Azərbaycan dilində
işgüzar və akademik kommunikasiya
Giriş
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni iki istiqaməti əhatə edir. Bu fənnin tədrisi zamanı tələbələr Azərbaycan dilində aydın, səlis danışmaq, savadlı yazmaq, ədəbi dil normalarına əməl etmək bacarıqlarına yiyələnməklə bərabər, işgüzar və akademik mühitdə necə davranmalı, nələrə önəm verməli, işgüzar və akademik sənədləri hansı yolla hazırlamalı kimi mühüm əhəmiyyət kəsb edən bilikləri də mənimsəmək imkanı əldə edəcəklər.
Cəmiyyətdə tutduğunuz mövqedən, hansı peşənin sahibi olmağınızdan asılı olmayaraq bu fənnin tədrisində öyrəndikləriniz bütün proffesional həyatınızda, hətta bəzi şəxsi münasibətlərinizin qurulmasında sizə yardımçı olacaq.
Təəssüflər olsun ki, müasir gənclərimizin ən zəif cəhətlərindən biri özlərini ifadə edə bilməmək, hətta bildikləri mövzu ətrafında belə aydın mülahizələr irəli sürməkdə çətinlik çəkmək və savadlı yazmaq vərdişlərinin zəif formalaşmasıdır.
Özünü təqdim etmək, fikir və ideyalarını qarşı tərəflə bölüşmək, bilik və təcrübələrini ötürmək üçün nitq qurmaq bacarığı gərəkdir. İstər şifahi, istərsə də yazılı nitqə verilən bütün linqvistik, estetik, psixoloji tələbləri bilmədən, yetərincə söz bazasına malik olmadan, idrak və ifadə bacarıqlarınızı təkmilləşdirmədən gözəl, aydın, məntiqli danışmaq qeyri-mümkündür. Xüsusən də dünyada bütün istiqamətlər üzrə inkişaf dinamikasının artdığı, rəqabətin gücləndiyi müasir dövrdə istənilən sahə üzrə peşəkar mütəxəssis olmaq, fərqlənmək, uğurlu karyera qurmaq üçün bir çox yeni tələblər mövcuddur ki, bunların önündə keyfiyyətli ünsiyyət qurmaq bacarığı gəlir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əsas məqsədi bu və digər bilik və bacarıqları tələbələrə aşılamaq, onların gələcəkdə ana dilinin zəngin dil materialından istifadə edərək uğurlu karyera qurmalarına yardımçı olmaqdır.
Mövzu 1. Azərbaycan dili və onun ünsiyyət imkanları. Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, 50 milyona yaxın azərbaycanlının ana dili, ünsiyyət vasitəsidir. Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar bir-biriləri ilə ana dilində danışır, ünsiyyət qururlar.
Azərbaycan dili uzun inkişaf yolu keçmiş, bu dildə dünya ədəbiyyatı və mədəniyyətinə çoxsaylı sənət nümunələri bəxş edilmişdir. Müasir Azərbaycan dilinin semantik və qrammatik normaları istənilən funksional üslubda ünsiyyət qurmağa, gözəl danışmaq və ifadəli yazmağa imkan verir. Dünyanın istənilən dilindən tərcümə etmək üçün Azərbaycan dilinin zəngin leksik bazası və lüğət fondu mövcuddur.
Bütün dillər iki prinsip əsasında təsnif edilir: genealoji və tipoloji. Genealoji təsnif dillərin soykökü, qohumluq dərəcəsinnə görə, tipoloji təsnif isə qrammatik, əsasən də morfoloji strukturuna əsasən aparılır. Azərbaycan dili genetik baxımdan türk dilləri ailəsinə mənsubdur. Lakin daha geniş rakursdan Azərbaycan dilinin söykökünü belə təqdim etmək mümkündür:
Cədvəldən də göründüyü kimi, bəzi türkoloqlar Ural və Altay dillərini də qohum hesab edirlər. Lakin əksəriyyət türk dillərinin tarixini Altay dövrü ilə başlayır. Türk dillərinin ən qədim mərhələsi hesab edilən Altay dövründə ümumi Altay dilinin zamanla parçalanması nəticəsində türk, monqol, tunqus və mancur dilləri əmələ gəlmişdir.
Qədim türk dili bütün müasir türk dillərinin, o cümlədən də Azərbaycan dilinin əcdadıdır. Qədim türk dilinin tədqiqi göstərir ki, müasir türk dillərinin leksik və qrammatik quruluşu öz mənbəyini bu dildən almışdır. Qədim türk dili (türki) uzun zaman əcdad babalarımızın ortaq istifadəsindən sonra I minilliyin sonu II minilliyin əvvəllərində oğuz, qıpçaq və karluk türkcələrinə bölünmüşdür.
Azərbaycan dili tipoloji cəhətdən isə iltisaqi (elmi ədəbiyyatda daha çox “aqlütinativ” terminindən istifadə olunur) dillərə aiddir. Ümumiyyətlə, tipoloji cəhətdən dillər 4 qrupa bölünür:
1.Amorf (kök) dillər – Çin dili;
2.Aqlütinativ dillər – türk dilləri, monqol, macar, mari, fin-uqor dilləri;
3.Flektiv dillər – ingilis, fransız, rus, alman, ərəb, fars və s.
4.İnkorporlaşan dillər – Amerika hindularının dili.
Aqlütinativ dillərin, o cümlədən Azərbaycan dilinin əsas qrammatik xüsusiyyətləri bunlardır:
1. Aqlütinativ dillərdə sözlər asanlıqla kök və şəkilçiyə ayrılır. Bu dillərdə söz kökünün leksik mənası olur.
2. Aqlütinativ dillərdə şəkilçi yalnız sözün sonuna əlavə edilıir: dağda, dağlar, dağdakı və s. Flektiv dillərdə təsadüf etdiyimiz prefiks və infikslərə bu dillərdə rast gəlmək mümkün deyil. Dilimizdə işlənən “bivəfa”, “nainsaf”, “biqeyrət” kimi sözlərin ön şəkilçiləri ərəb-fars mənşəlidir.
3. Aqlütinativ dillərdə vurğu sözün sonuncu hecasına, sözə şəkilçi artırıldıqda isə vurğu əsasən şəkilçinin üzərinə düşür.
4.Aqlütinativ dillərdə cins kateqoriyası yoxdur. Yalnız bioloji cinsi ifadə etmək üçün leksik (ana-ata, bacı-qardaş, toyuq-xoruz və s.), morfoloji (müəllim-müəllimə, şair-şairə və s.) üsullar mövcuddur.
Dostları ilə paylaş: |