Akademik kommunikasiya Mövzu 9. Akademik kommunikasiya anlayışı Kommunikasiyanın bir forması da akademik mühitdə aparılan informasiya mübadiləsidir. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə çatdırılmasını nəzərdə tutur.
“Akademik” termini yunan mənşəli olub antik yunanlıların mifik qəhrəmanı Akademin (Ekadem, Gekadem) adı ilə bağlıdır. Rəvayətə görə, bu qəhrəman Afinanın yaxınlığında yerləşən müqəddəs zeytun bağında yaşamış və dəfn edilmişdir. Daha sonra, e.ə. IV əsrdə antik yunan filosofu Platon burada şagirdlərinə dərs keçmiş, yaratdığı məktəbə də “Akademiya” adı vermişdir.
Akademik kommunikativ münasibətlərdən harada istifadə edirik? Təbii ki, akademik mühitdə - ali və orta ixtisas məktəblərində , elmi-tədqiqat institutlarında, müxtəlif səpkili elmi araşdırmalar aparan təşkilatlarda və s. Bəs bütün bu müəssisələrdə aparılan informasiya mübadiləsi akademik kommunikasiya nümunəsidirmi? Bu sualın birmənalı olaraq cavabı xeyrdir. Çünki hər bir müəssissə ilk növbədə iş yeri, insanları bu və ya digər ümumi hədəflər ətrafında birləşdirən təşkilatdır. Daha doğrusu, yuxarıda adlarını çəkdiyimiz bütün elm ocaqlarında rəhbər işçilər, elmi işçilər, pedaqoji fəaliyyətlə məşğul olanlar (tədris müəssisələrində), texniki işçilər və s. kimi qruplar fəaliyyət göstərir və onların arasında reallaşan informasiya mübadiləsinin müəyyən hissəsi akademik yox, işgüzar kommunikasiya formasıdır. Akademik kommunikasiya isə sırf koqnitiv tiplidir, biliklərin, elmi məlumatların ötürülməsini təmin edir. Məhz bu baxımdan “akademik kommunikasiya” ilə yanaşı, “elmi kommunikasiya” terminindən də istifadə olunur.
Qloballaşma , elm və yeni texnologiyaların sürətli inkişafı, informasiya çoxluğu, həyat dinamikamızın dəyişkənliyi bütün sahələrdə olduğu kimi, elm aləmində də ünsiyyətin, qarşılıqlı anlaşmaların əhəmiyyətinin nə qədər zəruri və mühüm olduğu gerçəkliyini ortaya qoyur. Müasir dövr tələb edir ki, hər bir vətəndaş elm və texnikanın inkişafını izləyib ondan bəhrənməklə yanaşı, elmi-texniki inkişafın yaratdığı problemləri də dərk edərək bunların həlli prosesində fəal iştirak etsin, dövlət və cəmiyyətin ümumi irəliləmə strategiyasını anlasın. Bu gün dünyada ən aparıcı elmi araşdırmalar hansı sahələri əhatə edir, bu araşdırmaların məqsədi nədir? Yaxud yaşadığı dövlətdə nə kimi elmi araşdırma və təcrübələr aparılır? Bu elmi-texniki nailiyyətlərin nə kimi fayda verdiyi və risklər daşıdığını bilmək önəmlidir. Məhz bu baxımdan alimlər, siyasətçilər və cəmiyyət arasında daimi qarşılıqlı əlaqəyə və sıx ünsiyətə ehtiyac var.
Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və aşağıdakı terminlərlə ifadə olunur:
Elmdə kommunikasiya (Science communication)
Elmi kommunikasiya (Scientific communication)
Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication” alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science communication” termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi kommunikasiya” kimi tərcümə edilməlidir.
