, din xadimlərinin, dilçi alimlərin və başqalarının da fəaliyyəti böyük olmuşdur. Ölkənin böyük şəhərlərində fəaliyyət göstərən məhkəmələrdə səslənən nitqlər də rus natiqlik sənətinin bu dövrdə formalaşmasına müsbət təsir göstərmişdir. XIX əsrin 60-cı illərində Rusiyada məhkəmə islahatı keçirilir. Bu islahata əsasən, məhkəmə prosesində iclasçıların iştirakı təmin olunur. Məhkəmə prosesi, bir növ, demokratikləşdirilir. Oradakı canlı danışıq, obrazlı söylənilən nitq dövrün məşhur adamlarının diqqətini cəlb edir. M.E.Saltıkov-Şedrin, F.M.Dostoyevski, A.P.Çexov və b. tez-tez məhkəmə salonlarına gedər, oradakı çıxışları dinləyərdilər. Natiqlik sənətinə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq yaranmış, ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir. Filosof, siyasətçi, qanunşünas, böyük islahatçı, cəsur sərkərdə, islam dininin banisi Məhəmməd Peyğəmbər (ə.s.) ədəb, əxlaq, iffət, vicdan, təvazökarlıq, təmizlik, namuslu olmaq və s. insani keyfiyyətlər sırasında natiqlik məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir ki, natiqliyin bəlağəti bəzən cadu və sehr təsiri bağışlayır. İnsanın gözəlliyindən biri də onun aydın və gözəl danışmasıdır. İslamın ikinci böyük şəxsiyyəti olan Həzrət Əlinin zəngin irsində təlimtərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir: əqli çox olan adamın sözü az olar; hər bir adam öz dilinin altında gizlənir; danıĢanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç sonra kəs; düĢün, daĢın, sonra danıĢ; anla, bil, sonra et və s. Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və filosofları - Firdövsi (934-1024), Əbu Reyhan Biruni (973-1048), Mahmud Kaşqarlı (1029- 1126), Sədi Şirazi (1184-1291) və b. öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı olduğunu həkimanə sözlərlə, ifadələrlə oxucularına çatdırmışlar. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir: Nədir dil ağızda, ey ağlı olan? Hünər xəzinəsinə açardır – inan! Tələsik söyləmə sözünü bir dəm, Fikrini kamil de, gec olsa nə qəm... Əvvəl bir düşün, sonra dilə gəl, Divar tez yıxılar, olmasa təməl! Əbu Əli ibn Sina ritorika elmi, onun qanunauyğunluqları, söz sənəti, gözəl danışmağın insan cəmiyyətindəki rolu və s. ilə bağlı dəyərli fikirlər söyləmişdir. Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Bu sənət xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təzkirə, bədii əsərlərində yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə bağlı dəyərli fikirlər söylənilmişdir. Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək dəyərləndirmişlər. Babalarımız bəşər tarixini obyektiv təhlil edərək belə bir nəticəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz tariximizlə ölçür, qiymətləndiririk. Məsələn: Nizaminin dövrü, Füzulinin dövrü və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Söz müqəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, ümid qırır. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara. Söz var gələr keçər, söz var dələr keçər. Antik dövrün böyük mütəfəkkiri, qüdrətli loğmanı Hippokrat demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz. Min il bundan əvvəl böyük Firdovsi yazırdı: “Sözün qədrini bilin, həyatda ancaq söz yadigar qalır”. Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millətin mədəniyyət göstəricilərindən biri sayırdı. N.Tusi göstərirdi ki, gözəl nitq üçün birinci növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edənlərin hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və Təbiət Allahın buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti dərk etməkdən ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir alim fəzilət sayır. Bu fəzilətin insanda nitfədən (insan yarandığı gündən) malik olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur, çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha qovuşmuş olur. Məhz bu mənada insan dünyasında, o cümlədən, Tusi nəzəriyyəsində natiqlik müqəddəs sənət, söz söyləmək, danışmaq möcüzəvi qabiliyyət sayılır (49). Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə yüksək qiymət verənlər çox olmuşdur. Ədəbi-tarixi mənbələrə görə, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Marağalı Ədhəvi və b. böyük natiqlər olmuşlar. Onların yazdıqları bədii əsərlərdə natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında janrın verdiyi imkan ölçüsündə elmi-nəzəri fikir və mülahizələr söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir. Nizami sözün insan həyatında ecazkar qüvvəyə malik olduğunu, dünyanın gözünün ilk dəfə sözlə açılması ideyasını, fikirlərini qüdrətli poetik bir dillə tərənnüm etmişdir. “Sirlər xəzinəsi” əsərində şair sözlə bağlı “Sözün qüdrəti” adlı ayrıca fəsil vermiş, sözün şəninə ən ləyaqətli sözlər işlətmişdir: Sözü qızıl yatağı altunla tutdu qoşa, Dedi söz sərrafına: “De hansı gəlir xoşuna? İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır?” Söz sərrafı söylədi: “Söz dünyanın naxışıdır...!” Söz qasidi bələdsiz başa vurar yolları, Söz hünər meydanında yenər mərd oğulları... Söz hər yerdə hakimdir. Hamıdan başda olur. Dünyanın sərvətidir, inci qaş-daş da odur. Nizamiyə görə, dünyada ən çətin işləri “hikmət adamları”, söz ustaları, natiqlər yerinə yetirə bilirlər. Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa, nəyə gərək düşüncə. Nizami “İsgəndərnamə”də Qədim Yunanıstanın natiq dövlət başçılarının obrazını İsgəndərin şəxsində ümumiləşdirmiş, natiqliyin cəmiyyətin ictimai-siyasi həyatında oynadığı rolu aşağıdakı misralarda ifadə etmişdir: Ona rast gələndə bir qatı düşmən, Vuruşda işləri bərkə düşərkən, Əvvəlcə, qızılı işə salardı, Qızıl tək işləri həll olardı. Qızıl iş görməsə, iş olsa mahal, Qılınca atardı əlini dərhal. Bir iş görməsəydi onlar da əgər, Köməyə gələrdi onda natiqlər. Nizami “İsgəndərnamə” epopeyasında natiq surətini yaratmış, onu mütəfəkkir, uzaqgörən, dərin hikmət sahibi kimi səciyyələndirmişdir. Azərbaycanın böyük şairi “Məndə sığar iki cahan, mən bu cahana sığmaram” deyən İmadəddin Nəsimi sözün zirvəsində dayanırdı. Onun söz sənəti, natiqlik sənəti, sözün qüdrəti ilə bağlı olduqca dəyərli fikirləri vardır. Hürufilik təriqəti ideyalarını yayanlardan biri olan Nəsiminin özü məharətli bir natiq olmuşdur. Hürufilik təriqəti ideyasını təbliğ etmək məqsədilə xalq qarşısında etdiyi çıxışlarında insanlardan, onların azadlıq və sərbəstliklərindən ehtirasla danışır, zülmü, əsarəti, ədalətsizliyi tənqid və ifşa edərdi. Böyük Füzuli sözə, nitqə yüksək qiymət və əhəmiyyət vermişdi. O yazır: “Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz? Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol yuxudan bidar söz...” Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, ruhdur. Söz canlı varlıq kimi yaşayır, daim fəaliyyət göstərir. Söz olmadan real varlıq, cisim mövcud deyil. Bu fikir şairin aşağıdakı beytində poetikləşdirilir: Can sözdür, əgər bilirsə insan Sözdür ki deyirlər, özgədir can. Söz vardır kəsdirər başı, Söz vardır kəsər savaşı. Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir söz. Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O, belə bir qənaətə gəlirdi ki, dil “səni-sən, məni-mən, səni-biz, bizi-hamımız” kimi formalaşdırmaqla millət, xalq anlayışını tamamlayır. O, elmlik, aydın diksiya və musiqiliyi nitq üçün vacib şərtlərdən sayırdı. Nəfəsi əhli-dilin cövhəri-candır bilənə, Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə - deyən Xətai ana dilini xalq ruhunu ifadə edən başlıca vasitə saymış, yazının, oxunun, dövlət və siyasət işlərinin ana dilində aparılması ideyasının praktik həllinə nail olmuşdur. Sahib Təbrizinin aşağıdakı iki misrası ta qədimdən nitqə, onun gözəlliyinə əhəmiyyət və qiymət verildiyini göstərir: “Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq ilə suvanmış divar surətinə bənzəyir”. Orta əsrlərdə yaşayıb-yaradan şairlər, söz ustaları, natiqlərin söz (suxən) və onun qüdrəti, tutarlı və orijinal fikir söyləmək bacarığı, natiqlik məharəti, nitqin kamilliyi, təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi, söz ustası (süxənvər), danışığına fikir verən, danışa bilən (süxəndan) və s. barədə fikir və mülahizələr söyləmişlər. XVII-XVIII əsrlərdə aşıq poeziyasında da sözün tələffüzünə, yatımlı deyilişinə çox fikir verilmiş, “İmran dili” dedikdə gözəl danışıq nəzərdə tutulmuşdur. XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundov, A.A.Bakıxanov, Q.Zakir kimi praktik natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. M.F.Axundov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, dilimizin orfoqrafiya və orfoepiya normaları və s. haqda elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Onun “Kritika” və “Tənqid risaləsi” adlı məqalələrində dilin təkmilləşdirilməsi məqsədilə söylədiyi fikirlər (nitq prosesində eyni söz və ifadələrin təkrarına yol verməmək, qəliz sözləri, ifadələri, yerinə düşməyən təşbeh və mübaliğələri işlətməmək, yazılı və şifahi nitqin fərqli xüsusiyyətlərini nəzərə almaq, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları, səhnə nitqi və s.) bu gün də öz əhəmiyyətini itirməmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən qabaqcıl, mütərəqqi ziyalılar, maarifçilər, müəllimlər dilimizin saflığı, yad təsirlərdən qorunması, bu dildə danışmağın zəruriliyi, təlimin Azərbaycan dilində aparılmasının vacibliyi və s. məsələlərlə bağlı çox faydalı fikirlər söyləmişlər. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Aleksey Çernyayevski, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq Talıbzadə, Məmmədtağı Sidqi, Seyid Ünsüzadə, Firudin bəy Köçərli, Fərhad Ağazadə, Bəkir Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları məqalələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədəniyyətimizə xeyli kömək etmişlər. Onlar – Azərbaycanın qabaqcıl maarifçi və demokratik ziyalıları, görkəmli müəllimləri, ana dilində məktəb açmaq, bu məktəblər üçün dərsliklər tərtib etmək, ana dilinin tədrisi metodikasını yaratmaq, əlifba, orfoqrafiya və bu kimi bir sıra mühüm məsələləri həll etmək barədə uzun illər boyu bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq yorulmadan mübarizə aparmış, öz əsərlərində dilimizin praktik məsələlərindən, onun orfoepiyası, orfoqrafiyası, lüğət tərkibi, üslubiyyatından da bəhs etmiş, məktəblilərin yüksək nitq mədəniyyətinə yiyələnməsinin vacibliyini dönə-dönə vurğulamışlar. Məsələn, Hafiz Məmmədəmin Şeyxzadə adlı müəllimin 1908-ci ildə çapdan çıxan “Fəsahət və bəlağət, fənni inşa və üsuli-kitabət” əsərinin ikinci fəsli fəsahət və bəlağət məsələlərinə həsr olunmuşdur (1, 185). Orada göstərilir ki, bəlağət bir məramın həsən (gözəl, göyçək) surətdə ədası, düzgün və sənətli ifadə olunması, fəsahət isə bir dilin düz və xətasız, asanlıqla söylənilib yazılması deməkdir. Kitabın həmin fəslində həmçinin “Elmi-məani” deyilən fənlərdən bəhs edilir, təşbeh, məcaz, kinayə və istiarə kimi məsələlər şərh olunur. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaradan şair, rəssam, musiqişünas, xəttat, naqqaş, maarifçi, pedaqoq kimi tanınan M.M.Nəvvabın söz, sözün qüdrəti, danışıq mədəniyyəti haqda bir çox fikirləri, nəsihətləri olmuşdur ki, bunlar bugünkü dəyərlər baxımından qiymətlidir, əhəmiyyətlidir. Onun “Nəsihətnamə”sindən (beş yüz nəsihət) danışıqla, mədəni nitqlə bağlı verilmiş bir neçə nəsihəti nümunə göstərək: bacardıqca qısa və mənalı danış, əks halda danışmasan yaxşıdır; sözü deyən vaxt fikrini düzgün ifadə et, bişirilməmiş söz danışma; danışarkən tez özündən çıxmaq axmaqlığın nişanəsidir; sözü çox uzadıb təkrar etmə ki, avamlığa dəlalət edər; səndən bir söz soruşmasalar demə; o adam ki, sənin nəsihətini eşitmir, nəsihət etmə; məclisdə öz qədərindən artıq danışma, yoldaşlara da fürsət ver; məclis əhli xahiş etsə, danışa bilərsən və s. XX əsr özünün natiqlərini yaratmışdır. Bu dövrün natiqləri bir çox cəhətdən yeni və orijinal sənət-peşə adamları olmuşlar. Belələrinə Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəriman Nərimanov, Bəkir Çobanzadə, Əli Nazim, Həmid bəy Şaxtaxtinski, Səməd Vurğun, Mikayıl Rəfili, Cəfər Xəndan, Əli Sultanlı, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk kimiləri nümunə ola bilər. Bu natiqlər ana dilində səlis, aydın, təmiz, eyni zamanda yığcam və təsirli danışmaq bacarığına sahib idilər. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanənin görkəmli natiqlərindən olmuşdur. “Yüksək kübarlıq, ziyalılıq etalonu olan Heydər Əliyev həm də bənzərsiz natiq idi. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, böyük mütəfəkkir və alim idi. Ulu öndərimiz Azərbaycan dili ilə bağlı söhbətlərində nitq mədəniyyəti məsələlərinə xüsusi diqqət yetirirdi. Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü A.Axundov H.Əliyev haqqında xatirələrini danışarkən deyir ki, bir dəfə ulu öndərimiz məni və institutun bir neçə əməkdaşını yanına çağırtdırmışdı. O, söhbətə başlamazdan əvvəl üzünü mənə tərəf tutaraq soruşdu: “Nə işlə məşğul olursunuz?” Mən Azərbaycan dilinin ayrı-ayrı sahələri üzrə tədqiqatların aparılması, kitabların yazılması, müxtəlif məzmunda lüğətlərin tərtib olunması və s. məsələlər barədə məlumat verdim. Cavabımdan razı qaldı və dedi: “Bunlar öz yerində, bəs nitq mədəniyyəti ilə bağlı nələr etmişsiniz? Siz bu sahəyə daha çox fikir verməlisiniz ki, xalq öz dilində sərbəst danışa bilsin”. H.Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O, xalqla onun öz dilində danışırdı. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Ulu öndərin nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpardı. H.Əliyev bir natiq kimi zəngin söz ehtiyatına malik idi. Danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. O, nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən, yerində işlədilən ifadəlilik vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. onun nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O bu dilə mükəmməl yiyələnmişdi. Bu dildə, demək olar ki, hamıdan yaxşı danışırdı. Heydər Əliyevin nitqində bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, dinləyiciləri qaneedəcək şərhlər verərdi. İti yaddaş və güclü hafizəyə malik olan H.Əliyevə dinləyicilər böyük maraqla qulaq asar, onu bütövlükdə anlayar və qəbul edərdilər. H.Əliyev yüksək nitq mədəniyyətinə sahib idi. O öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası və s. ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə aşılayardı. H.