Akademik kommunikasiya
Mövzu 9.
Akademik kommunikasiya anlayışı
Kommunikasiyanın bir forması da akademik mühitdə aparılan informasiya
mübadiləsidir. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif
elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə
çatdırılmasını nəzərdə tutur.
“Akademik” termini yunan mənşəli olub antik yunanlıların mifik qəhrəmanı
Akademin (Ekadem, Gekadem) adı ilə bağlıdır. Rəvayətə görə, bu qəhrəman
Afinanın yaxınlığında yerləşən müqəddəs zeytun bağında yaşamış və dəfn
edilmişdir. Daha sonra, e.ə. IV əsrdə antik yunan filosofu Platon burada şagirdlərinə
dərs keçmiş, yaratdığı məktəbə də “Akademiya” adı vermişdir.
Akademik kommunikativ münasibətlərdən harada istifadə edirik? Təbii ki,
akademik mühitdə - ali və orta ixtisas məktəblərində , elmi-tədqiqat institutlarında,
müxtəlif səpkili elmi araşdırmalar aparan təşkilatlarda və s. Bəs bütün bu
müəssisələrdə aparılan informasiya mübadiləsi akademik kommunikasiya
nümunəsidirmi? Bu sualın birmənalı olaraq cavabı xeyrdir. Çünki hər bir müəssissə
ilk növbədə iş yeri, insanları bu və ya digər ümumi hədəflər ətrafında birləşdirən
təşkilatdır. Daha doğrusu, yuxarıda adlarını çəkdiyimiz bütün elm ocaqlarında
rəhbər işçilər, elmi işçilər, pedaqoji fəaliyyətlə məşğul olanlar (tədris
müəssisələrində), texniki işçilər və s. kimi qruplar fəaliyyət göstərir və onların
arasında reallaşan informasiya mübadiləsinin müəyyən hissəsi akademik yox,
işgüzar kommunikasiya formasıdır. Akademik kommunikasiya isə sırf koqnitiv
tiplidir, biliklərin, elmi məlumatların ötürülməsini təmin edir. Məhz bu baxımdan
“akademik kommunikasiya” ilə yanaşı, “elmi kommunikasiya” terminindən də
istifadə olunur.
Qloballaşma , elm və yeni texnologiyaların sürətli inkişafı, informasiya
çoxluğu, həyat dinamikamızın dəyişkənliyi bütün sahələrdə olduğu kimi, elm
aləmində də ünsiyyətin, qarşılıqlı anlaşmaların əhəmiyyətinin nə qədər zəruri və
mühüm olduğu gerçəkliyini ortaya qoyur. Müasir dövr tələb edir ki, hər bir vətəndaş
elm və texnikanın inkişafını izləyib ondan bəhrənməklə yanaşı, elmi-texniki
inkişafın yaratdığı problemləri də dərk edərək bunların həlli prosesində fəal iştirak
etsin, dövlət və cəmiyyətin ümumi irəliləmə strategiyasını anlasın. Bu gün dünyada
ən aparıcı elmi araşdırmalar hansı sahələri əhatə edir, bu araşdırmaların məqsədi
nədir? Yaxud yaşadığı dövlətdə nə kimi elmi araşdırma və təcrübələr aparılır? Bu
elmi-texniki nailiyyətlərin nə kimi fayda verdiyi və risklər daşıdığını bilmək
önəmlidir. Məhz bu baxımdan alimlər, siyasətçilər və cəmiyyət arasında daimi
qarşılıqlı əlaqəyə və sıx ünsiyətə ehtiyac var.
Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və
aşağıdakı terminlərlə ifadə olunur:
1.
Elmdə kommunikasiya (Science communication)
2.
Elmi kommunikasiya (Scientific communication)
Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında
tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication”
alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji
istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü
alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən
nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science
communication” termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi
kommunikasiya” kimi tərcümə edilməlidir.
Elmdə ünsiyyət təcrübəsi hələ antik dövrdən yaranmışdır. Pifaqor və onun
məktəbi, Platon və Akademiyası və s. Qədim zamanlarda alimlər bilik əldə etmək
üçün çoxlu səyahətlər edər, öyrənmək üçün dialoqlar qurar, uzun-uzun söhbət
aparardılar. Bu zamanlar ünsiyyətin şifahi formaları daha çox populyar idi.
İlk universitetlər isə orta əsrlərdə yaranmağa başlayır. Bir-birinin ardınca 1088-
ci ildə Bolonyada, 1109-da Kembricdə, 1160-da Parisdə, 1167-də Oksfordda ali
təhsil ocaqları açılır. Universitetlər təhsil verməklə yanaşı, tələbə, alim və
müəllimlərin bir araya gəldiyi, müxtəlif fikir mübadiləsi apardığı, mübahisələr etdiyi
bir məkana çevrilir ki, bu da öz növbəsində elmi yaradıcılığın davamlı və
məhsuldarlığının təminatçısı olur. Universitetlərdə mühazirələrlə yanaşı, elmi
diskussiyalarda iştirak etmək təhsilin mühüm və tələbolunan elementlərindən biri
hesab edilirdi.
Akademik sahədə kommunikasiyanı təmin edən elmi diskussiyalar İntibah
dövründə daha intensiv, məhsuldar xarakter alır. Bir çox məşhur alimlər bu
müzakirələrdə iştirak edir, fikir və düşüncələrini bölüşür, kəskin mübahisələr edir,
bir sözlə ünsiyyətdə olurdular. Daha çox şəxsi məktublar vasitəsilə həyata keçirilən
bu ünsiyyət XIV əsrdə kitab nəşrinin meydana çıxması ilə yeni keyfiyyətlər qazandı.