Elmdə ünsiyyət təcrübəsi hələ antik dövrdən yaranmışdır. Pifaqor və onun məktəbi, Platon və Akademiyası və s. Qədim zamanlarda alimlər bilik əldə etmək üçün çoxlu səyahətlər edər, öyrənmək üçün dialoqlar qurar, uzun-uzun söhbət aparardılar. Bu zamanlar ünsiyyətin şifahi formaları daha çox populyar idi.
İlk universitetlər isə orta əsrlərdə yaranmağa başlayır. Bir-birinin ardınca 1088-ci ildə Bolonyada, 1109-da Kembricdə, 1160-da Parisdə, 1167-də Oksfordda ali təhsil ocaqları açılır. Universitetlər təhsil verməklə yanaşı, tələbə, alim və müəllimlərin bir araya gəldiyi, müxtəlif fikir mübadiləsi apardığı, mübahisələr etdiyi bir məkana çevrilir ki, bu da öz növbəsində elmi yaradıcılığın davamlı və məhsuldarlığının təminatçısı olur. Universitetlərdə mühazirələrlə yanaşı, elmi diskussiyalarda iştirak etmək təhsilin mühüm və tələbolunan elementlərindən biri hesab edilirdi.
Akademik sahədə kommunikasiyanı təmin edən elmi diskussiyalar İntibah dövründə daha intensiv, məhsuldar xarakter alır. Bir çox məşhur alimlər bu müzakirələrdə iştirak edir, fikir və düşüncələrini bölüşür, kəskin mübahisələr edir, bir sözlə ünsiyyətdə olurdular. Daha çox şəxsi məktublar vasitəsilə həyata keçirilən bu ünsiyyət XIV əsrdə kitab nəşrinin meydana çıxması ilə yeni keyfiyyətlər qazandı. Artıq XVII əsrdə biliklərin bir araya toplanması və ötürülməsi sahəsində kitab əsas vasitəyə çevrilir. Qeyd etdiyimiz kimi, uzun zaman ziyalılar arasında elmi kommunikasiyanın əsas vasitələrindən biri məktubdan istifadə edilmişdir. Alimlər məktublarında əldə etdikləri dəlil və arqumentləri, müəyyən faktları, xırda detallarına qədər təsvir edir, mülahizələrini əsaslandırırdılar. İntellekt sahibləri artıq anlayırdılar ki, yeni dünyada elm və texnologiya sahəsində müəyyən irəliləyiş əldə etmək üçün birlikdə hərəkət etməli, problemlərin həllinə müxtəlif baxış bucaqlarından baxmalı, bütün alternativ fikirləri dəyərləndirməlidirlər. Məhz bu ehtiyacdan XVII əsrdən başlayaraq alimləri bir araya gətirən qeyri-rəsmi təşkilatlar yaranmağa başladı. R.Boylun təşkil etdiyi “Görünməz kollec”, P.Beylin yaratdığı “Məktublar respublikası”, və nəhayət “Alimlər respublikası” belə birliklərdən idi. Bunların arasında “Alimlər respublikası” daha məşhur idi. Bekon, Paskal, Spinoza, Luk, Dekart, Qaliley, Nyuton kimi alimlər bu birliyin üzvü idilər. Avropa intellektuallarını birləşdirən “Alimlər respublikası”nın vətəndaşı olmaq üçün geniş dünyagörüşünə sahib, müxalif fikirlərə qarşı tolerant, elmi mübahisə etikasına malik olmaq kimi keyfiyyətlər tələb edilirdi.
XIX əsrdə ixtisaslaşmış elmi jurnalların nəşri akademik kommunikasiyada yeni mərhələnin əsasını qoydu. Şəxsi məktubların yerini alan elmi jurnallar mötəbər bilik mənbəyinə çevrildi. Qısa zamanda daha çox insana informasiya ötürən bu nəşrlər akademik kommunikasiyanın keyfiyyətini yüksəltməklə yanaşı, alimləri öz ətrafında sıx birləşdirməyə də nail oldu.
