Nitqin tipləri. Daxili nitq emosional-iradi tənzimləmə vasitəsi və özünütərbiyə üçün şərtdir. Bu nitq növünün köməyi ilə mürəkkəb nitq formaları formalaşır. Daxii nitqi bəzən “təfəkkür laboratoriyası”,“dil laboratoriyası”da adlandırırlar. O, təkcə nitqin inkişafının məhsulu deyil, həm də onun ən mühüm vasitəsidir.
Daxili nitq şəxslıərarası ünsiyyət üçün nəzərdə tutulmamışdır. Daxili nitq səssizdir, tələffüz edilmir və daha çox düşüncə prosesi kimi xarakterizə edilir. Daxili nitq 2 formada təzahür edir: şəxsi daxili nitq və daxili oxuma. Şəxsi daxili nitq insanın düşüncələrindən, qısa mühakimələrindən ibarətdir. Daxili oxuma isə hər hansı bir mətnin fikrən təkrarıdır. Məsələn, müəyyən bir məruzə, çıxış və yaxud əzbər şeiri səsli təkrar etmək mümkün olmadıqda daxili oxumadan istifadə edilir.
Daxili nitqin əsas xüsusiyyəti onun spesifik sintaktik quruluşa malik olmasıdır. Daxili nitqi qeydə almaq mümkün olsaydı xarici nitqlə müqayisədə qısa, parçalanmış, fraqment şəkilli, tutarsız, qarışıq bir mətn ortaya çıxardı. Daxili nitq nominativ xarakter daşımır, yəni əşya və hadisələri adlandırmır. Bu baxımdan da əksər hallarda cümlədə subyekti ifadə etmir. Daha çox nə edilməli olduğunu, hərəkətin istiqamətini bildirir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, daxili nitq predikativ xarakterdədir. Məsələn, “Biz səhər tezdən kəndə getdik”, “Bu gün hava çox soyuqdur” cümlələri daxili nitqdə “getdik” və “soyuqdur” şəklində ifadə olunur.
Daxili nitq sürətlidir. Biz daha çevik düşünür, daxili nitq prosesində fikirlərimizi daha sürətli formalaşdırırıq. Fikirlərimizi başqalarına çatdırarkən isə daha mürəkkəb cümlələr qurduğumuz üçün nitqin sürəti təbii olaraq aşağı düşür.
Daxili nitq elliptik xarakterlidir. Daxili nitqdə qurduğumuz cümlədə cümlə üzvlərinin bir çoxu düşür və yaxud yerini dəyişir. Məsələn, “Bu gündən məzuniyyətə çıxdım” cümləsi daxili nitqdə ya “Məzuniyyətə çıxdım”, ya da daha qısa “Məzuniyyət!” formasında qurulur.
Daxili nitq eyni zamanda bütün norma və kriteriyalardan azad nitqdir. Burada nə ədəbi dil normalarına, nə də etik normalara əməl etmək tələb edilmir. Lakin unutmaq lazım deyil ki, insanın intellekti onun xarici nitqinin formalaşmasında mühüm rol oynadığı kimi, daxili nitqi üçün də əsas meyarlardan biridir.
Xarici nitq səs siqnallarından, yazılı işarə və simvollardan istifadə edərək fikrin maddiləşdirilməsi prosesidir. Xarici nitq ünsiyyətə xidmət etdiyi üçün əsas xüsusiyyəti digər insanların qavrayışına münasib olmasıdır. Xarici nitq aydın və anlaşıqlı, məntiqi cəhətdən düzgün qurulmalı, ədəbi dilin fonetik, leksik və qrammatik normaları gözlənilməli, etik qaydalara əməl edilməlidir. Səslərdən, yaxud yazı işarələrindən istifadə olunmasından asılı olaraq şifahi və yazılı formada təzahür edən xarici nitq mədəni ünsiyyət nümunəsidir. Bu səbəbdən də mədəni nitqə verilən bütün tələblərə cavab verməlidir.
Bəzən özümüzə aydın olan mətləbləri digərlərinə anlatmaqda, bildiklərimizi doğru-düzgün ifadə etməkdə çətinlik çəkirik. Bunlar birbaşa xarici nitqimizin inkişaf etməməsi ilə bağlıdır. Fikir və düşüncələrini dolğun, ətraflı, sərbəst ifadə etmək bacarığı insanın iş həyatında mühüm əhəmiyyət kəsb edir. Əbəs yerə “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” deyilməyib. Ağlınızı isə yalnız nitqinizlə (şifahi, yaxud yazılı) nümayiş etdirə bilərsiniz.