2.
Yeni dövr (XVIII-XXI əsrlər)
Hər dövr də müəyyən mərhələlərə bölünür. Əski dövrün mərhələləri aşağıdakı
kimidir:
•
ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər);
•
klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).
XIII-XIV əsrlər adından da göründüyü kimi, yazılı ədəbi dilin formalaşdığı, təşkil
olunma prosesini tamamladığı dövrdür. Bu dövr, eyni zamanda Azərbaycan
türkcəsinin daha geniş arealda istifadəsi ilə xarakterikdir. Yazılı ədəbi dilimizin
əlimizdə olan ilk nümunələri – İzzəddin Həsənoğlu qəzəllərinin dilindəki sistemli
dil strukturu, ifadə tərzinin bütövlüyü XIII əsrdə artıq formalaşmış Azərbaycan
ədəbi dilinin mövcud olduğunu deməyə tam əsas verir. Hətta Həsənoğlunun
əsərlərində sonrakı əsrlərdə görəcəyimiz ərəb-fars sözlərinin üstünlüyü də yoxdur:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə qülqül.
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Nümunədən də göründüyü kimi, alınma və milli sözlərimizin paralelliyi ilə yanaşı,
sintaktik vahidlərdə də yanaşı işlənmə mövcuddur.
Ədəbi dilimizin təşəkkülü üçün ən mühüm mərhələ, təbii ki, Nəsiminin dilidir.
Nəsimi yaradıcılığı bir növ təşəkkül prosesinin yekunudur. İ.Nəsimi şəxsiyyət və
yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin fəlsəfi və elmi cəhətdən ifadə imkanlarını
müəyyənləşdirdi, qrammatik quruluş, alınma və milli sözlərin paralelliyi, dilin üslub
differensiallığı cilalandı, normativ səviyyə qazandı. Prof. T.Hacıyevin də dediyi
kimi, Nəsimi şəxsiyətinin kamilliyi XIII-XIV əsr Azərbaycan ədəbi dilini də
kamillik həddinə çatdırdı. Nəsiminin qəzəllərində bəzən çox sadə, xalq dilinə yaxın,
bəzən isə əksinə mürəkkəb ifadə və tərkiblərlə zəngin nümunələrə rast gəlmək
mümkündür. Şair lirik qəzəllərində daha sadə və aydın ifadə tərzi, fəlsəfi məzmunlu
əsərlərində isə mürəkkəb, qəliz dildən istifadə edir:
Gəl ey dilbər ki, qan oldu könül eşqin bəlasından,
Kərəm qıl, vəsl ilə qurtar məni hicran cəfasından.
Təallah nə dilbərsən bu hüsn ilə, bu lütf ilə
Ki, dildarın necə görsəm gözüm doymaz liqasından.
***
Ərşilə fər şu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Əski dövrün ikinci mərhələsi klassik şeir dili adlanmaqla XV-XVII əsrləri əhatə
edir. İ.Nəsimi ilə ənənəsi qoyulan kamil klassik poeziya bu mərhələdə özünün ən
yüksək inkişaf səviyyəsinə çatır. Şah İsmayıl Xətai və Məhəmməd Füzuli
yaradıcılığı bunun ən parlaq nümunəsidir.
Məlum olduğu kimi, Xətai həm xalq üslubunda, həm də klassik janrda əsərlər
yazmışdır. Şairin qoşma, gəraylı və bayatıları sadə dildə yazılmış, məcaz və
bənzətmələri xalq yaradıcılığı üslubundadır:
Eşq xərmənində sovruldum,
Həm ələndim, həm yoğruldum,
Qazana girdim, qovruldum,
Meydana yenməgə gəldim.
Ədəbi dilin aydınlıq və sadəlik kimi keyfiyyətləri Xətainin klassik üslubda yazdığı
əsərlərdə də qorunur:
Yarə yar olmaq dilərsən, qeyrü sən yar istəmə.
Cami dildən keçməmişsən, yeri, dildar istəmə.
Varü varlıq varmayınca şahə varmaz varımız,
Sən özüni şahə dapşur, dəxi gəl var istəmə.
Azərbaycan klassik şeirinin, eləcə də Azərbaycan ədəbi dili əski dövrünün zirvəsi,
şübhəsiz ki, Füzuli yaradıcılığı və Füzuli dilidir. Füzulinin dilində ərəb-fars mənşəli
sözlər üstünlük təşkil etsə də morfoloji quruluş oğuz türkcəsi ilə demək olar ki
uyğundur. Onun əsərlərində istifadə etdiyi təşbeh və bənzətmələrin gözəlliyinə
başqa heç bir müəllifdə rast gəlmək mümkün deyil.
Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən
Nola zənbur evinə bənzəsə beytül-həzənim.
Beləliklə, Azərbaycan ədəbi dilinin əski dövrünün əsas xarakterik xüsusiyyətlərini
belə ümumiləşdirmək olar:
1.Türk ədəbi dillərinin differensasiyası tam başa çatdığından Azərbaycan ədəbi dili
müstəqil inkişaf yoluna qədəm qoyur.