Müasir günümüzdə də alimlər arasında dialoq və ünsiyyət akademik kommunikasiyanın ayrılmaz tərkib hissələrindən biridir. Belə ki, elmi-texniki tərəqqi elmi araşdırma və kəşflərin sürətlə yayılmasına səbəb olmuş, informasiya texnologiyalarının inkişafı dünyanın hər bir tərəfi ilə anında ünsiyyətə girmək imkanı yaratmışdır.
“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə tutulur.
Akademik kommunikasiya məzmun baxımından 2 böyük sahəyə ayrılır: tədris və tədqiqat. Bunlara akademik kommunikasiya prosesinin mərhələlələri də demıək mümkündür. Bu proses tədrislə başlayır. Hər bir kəs akademik kommunikativ münasibətlərə təhsil almağa başladığı zamandan qoşulur. İlkin təməlləri orta məktəbdə atılan elmi təfəkkür və dünyagörüşün sistemli şəkildə inkişafı universitet dövrünə təsadüf edir. Biz ali təhsil aldığımız zaman akademik elmlə tanış olur, gələcək həyatımızda elmin yerini müəyyənləşdiririk.
Tədris prosesində akademik kommunikasiya təhsilalan ilə təhsilverənlər arasında şifahi-yazılı formada reallaşan bilik və bacarıqların mübadiləsi, müzakirəsi, eyni zamanda qiymətləndirilməsi prosesidir.
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa, digər normativ hüquq aktlarına, Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələlərə uyğun müəyyən edilir. Bu qanunlar Azərbaycan vətəndaşlarına qanunvericilikdə nəzərdə tutululmuş qaydada təhsil müəssisələrinə qəbul olunmaq, təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını dəyişmək, dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq və s. yanaşı, elmi işlə məşğul olmaq hüququ da verir.
Mühazirələrin dinlənilməsi və qavranılması, akademik dərsliklərdə əks olunan elmi məlumatların mənimsənilməsi ilə başlanan kommunikasiya prosesi, daha sonra kurs işləri, referat, elmi məqalə, dissertasiya kimi daha mürəkkəb yazılı formaların hazırlanması ilə davam edir.
Qeyd etdiyimiz kimi, akademik kommunikasiyanın digər mərhələsi tədqiqatdır. Təhsil dövründə kiçik həcmlərdə aparılan tədqiqat işləri prosessional elmi fəaliyyətdə həcm, əhatə dairəsi, tədqiqat üsulları və s. baxımından xeyli mürəkkəb sistem xarakteri alır. İstənilən sahədə elmi tədqiqat işi aparmaq, ilk növbədə bilik bazası, analitik təhliletmə qabiliyyəti, dəqiq müşahidə, məntiqlə nəticə çıxarmaq və obyektivlik kimi keyfiyyətlər tələb edir.
Beləliklə, akademik kommunikasiya bir neçə istiqaməti özündə birləşdirən mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir.
Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması isə XX əsrin sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral Cəmiyyətinin iclasında “Public Understanding of Science” (Elmin cəmiyyət tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi. Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb ola bilər.
Mövzu10. Elmi tədqiqatların aparılma qaydaları Müasir dünyada elm cəmiyyətin aparıcı gücü və gələcək rifahı üçün ən önəmli sahədir. Bütün dövlətlərdə elmi-texniki tərəqqi cəmiyyətin inkişaf strategiyasının əsas prinsiplərindən biridir. Elmi araşdırma və təcrübələrin aparılmasına maksimum münbit şəraitin yaradılması, bir çox hallarda dövlət tərəfindən maliyyələşməsi məhz bununla bağlıdır. Dünyanın ən aparıcı universitetlərinin eyni zamanda elmi-tədqiqat institutları kimi fəaliyyət göstərməsi bir tərəfdən elm və təhsilin paralel inkişafını təmin edir, digər tərəfdən də istedadlı tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, elmi təcrübə və araşdırmalarda iştirak etməsinə şərait yaradır.