Artıq XVII əsrdə biliklərin bir araya toplanması və ötürülməsi sahəsində kitab əsas
vasitəyə çevrilir. Qeyd etdiyimiz kimi, uzun zaman ziyalılar arasında elmi
kommunikasiyanın əsas vasitələrindən biri məktubdan istifadə edilmişdir. Alimlər
məktublarında əldə etdikləri dəlil və arqumentləri, müəyyən faktları, xırda
detallarına qədər təsvir edir, mülahizələrini əsaslandırırdılar. İntellekt sahibləri artıq
anlayırdılar ki, yeni dünyada elm və texnologiya sahəsində müəyyən irəliləyiş əldə
etmək üçün birlikdə hərəkət etməli, problemlərin həllinə müxtəlif baxış
bucaqlarından baxmalı, bütün alternativ fikirləri dəyərləndirməlidirlər. Məhz bu
ehtiyacdan XVII əsrdən başlayaraq alimləri bir araya gətirən qeyri-rəsmi təşkilatlar
yaranmağa başladı. R.Boylun təşkil etdiyi “Görünməz kollec”, P.Beylin yaratdığı
“Məktublar respublikası”, və nəhayət “Alimlər respublikası” belə birliklərdən idi.
Bunların arasında “Alimlər respublikası” daha məşhur idi. Bekon, Paskal, Spinoza,
Luk, Dekart, Qaliley, Nyuton kimi alimlər bu birliyin üzvü idilər. Avropa
intellektuallarını birləşdirən “Alimlər respublikası”nın vətəndaşı olmaq üçün geniş
dünyagörüşünə sahib, müxalif fikirlərə qarşı tolerant, elmi mübahisə etikasına malik
olmaq kimi keyfiyyətlər tələb edilirdi.
XIX əsrdə ixtisaslaşmış elmi jurnalların nəşri akademik kommunikasiyada yeni
mərhələnin əsasını qoydu. Şəxsi məktubların yerini alan elmi jurnallar mötəbər bilik
mənbəyinə çevrildi. Qısa zamanda daha çox insana informasiya ötürən bu nəşrlər
akademik kommunikasiyanın keyfiyyətini yüksəltməklə yanaşı, alimləri öz
ətrafında sıx birləşdirməyə də nail oldu.
Müasir günümüzdə də alimlər arasında dialoq və ünsiyyət akademik
kommunikasiyanın ayrılmaz tərkib hissələrindən biridir. Belə ki, elmi-texniki
tərəqqi elmi araşdırma və kəşflərin sürətlə yayılmasına səbəb olmuş, informasiya
texnologiyalarının inkişafı dünyanın hər bir tərəfi ilə anında ünsiyyətə girmək
imkanı yaratmışdır.
“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini
nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi
adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək,
birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin
müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə
tutulur.
Akademik kommunikasiya məzmun baxımından 2 böyük sahəyə ayrılır: tədris
və tədqiqat. Bunlara akademik kommunikasiya prosesinin mərhələlələri də demıək
mümkündür. Bu proses tədrislə başlayır. Hər bir kəs akademik kommunikativ
münasibətlərə təhsil almağa başladığı zamandan qoşulur. İlkin təməlləri orta
məktəbdə atılan elmi təfəkkür və dünyagörüşün sistemli şəkildə inkişafı universitet
dövrünə təsadüf edir. Biz ali təhsil aldığımız zaman akademik elmlə tanış olur,
gələcək həyatımızda elmin yerini müəyyənləşdiririk.
Tədris prosesində akademik kommunikasiya təhsilalan ilə təhsilverənlər
arasında şifahi-yazılı formada reallaşan bilik və bacarıqların mübadiləsi, müzakirəsi,
eyni zamanda qiymətləndirilməsi prosesidir.
Təhsilalanların
hüquq
və
vəzifələri
Azərbaycan
Respublikasının
Konstitusiyasına, Təhsil Qanununa, digər normativ hüquq aktlarına, Azərbaycan
Respublikasının imzaladığı beynəlxalq müqavilələlərə uyğun müəyyən edilir. Bu
qanunlar Azərbaycan vətəndaşlarına qanunvericilikdə nəzərdə tutululmuş qaydada
təhsil müəssisələrinə qəbul olunmaq, təhsil müəssisəsini, təhsilin istiqamətini,
ixtisasını dəyişmək, dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq və s. yanaşı,
elmi işlə məşğul olmaq hüququ da verir.
Mühazirələrin dinlənilməsi və qavranılması, akademik dərsliklərdə əks olunan
elmi məlumatların mənimsənilməsi ilə başlanan kommunikasiya prosesi, daha sonra
kurs işləri, referat, elmi məqalə, dissertasiya kimi daha mürəkkəb yazılı formaların
hazırlanması ilə davam edir.
Qeyd etdiyimiz kimi, akademik kommunikasiyanın digər mərhələsi
tədqiqatdır. Təhsil dövründə kiçik həcmlərdə aparılan tədqiqat işləri prosessional
elmi fəaliyyətdə həcm, əhatə dairəsi, tədqiqat üsulları və s. baxımından xeyli
mürəkkəb sistem xarakteri alır. İstənilən sahədə elmi tədqiqat işi aparmaq, ilk
növbədə bilik bazası, analitik təhliletmə qabiliyyəti, dəqiq müşahidə, məntiqlə nəticə
çıxarmaq və obyektivlik kimi keyfiyyətlər tələb edir.
Beləliklə, akademik kommunikasiya bir neçə istiqaməti özündə birləşdirən
mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik
kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini,
eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən
mühümü isə bunların tədrisini özündə birləşdirir.
Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması isə XX əsrin
sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral
Cəmiyyətinin iclasında “
Public Understanding of Science” (Elmin cəmiyyət
tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi.
Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli
yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların
keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb
ola bilər.
Mövzu10.
Dostları ilə paylaş: |