Əliyev görkəmli natiq, söz ustası kimi də tarixdə qaldı. Onun nitqləri, çıxışları, söhbətləri, natiqlik məharəti mütəxəssislər tərəfindən öyrənilmiş, bu barədə əsərlər də yazılmışdır. Lakin bu sahədə geniş axtarışlara yenə də ehtiyac vardır. Keçən əsrin 60-80-ci illərində nitq mədəniyyəti məsələlərinin həm nəzəri, həm də praktik şəkildə öyrənilməsi, təbliği sahəsində bir çox səmərəli işlər görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 1962-ci ildən dil mədəniyyəti şöbəsi fəaliyyət göstərmişdir. Şöbə nitq mədəniyyəti ilə bağlı tədqiqatlar aparmaqla yanaşı, mətbuatda, radio, televiziya verilişlərində, ədəbi və elmi əsərlərdə, dərsliklərdə, reklamlarda nəzərə çarpan dil və üslub nöqsanlarının aradan qaldırılması üçün əməli təkliflər vermişdir. Həmin dövrdə mətbuat səhifələrində “Nitq mədəniyyəti”, “Ana dilimizin saflığı uğrunda”, “Dilimiz qeyrətimiz” və s. kimi daimi rublikalar altında yazılar dərc edilir ki, onlar dilimizə qayğı, hörmət, diqqətin göstərilməsi, onun bir ünsiyyət vasitəsi kimi qorulub saxlanılması baxımından zamanına görə olduqca əhəmiyyətli idi. 1969-cu ildə Ə.Dəmirçizadə və 1970-ci ildə M.Şirəliyevin ayrı-ayrılıqda “Azərbaycan dili orfoepiyasının əsasları” adlı kitabları çap olunmuşdur. A.Abdullayevin nəşr etdirdiyi əsərlər (“Müəllimin nitq mədəniyyəti haqqında”, Maarif, 1966; “Nitq mədəniyyəti və natiqlik məharəti haqqında”. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968) nitq mədəniyyəti məsələlərinin tədqiqi və təbliğində xüsusi rol oynamışdır. Ə.Əfəndizadənin tərtib etdiyi “Orfoqrafiya – orfoepiya – qrammatika lüğəti”ndən (1983) yazı, tələffüz və qrammatika təlimində uzun illərdir ki, faydalı bir vəsait kimi istifadə edilir. “Nitq mədəniyyəti məsələləri” adlı başqa bir məcmuədə (1985) nitq mədəniyyətinin ayrı-ayrı sahələri üzrə çalışan alimlərin, görkəmli tədqiqatçıların məqalələri verilmişdir. Bu sətirlərin müəllifi N.Abdullayevin Z.Məmmədovla birgə nəşri alınan “Nitq mədəniyyəti” (1998), “Müəllimin nitq mədəniyyəti” (2003), “Orfoqrafiya və orfoepiya lüğəti” (2003), “Nitq mədəniyyətinin əsasları” (2005), N.Abdullayevin “Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti” (2013) kimi kitablar nitq mədəniyyəti fənninin tədrisində yararlı bir vəsait kimi istifadə olunmuş və olunmaqdadır. Son illər H.Həsənovun ali məktəblər üçün yazdığı “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” adlı dərslik də bu sahədə atılan ilk addımlar kimi əhəmiyyətlidir, dəyərlidir. Bu əsərdə nitq mədəniyyəti, onun predmeti, nitq mədəniyyəti və üslubiyyat, nitq mədəniyyəti və norma, şifahi və yazılı nitqin predmeti, dilimizin fonetik, leksik, morfoloji, sintaktik üslubi imkanları, Azərbaycan dilinin funksional üslubları və s. məsələlərdən bəhs edilmişdir.. Natiqlik sənəti, nitq mədəniyyəti məsələləri ilə bağlı araşdırmalar aparan tədqiqatçılardan biri də K.Əliyev olmuşdur. O, özünün “Üslub və üslublar sistemi” (1985), “Antik dövrün natiqlik məktəbləri” (1985), “Azərbaycan dilinin praktik üslubiyyatı” (1992), “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” adlı 28 əsərlərində, dərsliklərində dünyada, eləcə də Azərbaycanda natiqlik sənəti və məktəbləri, ədəbi dilin normalar, üslublar sistemi haqda, oxucu kütləsini maraqlandıran digər məsələlər barədə ətraflı məlumat vermişdir. Nitq mədəniyyətinin təbliği və inkişafında bədii ədəbiyyatın, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya və s.) rolu mühümdür. Ulu öndərimiz H.