Elmi işlər deyərkən müəyyən araşdırmaların nəticələrini özündə əks etdirən məqalə, tezis, dissertasiya, monoqrafiya, dərslik və s. nəzərdə tutulur. Tədqiqata cəlb edilən mövzu növ və həcmindən asılı olmayaraq elmi üslubda yazılmalıdır. Bütün elmi tədqiqatlar yeni biliklərin əldə olunması, tətbiq edilməsi və cəmiyyətə xidmət etməsi üçün aparılır. Lakin hər hansı bir elmi işin bütün cəmiyyət tərəfindən anlaşılması da mümkün deyil.
Elmi dil elmi idrak fəaliyyətinin maddi ifadəsinə xidmət edən xüsusi işarələr sistemidir. Bu dil müxtəlif elmi məlumatları almağa istəkli və dərk etməyə hazır olan insanlar üçün nəzərdə tutulub. Ümumiyyətlə, vahid “elmi dil”, yəni “elmi dildə vahid yazma üsulu varmı?” sualının birmənalı cavabı belədir: nə qədər elm sahəsi varsa, bir o qədər də spesifik yazı üslubu var. Lakin elmin xarakter (təbiət , dəqiq, humanitar və s.) və janrından (məqalə, tezis, monoqrafiya və s.) asılı olmayaraq elmi üslubun bir sıra ümumi xüsusiyyətləri də vardır. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi;
İfadənin monoloji xarakteri;
Əsaslandırılmış faktlar;
Fikirlərin sistemli və məntiqi ardıcıllığı;
Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi;
Terminoloji leksikadan istifadə.
Hər hansı tədqiqata başlamaq üçün ilk olaraq problem-sual müəyyən edilməlidir. Başqa sözlə, tədqiqat mövzusu və tədqiqat problemi təyin edildikdən sonra tədqiqatçının cavablamaq istədiyi sual dəqiqləşdirilməlidir. Tədqiqatın məqsədi nə qədər aydın və birmənalı olarsa, araşdırma üsul və metodlarının seçilməsi də bir o qədər asan və uğurlu olacaq. Cavablanacaq sual bir növ araşdırmanın hədəflərini təyin edir. Tədqiqat prosesində hədəfdən yayınmamaq çox önəmlidir. Bəzən araşdırdığımız mövzu ilə bağlı o qədər çoxşaxəli informasiya alırıq ki, ilk qoyduğumuz hədəf unudulur, təqqiqatın istiqaməti fərqli yönə çevrilir. Bu, tamamilə yolverilməzdir. Xüsusən də elmi fəaliyyətin ilk dövrlərində daha konkret məsələlər ətrafında araşdırmalar aparmaq tövsiyə olunur. Mövzunu incələyərkən sizə maraqlı gələn nüansları bir kənara qeyd edərək əsas hədəf ətraflnda çalışmaq lazımdır. Bundan əlavə, tədqiqata başlamaq üçün mövzu ilə bağlı müəyyən mühakimələrə də sahib olmalısınız. Bu mühakimələr məsələ ilə bağlı müşahidə etdiyiniz, sınaqdan keçirdiyiniz, sizə doğru və yanlış gələn məlumatlar, faktlardır.
Ümumiyyətlə, hər bir elmi araşdırmanın strukturunda sistem təşkil edən elementlər mövcuddur. Bu elementlər sırasında ən önəmli olanları aşağıdakı kimi sıralamaq olar:
Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi;
İfadənin monoloji xarakteri;
Əsaslandırılmış faktlar;
Fikirlərin sistemli və məntiqi ardıcıllığı;
Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi;
Terminoloji leksikadan istifadə.
Düzgün elmi araşdırma aparmaq, biliklərdən məqsədəuyğun şəkildə istifadə etmək üçün bu elementlərdən hər birinin funksiyasını bilmək, fərqini anlamaq lazımdır.