2. Azərbaycan ədəbi dilində klassik janr və xalq şeiri üslubunda əsərlər yazılır.
3. Azərbaycan ədəbi dilinin elmi və rəsmi üslublarının ilk ünsürləri yaranıb inkişaf
etməyə başlayır.
4. Azərbaycan türkcəsi və Osmanlı dili arasında mövcud paralellik tədricən aradan
qalxır.
5. Dövrün əvvəlində türk mənşəli sözlərlə ərəb-fars alınmalarının işlənməsindəki
balans alınma sözlərin üstünlük qazanması ilə pozulur.
6. Söz birləşmələrinin işlənməsində izafət tərkibləri üstünlük təşkil edir və s.
İkinci dövr Azərbaycan ədəbi dili isə üç mərhələni əhatə edir:
•
ədəbi dilin xalq dilinə yaxınlaşması (xəlqiləşməsi) mərhələsi (XVIII əsr);
•
milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli);
•
müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra).
Azərbaycan ədəbi dili inkişaf tarixinin XVIII əsr mərhələsi xüsusi önəm daşıyır.
Belə ki, müasir Azərbaycan mədəniyyətinin əsasını təşkil edən milli mədəniyyət
məhz bu dövrdə formalaşmağa başlamışdır və milli dilin də yaranması eyni prosesin
tərkib hissəsidir. XVIII əsrdə folklor üslubu əlamətdar dil-nitq ünsürlərini klassik
üslubdan mənimsəməklə aparıcı mövqe əldə edir. Bədii ədəbiyyatın dili xalqın dilinə
yaxınlaşır, sadə Azərbaycan türkcəsində gözəl sənət nümunələri yaranır. Bu
istiqamətin ən bariz nümunəsi, şübhəsiz ki, Molla Pənah Vaqif yaradıcılığıdır.
M.P.Vaqifin ədəbi dilimizin inkişafındakı ən mühüm xidmətlərindən biri folklor
üslubu ilə klassik şeir janrını sintez şəklində təqdim etməsidir. Hər iki janrda yazdığı
əsərlərin dil xüsusiyyətləri keyfiyyət baxımından vahid dil kimi çıxış edir.
Çoxdan bəri yarın fərağindəyəm
Nə olaydı bir buraya gələydi.
Çəkəydi könlümü künci-zülmətdən,
Döndərəydi üzün ayə, gələydi.
Görməyə-görməyə gülüzarımı,
Bülbül tək artırdım ahu zarımı.
Təbibim oluban bu azarımı
Yetirəydi bir dəvaya, gələydi.
XVIII əsr Azərbaycan ədəbi dilinin üslub mənzərəsini əsasən bədii, elmi və rəsmi
üslub müəyyən edir.
Azərbaycan ədəbi dili Yeni dövrünün ikinci mərhələsi XIX əsr və XX əsrin
əvvəllərini əhatə edir. Bu dövr Azərbaycan ədəbi dili və üslublar sisteminin
formalaşmasının yekunudur. XIX əsrdə nəzmlə yanaşı, nəsr əsərlərinin yazılma
intensivliyi artır, artıq Azərbaycan dilində dram əsərləri yaranmağa başlayır.
Elmi və rəsmi üslublar da XIX əsrdə yüksək sıçrayışla inkişaf edir. Elmin müxtəlif
sahələrini təmsil edən mətnlər qələmə alınır. Mirzə Adıgözəl bəyin
“Qarabağnamə”si, M,F,Axundovun fəlsəfi traktatları məhz bu dövrün məhsuludur.
Azərbaycan dilinə aid elmi əsər və dərsliklər XIX əsrdən etibarən yazılmağa
başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası"
əsəri məşhurdur.
XIX əsrin sonlarında “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan ədəbi dili publisistik
üslubunun təməli qoyulur.
XX əsrin əvvəllərində isə Azərbaycan ədəbi dili üçün ən mühüm məsələ milli
dilin yeni normalarının müəyyənləşməsi idi. Mürəkkəb inkişaf yolu keçən
Azərbaycan ədəbi dili yeni əsrin astanasında bir daha dilin norması, imla məsələləri,
orfoepik və orfoqrafik qaydalar kimi mühüm məsələlərin həll edilməsi problemi ilə
qarşı-qarşıya idi. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyl, üç istiqamət
özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.
1. Birinci meyl, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu
özünü
"Molla
Nəsrəddin"
jurnalının və bu jurnalın əməkdaşlarının
(C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil
ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.
2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə
söykənən ədəbi dil yaratmaq meyli. Bu "Füyuzat" və "Həyat" kimi bir çox jurnal və
qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və
b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı
türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.
3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq
meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A. Şaiq, C.
Cabbarlı, S. Hüseyn, A. Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil
sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.
Müasir Azərbaycan ədəbi dilinin sonrakı inkişafı isə məhz birinci istiqamət üzrə
davam etdi. Mayasını canlı xalq dili və dialektlərdən alaraq seçmə və əvəzetmə
əməliyyatı ilə tam mənada normativləşdi.
Mövzu 2.
Dostları ilə paylaş: |