Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002-ci il
№ 365-IIQ
Hər bir xalğın dövlətçilik siyasətinin tərkib hissələrindən biri dil siyasətidir. Azərbaycan dilinin dövlət səviyyəsində işlənmə tarixi Səfəvi dövləti ilə başlayır. Daha dəqiq ifadə etsək, məhz səfəvilərin hakimiyyət zamanında Azərbaycan türkcəsi sarayda, dövlət əhəmiyyətli bəzi yazışmalarda istifadə olunur. Azərbaycan türkcəsinin Səfəvilər dövründə aparıcı olması əhalinin böyük əksəriyyətinin türkmənşəliyindən irəli gəlirdi. Lakin az sayda olan sənəd və məktublar Səfəvi dövlətinin rəsmi dilinin Azərbaycan türkcəsi olduğu anlamına gəlmir. Çünki həmin dövrdə ərəb və fars dilləri bütün sahələrdə, xüsusən dövlət əhəmiyyətli yazışmalarda dominantlığını davam etdirirdi.
Azərbaycan türkcəsinin ilk dəfə rəsmi dövlət dili kimi elan olunması XX əsrin əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir ay sonra 27 iyun 1918-ci ildə türk dili (Azərbaycan türkcəsi) rəsmi dövlət dili elan edildi. Qərara əsasən Cümhuriyyət daxilində bütün kargüzarlıq işləri türk dilində aparılmalı, bütün müəssisələrdə dövlət dilindən istifadə edilməli idi. Bununla yanaşı, 27.06.1918-ci il tarixli qərarda müxtəlif vəzifələrdə çalışanlara dövlət dilini öyrənənədək rus dilindən istifadə etməyə icazə verilirdi. Dövlət dilinin öyrənilməsi üçün dil kursları açan hökumət bu məqsədlə budcədən 351 min manat vəsait də ayırmışdı.
AXC hökuməti dil siyasətini ardıcıl və planlı şəkildə həyata keçirirdi. 28 avqust 1918 ci ildə hökumət ibtidai və orta məktəblərdə təhsilin ana dilində aparılması ilə bağlı qərar imzaladı. Qərarda bütün ibtidai təhsil müəssisələrində təhsilin türk dilində aparılması və dövlət dilinin icbari qaydada tədris olunması nəzərdə tutulurdu.
AXC dövründə dillə bağlı verilən qərarlardan biri də hərbi nazir Səməd bəy Mehmandarovun 11fevral 1919-cu ildə orduda türk dilinin tətbiqini nəzərdə tutan əmridir.
Göründüyü kimi, qısa zaman müddətində xalqımızın tarixində əvəzsiz rol oynamış AXC milli dilimizin mənimsənilməsi, yaşaması üçün də mühüm qərarlar almışdır.
Sovet hakimiyyətinin ilk illərində də dillə bağlı mütərəqqi mövqenin şahidi oluruq. 30 -cu illərin ortalarına qədər ümumi mədəni dirşəliş kontekstində aparılan islahatlar dil məsələlərindən də yan keçməmişdir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili (Azərbaycan türkcəsi) olması ilə bağlı dekret imzalayırlar. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur. Daha sonra 1922-ci ildən ərəb əlifbasından latın qrafikasına keçid, I Türkoloji qurultayın keçirilməsi, ədəbi dil normaları ilə bağlı qərarların qəbul edilməsi mədəni inqilabın tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Lakin 30-cu illərin ortalarından başlayaraq artıq hakimiyyətini yetərincə möhkəmlədən sovet höküməti milli respublikalara, xüsusən də türkdilli xalqlara qarşı məkrli siyasətinə start verdi. 1937-cı ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı maddə salınmır. Normativ sənədlərdə türk dili ifadəsinin yerinə Azərbaycan dili işlədilir. Bütün idarə və müəssisələrdə rus dilinin aparıcı dil statusu möhkəmlənir. Bütün SSRİ məkanında rus dili yeganə ünsiyyət vasitəsinə çevrilir.
Dostları ilə paylaş: |