Əliyev hələ 1981-ci ildə Azərbaycan yazıçılarının 7-ci qurultayındakı nitqində xalqın sərvəti olan dilin təkmilləşdirilməsi və zənginləşdirilməsində, onun lüzumsuz dialekt sözlərindən, jarqon ünsürlərindən təmizlənməsində nitq mədəniyyətinin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir... Yazıçı nitq mədəniyyətinin, ədəbi dil normalarının qanunvericisi olmalıdır” (“Kommunist” qəzeti, 1981, 14 iyun). Ayrı-ayrı illərdə radio və televiziya verilişləri dilimizin öyrənilməsində, təbliğində xeyli iş görmüşdür. Bu verilişlərdə ədəbi dilimizin bir sıra aktual məsələləri – dilimizin tarixi, üslubiyyatı, leksikologiyası, lüğətçiliyi, etimologiyası, terminologiyası və s.) şərh olunmuş, Azərbaycan dilinin ictimai ünsiyyət baxımından yararlılığı və bu dildə danışmağın vacibliyi xüsusilə vurğulanmışdır. Məsələn, 1981-1989-cu illərdə dilimizin formal şəkildə dövlət dili olduğu bir dövrdə respublika televiziyası ilə “Azərbaycan dili”, “Dil xalqın mənəvi sərvətidir” adlı xeyli sayda veriliş səsləndirilmişdir. Onların efirə hazırlanması və verilişlərin aparılmasında filologiya elmlər doktoru, professor İ.Məmmədovun əməyi böyük olmuşdur. Onun “Ədəbi tələffüz qaydalarını gözləyək”, “Azərbaycan dilinin orfoepiya normaları haqqında”, “Dil də dəniz kimi təmizlik sevir”, “Ekran, efir və dilimiz” və s. kimi əsərlərində nitq mədəniyyəti məsələlərindən bəhs olunmuş, bu sahə ilə bağlı maraqlı və aktual fikirlər söylənilmiş, ixtisasından, mövqeyindən asılı olmayaraq hər bir kəsin bu keyfiyyətə yiyələnməsi vacib və zəruri sayılmışdır. Keçən əsrin 80-90-cı illərində nitq mədəniyyətinin tətbiqi və təbliği ilə bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, prof.A.Qurbanovun təşəbbüsü və rəhbərliyi ilə 29 V.İ.Lenin adına APİ-də (indiki ADPU-da) keçirilən elmi konfranslarda respublikanın və keçmiş ittifaqın görkəmli alimlərinin nitq mədəniyyəti ilə bağlı məruzələri dinlənilib müzakirə edilmiş, həmin yığıncaqların materialları çap olunaraq oxuculara çatdırılmışdır. Lakin çox təəssüf ki, sonrakı illərdə bu sahəyə diqqət bir qədər azalmış, bəzi istisnalar nəzərə alınmazsa, nitq mədəniyyətinin öyrənilməsi və yayılması ilə bağlı nəzərə çarpacaq elə bir əsər, vəsait yazılmamış, əməli tədbir həyata keçirilməmişdir. İstisna dedikdə Respublika prezidenti H.Əliyevin dili ilə bağlı yazılmış əsərlər, monoqrafiyalar nəzərdə tutulur. Həmin əsərlərdə H.Əliyevin nitqi haqqında fikirlər söylənilir, onun məruzələri, çıxışları, söhbətləri nitq mədəniyyəti, natiqlik məharəti baxımından təhlil edilir, ulu öndərin dil fenomeninin bu sahəsi geniş və ətraflı şərh olunur. “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” adlı əsərdə Heydər Əliyevin natiqlik məharəti, nitq mədəniyyətinin təhlilinə həsr olunan ayrıca fəslində Ulu öndərin dili mədəni nitqə verilən tələblər baxımından təhlil olunur, onun ifadəliliyi, üslubu, quruluş və s. xüsusiyyətləri maraqlı faktlar üzərində, oxucunu qaneedəcək bir tərzdə izah edilir, aydınlaşdırılır. Son illərdə nitq mədəniyyəti ayrıca fənn kimi bir sıra ali məktəblərin bakalavr pilləsi üzrə tədris planına salınmış, bu sahədə proqramlar tərtib olunmuş, dərslik və dərs vəsaitləri yazılmışdır. B.Muradov və H.Bayramovun “Nitq mədəniyyəti” (Bakı, 2008) və S.Hüseynovun “Nitq mədəniyyəti” (Bakı, 2011) adlı dərslikləri buna nümunədir. Hər iki dərslik nitq mədəniyyəti məsələlərinin həm nəzəri, həm də praktik yönümdə öyrənilməsi baxımından yararlıdır. Nitq mədəniyyətindən, dilimizin qorunması məsələsindən söhbət düşəndə, adətən kütləvi informasiya vasitələrinin – radio, televiziya verilişləri, qəzet və jurnalların və s. dili önə çəkilir ki, bunu da təbii saymaq olar, ona görə ki, bu