Qeyri-verbal işarələrin növləri. Elmi ədəbiyyatlarda qeyri-verbal işarələr sistemini 3 qrupa ayırırlar:
1.optik-kinetik işarələr sistemi;
2.paralinqvistik və ekstralinqvistik işarələr sistemi;
3. məkanla bağlı işarələr sistemi;
1.Optik-kinetik (“kinetik” yunan mənşəli sözdür, hərfi mənası “hərəkət” deməkdir) ünsürlərə jestlər, mimikalar, müxtəlif davranış kodları daxildir. Çox zaman fərdin emosional cavabları kimi qiymətləndirilən bu elementlər insanın ümumi motor bacarıqları kimi qəbul edilir. Qeyri-verbal ünsiyyət elementlərindən ən populyarı da təbii ki, jest və mimikalardır. Buna bədən dili də deyilir. Bədən dili insanların duyğu, davranış və niyyətlərini açığa vuran elementlərdir. Mimika (Üz ifadələri). “Mimika” yunan mənşəli “mimikos” sözündən alınmış, hərfi tərcüməsi “təqlid” deməkdir. İnsanın üzü onun fiziki görünüşünün əsasını təşkil edir. Üz əzələlərinin gərginliyi insanın sifət ifadəsinin dəyişməsinə səbəb olur ki, bu da birbaşa həmin şəxsin ruh halında baş verənlərin ilk siqnal işarəsidir. Üzdəki hər bir ifadə çox sayda üz əzələsinin daralmasıdır. Çünki bütün üz əzələləri ümumi bir sinir sisteminə bağlıdır və vahid mərkəzdən idarə olunur. Bir çox təqlidin (üz ifadələrinin) mənası universaldır.
Üz ifadəsini idarə etmək olduqca çətindir, amma onu inkişaf etdirib "zəngin bir üzə" sahibdir olmaq mümkündür. Belə bir ifadə var: “Qəlbi üzündən oxunur”. Ümumiyyətlə, insanın xarici görünüşü və daxili aləmi arasındakı əlaqənin nisbəti, birinin digərinə təsiri daim diqqət mərkəzində olan mövzulardandır. Fizioqnomika elminin banilərindən olan antic yunan filosofu Aristotel insanların intellect və davranışlarını onun xarici əlamətlərindən çıxış edərək şərh etmiş, heyvanlarla müqayisədən belə çəkinməmişdir. Aristotel yazırdı:
“Öküz kimi yoğun burun tənbəllik, donuzda olduğu kimi iri deşikli burun axmaqlıq əlamətidir. İtdəki kimi sivri burnu olanlar kəmhövsələ, qartal burunlular cəsarətli, qarğa burunlular isə ehtiyatlı olurlar”.
Aristotelə görə, əgər bir insanın üzündə hər hansı bir emosional vəziyyətin qabarıq təzahürləri varsa, o, böyük ehtimalla həmin xarakterin yiyəsidir. Yəni bir insanın üzündən qorxaqlıq yağırsa o, qorxaq, hiyləgərlik tökülürsə o, hiyləgər, cəsarət oxunursa, o, cəsarətlidir.
Yaxın Şərqdə, xüsusən bədəvilər arasında nəinki səhranın, eyni zamanda, insan çöhrəsinin sirlərini oxumaqla məşğul olan qiyafə sənəti xeyli məşhur idi. Bədəvi ərəblər üçün aslana bənzər adamlar cəsur, mərhəmətli, qururlu, bəbirə bənzəyənlər isə kinli və xain hesab edilirdi. Onlara görə geniş alın axmaqlıq, dar alın çeviklik əlamətidir. Örta ölçülü gözlərə sahib olanlar kəskin ağıl və gözəl xarakterli olur, sabit baxışlar keylik, dağınıq baxış isə hərdəmxəyallıqdan xəbər verir.
Insanlar razılıq və narazılıqlarını, sevinc və kədərini və s.məlumatları işarələr sistemi kimi jestlərdən istifadə etməklə bir-birinə çatdırırlar. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə , eyni cür başa düşülmür. Müxtəlif mədəniyyət, social inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edrilər. Məsələn, əksər xalqlar kimi bizim xalqımız da başın yuxarıdan aşağıya doğru hərəkətini təsdiq, razılıq, yanlara doğru hərəkətini isə narazılıq kimi başa düşürük. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür.
Bunula belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha çox təsir göstərir.
2.Paralinqvistik və ekstralinqvistik işarələrə tələffüz xüsusiyyətləri, səs tembri, səsin alçalıb-yüksəlməsi, nitqin surəti, nitqin təşkili və s. amillər aiddir. Paralinqvistika və ekstralinqvistika şifahi ünsiyyətə əlavələrdir. Paralinqvistika səsin keygiyyəti, diapazonu, tonudur. Ekstralinqvistika isə nitqdə fasilə, öskürək və s.dir. Paralinqvistik və ekstralinqvistik işarələrə nitq zamanı intonasiyanın dəyişdirilməsi, pauzanı, öskürməyi, narazılığı bildirmək üçün səs tonunun yüksəltilməsi, bir anlığa danışığın dayandırılması və s. hərəkətləri aid etmək olar.