Daxili nitq sürətlidir. Biz daha çevik düşünür, daxili nitq prosesində fikirlərimizi
daha sürətli formalaşdırırıq. Fikirlərimizi başqalarına çatdırarkən isə daha mürəkkəb
cümlələr qurduğumuz üçün nitqin sürəti təbii olaraq aşağı düşür.
Daxili nitq elliptik xarakterlidir. Daxili nitqdə
qurduğumuz cümlədə cümlə
üzvlərinin bir çoxu düşür və yaxud yerini dəyişir. Məsələn, “Bu gündən məzuniyyətə
çıxdım” cümləsi daxili nitqdə ya “Məzuniyyətə çıxdım”, ya da daha qısa
“Məzuniyyət!” formasında qurulur.
Daxili nitq eyni zamanda bütün norma və kriteriyalardan azad nitqdir. Burada nə
ədəbi dil normalarına, nə də etik normalara əməl etmək tələb edilmir. Lakin unutmaq
lazım deyil ki, insanın intellekti onun xarici nitqinin formalaşmasında mühüm rol
oynadığı kimi, daxili nitqi üçün də əsas meyarlardan biridir.
Xarici nitq səs siqnallarından, yazılı işarə və simvollardan istifadə edərək fikrin
maddiləşdirilməsi prosesidir. Xarici nitq ünsiyyətə xidmət etdiyi üçün əsas
xüsusiyyəti digər insanların qavrayışına münasib olmasıdır. Xarici nitq aydın və
anlaşıqlı, məntiqi cəhətdən düzgün qurulmalı,
ədəbi dilin fonetik, leksik və
qrammatik normaları
gözlənilməli, etik qaydalara əməl edilməlidir. Səslərdən,
yaxud yazı işarələrindən istifadə olunmasından asılı olaraq şifahi və yazılı formada
təzahür edən xarici nitq mədəni ünsiyyət nümunəsidir. Bu səbəbdən də mədəni nitqə
verilən bütün tələblərə cavab verməlidir.
Bəzən özümüzə aydın olan mətləbləri
digərlərinə anlatmaqda, bildiklərimizi
doğru-düzgün ifadə etməkdə çətinlik çəkirik. Bunlar
birbaşa xarici nitqimizin
inkişaf etməməsi ilə bağlıdır. Fikir və düşüncələrini dolğun, ətraflı,
sərbəst ifadə
etmək bacarığı insanın iş həyatında mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə “insanı
geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” deyilməyib. Ağlınızı isə yalnız
nitqinizlə (şifahi, yaxud yazılı) nümayiş etdirə bilərsiniz.