vasitələr ədəbi dilimizin təbliğatçıları, yayıcıları, tənzimediciləri, qoruyucularıdır. Bu informasiya vasitələrinin ümdə vəzifələrindən biri eşidənlərə, oxuyanlara etalon səviyyəli nitq nümunəsi verməkdir ki, dinləyənlər, oxuyanlar onun məziyyətlərini əxz edib mənimsəyə, nitqlərini həmin ifadə tərzinə uyğun qura bilsinlər. Radio və televiziya, eləcə də digər informasiya vasitələrində səslənən 30 nitq (şübhəsiz, burada daha çox diktor, aparıcı, ziyalıların nitqi nəzərdə tutulur) məzmunca dolğun, tələffüzcə düzgün olmalı, oradakı fikir uyğun səs tərtibatı – intonasiya çalarları, aydın diksiya ilə verilməli, cümlələr düzgün qurulmalı, fikirlər arasında məntiqi rabitə gözlənilməlidir. Ədalət naminə deyək ki, Milli Televiziya və Radio Şurası son illərdə kütləvi informasiya vasitələrinin dili ilə bağlı bir sıra işlər görmüş, tədbirlər həyata keçirmişdir ki, bunların mətbuat dilinin inkişafına, formalaşmasına müəyyən qədər müsbət təsiri olmuşdur. Bu illərdə informasiya vasitələrinin dili ilə bağlı müəyyən əsərlər, məqalələr yazılmışdır. “Radio, televiziya və ədəbi dil” adlı sanballı bir əsərdə ekran-efir vasitələrinin linqvistik məsələlərindən bəhs olunmuş, buradakı dil amilinin ayrıca mövzu kimi öyrənilməsi, tədqiq olunması zəruri sayılmışdır1 . “Ana dili: Azərbaycan dili efirdə” adlı digər bir kitab Azərbaycan radiosunda dilimizin ünsiyyət vasitəsi kimi işlənməsi problemlərinə həsr olunmuşdur. Orada əlli veriliş mətni toplanmış, onların hər biri ayrılıqda təhlil edilmişdir. Vəsaitdə dilimizin tədrisində və təbliğində ortaya çıxan problemlər, habelə dil və mədəniyyət, dil və cəmiyyət kimi məsələlərə də aydınlıq gətirilmişdir2 . Nitq mədəniyyəti təkcə nəzəri fənn deyildir, bu, dil siyasətidir, dil normalarının təbliğidir. Bu işdə linqvistlərlə birlikdə müəllimlər, yazıçılar, digər sahələrdə çalışan ziyalılar əhəmiyyətli rol oynamalıdırlar. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram haqqında” 2012-ci il mayın 23-də imzaladığı sərəncamında dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək baxımından son dərəcə mühüm bir sənəddir. Sərəncamda qeyd olunur: “Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüar və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”. Sərəncam nitq mədəniyyəti məsələlərinə də diqqətin artırılması, bu sahədə aparılacaq işin məzmunca genişlənməsi, keyfiyyətcə yaxşılaşması üçün yetərincə əhəmiyyətli, faydalıdır. Yekun olaraq deyə bilərik ki, nitq mədəniyyəti probleminin tədqiqi və təbliği sahəsində xeyli işlər görülmüş, səmərəli nəticələr əldə edilmişdir. Lakin görüləsi işlər daha böyükdür. Ədəbi dil normalarının – (fonetik, leksik, orfoqrafik, orfoepik, üslub normalarının) dəqiqləşdirilməsinə, dürüstləşdirilməsinə, bu əsasda zəruri dəyişikliklərin aparılmasına ehtiyac vardır. Nitq mədəniyyətinin mərkəzi mövzusu olan üslubi normaların elmi cəhətdən əsaslı və ətraflı, ədəbi dildə gedən son inkişaf meyillərinə uyğun tədqiq olunması lazımdır, vacibdir. Nitq mədəniyyətinə dair dərslik, dərs vəsaitləri, lüğətlər, sorğu kitabları və s. bu sahədə aparılan son tədqiqatlar əsasında yenidən işlənib nəşr edilməli, mədəni nitq məsələlərinin tədqiqi, təbliği məqsədilə vaxtaşırı elmi konfranslar, söhbətlər, müzakirələr keçirilməli, radio və televiziya verilişlərinin bu sahə ilə bağlı imkanlarından səmərəli istifadə olunmalıdır.
Azərbaycanda natiqlik sənəti: təşəkkülü və təkamülü. Azərbaycanda natiqlik sənətinin tarixi kökləri daha qədimdir. Bu tarixi araşdırmaqüçün nitqin formalarının tədqiqinə ayrıca nəzər salmaq daha məqsədəuyğundur.
Dostları ilə paylaş: |