Natiqlik sənətinin sahələri. Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və s.
İctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir.
Məhkəmə natiqliyi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.