Düzgünlük mədəni nitqin əsas kommunikativ keyfiyyətidir. Məhz düzgün qurulan nitq ünsiyyət iştirakçılarının bir-birini anlamasını təmin edir. Əksinə düzgün qurulmayan nitq qavramada problem yaradaraq alıcını səhv yönləndirə bilər. Düzgün nitq şifahi olarsa orfoepik, yazılı olarsa orfoqrafik qaydalara əməl etməyi nəzərdə tutur. Nitqin düzgünlüyü uyğun variantın seçilməsi ilə birbaşa əlaqəlidir. Məsələn, bəzi sözlərin yazılış qaydaları arasında bənzərlik onların səhv yazılmasına səbəb olur. Bunlara misal olaraq bir saitlə fərqlənən sözləri göstərmək olar: əsl-əsil, əsr-əsir, nəfs-nəfis, həsr-həsir. Yaxud feil, eyib, meyil, heyif, izin kimi sözlər “i”siz, əksinə hüzn, qəhr, qəsr, sehr kimi sözlərdə isə sonda gələn iki samitin arasına sait artırılır.
Nitqin dəqiqliyi istənilən ünsiyyət üçün ən vacib tələbdir. İnsan nitqinin dəqiq olması üçün sözlər mənalarına uyğun işlədilməli, yanlış faktlardan istifadə olunmamalıdır. Nitqin dəqiqliyini pozan əsas amil mövzunu dərindən bilməməkdir. Bilmədiyiniz mövzu haqqında danışarkən daha çox səhvlərə yol verir, dəqiq olmayan informasiyadan istifadə edirik.
Dəqiqlik kommunikativ keyfiyyətlərdən biri kimi nitqi məzmun baxımından səciyyələndirir. O, nitqin reallıqla, təfəkkürlə əlaqəsi əsasında formalaşır və dil vahidlərinin ifadə olunmuş informasiya ilə əlaqələndirilməsi yolu ilə həyata keçirilir. Nitqin dəqiqliyi 2 istiqamətdə pozulur: ya faktlar təhrif edilir, ya da sözlər dəqiq mənada işlənmir.
Faktların təhrif edilməsi nitqin məzmununun real məzmuna, nitqin predmetinə uyğun olmadığını əks etdirir. Məsələn, “C.Məmmədquluzadənin “”Poçt qutusu” romanında təsvir edilən hadisələr XVIII əsr cənubi Azərbaycanın ucqar dağ kəndlərindən birində baş verir” cümləsində bir neçə faktiki səhvlər mövcuddur.
Bəzən isə nitqdə sözlər yerinə uyğun seçilmir. Müşahidələr göstərir ki, bu əsasən aşağıdakı hallarda baş verir:
a) sözlər dəqiq leksik mənada işlənmir: “İmperativ ünsiyyət dialoji xarakterdədir”. “İnsanın çəkisi Yerdə və Ayda eynidir”. Bu cümlələrdə terminlərin işlənməsində qeyri-dəqiqliyə yol verilmişdir. Birinci cümlədə “dialoji” deyil, “monoloji”, ikincidə isə “çəki” yox, “kütləsi” olmalıdır.
b) sinonimlər düzgün seçilmir: “Bu kitabın həcmi çox yekədir”. “Məni hərbi kommissarlığa dəvət etdilər”.
c) çoxmənalı sözlərdən səhv istifadə edilir: “Şəhərin başında yarmarka təşkil edilmişdi”, “Dağın üzü lalələrlə dolu idi”.