Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri



Yüklə 231,62 Kb.
səhifə2/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   2   3   4   5   6   7   8   9   ...   59
Mövzular 2023

Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri. Ədəbi dil seçmə və əvəzetmə əməliyyatı ilə normaya salınmış dildir. Hər hansı bir dilin ədəbi dil səviyyəsinə çatması üçün onun müəyyən normaları müəyyənləşməli, üslub sistemi formalaşmalıdır. Dünyada ədəbi dilləri formalaşmayan, yalnız danışıq dilinə malik olan yüzlərlə xalq və etnik qrup mövcuddur.
Azərbaycan ədəbi dili öncə şifahi formada yaranmış, xalqın minillik yaddaşından gələn atalar sözü, bayatı, nağıl və dastanlar sayəsində cilalanmış və yazılı ədəbi dilin formalaşması üçün əsas təşkil etmişdir.
Azərbaycan şifahi ədəbi dilinin ən önəmli abidəsi “Kitabi Dədə Qorqud” dastanlarıdır. Abidə “Oğuznamə”lər silsiləsinə aiddir, belə ki Drezdendə saxlanılan nüsxə “Kitabi-Dədəm-Qorqud əla lisani-taifeyi-oğuzan” adlanır. Dastanın dilində oğuz qrupuna daxil olan digər türkcələrlə ortaq sözlər çoxdur. Bunun səbəbi dastanın qələmə alındığı güman edilən XI əsrin türk dillərinin differensasiya dövrü olmasıdır.
“Kitabi Dədə Qorqud” dastanlarında işlənən söz və ifadələrin əksəriyyəti müasir Azərbaycan dilinin lüğət tərkibi ilə üst-üstə düşür:
“Məgər xanım, Bayandır xanın bir buğası vardır, bir dəxi buğrası vardır. Ol buğa qatı daşa buynuz ursa un kibi ügidərdi. Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı. Bayandır xan Qalın Oğuz bəgləriylə tamaşaya baqardı, təfərrüc edərdi”.

Bərü gəlgil, başum baxtı, evüm taxtı,


Evdən çıqub yürüyəndə səlvi boylum,
Topuğında sarmaşanda qara saçlum,
Qurulu yaya bənzər çatma qaşlum,
Qoşa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum.
Azərbaycan yazılı ədəbi dilinin tarixi isə XIII əsrdən başlayır. Daha doğrusu,
Azərbaycan türkcəsində əlimizə çatan ilk yazılı ədəbi nümunə XIII əsrə aiddir. Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixi 2 böyük dövrə ayrılır:

  1. Əski dövr (XIII-XVII əsrlər)

  2. Yeni dövr (XVIII-XXI əsrlər)

Hər dövr də müəyyən mərhələlərə bölünür. Əski dövrün mərhələləri aşağıdakı kimidir:

  • ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər);

  • klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

XIII-XIV əsrlər adından da göründüyü kimi, yazılı ədəbi dilin formalaşdığı, təşkil olunma prosesini tamamladığı dövrdür. Bu dövr, eyni zamanda Azərbaycan türkcəsinin daha geniş arealda istifadəsi ilə xarakterikdir. Yazılı ədəbi dilimizin əlimizdə olan ilk nümunələri – İzzəddin Həsənoğlu qəzəllərinin dilindəki sistemli dil strukturu, ifadə tərzinin bütövlüyü XIII əsrdə artıq formalaşmış Azərbaycan ədəbi dilinin mövcud olduğunu deməyə tam əsas verir. Hətta Həsənoğlunun əsərlərində sonrakı əsrlərdə görəcəyimiz ərəb-fars sözlərinin üstünlüyü də yoxdur:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə qülqül.
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Nümunədən də göründüyü kimi, alınma və milli sözlərimizin paralelliyi ilə yanaşı, sintaktik vahidlərdə də yanaşı işlənmə mövcuddur.
Ədəbi dilimizin təşəkkülü üçün ən mühüm mərhələ, təbii ki, Nəsiminin dilidir. Nəsimi yaradıcılığı bir növ təşəkkül prosesinin yekunudur. İ.Nəsimi şəxsiyyət və yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin fəlsəfi və elmi cəhətdən ifadə imkanlarını müəyyənləşdirdi, qrammatik quruluş, alınma və milli sözlərin paralelliyi, dilin üslub differensiallığı cilalandı, normativ səviyyə qazandı. Prof. T.Hacıyevin də dediyi kimi, Nəsimi şəxsiyətinin kamilliyi XIII-XIV əsr Azərbaycan ədəbi dilini də kamillik həddinə çatdırdı. Nəsiminin qəzəllərində bəzən çox sadə, xalq dilinə yaxın, bəzən isə əksinə mürəkkəb ifadə və tərkiblərlə zəngin nümunələrə rast gəlmək mümkündür. Şair lirik qəzəllərində daha sadə və aydın ifadə tərzi, fəlsəfi məzmunlu əsərlərində isə mürəkkəb, qəliz dildən istifadə edir:
Gəl ey dilbər ki, qan oldu könül eşqin bəlasından,
Kərəm qıl, vəsl ilə qurtar məni hicran cəfasından.
Təallah nə dilbərsən bu hüsn ilə, bu lütf ilə
Ki, dildarın necə görsəm gözüm doymaz liqasından.
***
Ərşilə fər şu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Əski dövrün ikinci mərhələsi klassik şeir dili adlanmaqla XV-XVII əsrləri əhatə edir. İ.Nəsimi ilə ənənəsi qoyulan kamil klassik poeziya bu mərhələdə özünün ən yüksək inkişaf səviyyəsinə çatır. Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcılığı bunun ən parlaq nümunəsidir.
Məlum olduğu kimi, Xətai həm xalq üslubunda, həm də klassik janrda əsərlər yazmışdır. Şairin qoşma, gəraylı və bayatıları sadə dildə yazılmış, məcaz və bənzətmələri xalq yaradıcılığı üslubundadır:
Eşq xərmənində sovruldum,
Həm ələndim, həm yoğruldum,
Qazana girdim, qovruldum,
Meydana yenməgə gəldim.
Ədəbi dilin aydınlıq və sadəlik kimi keyfiyyətləri Xətainin klassik üslubda yazdığı əsərlərdə də qorunur:
Yarə yar olmaq dilərsən, qeyrü sən yar istəmə.
Cami dildən keçməmişsən, yeri, dildar istəmə.
Varü varlıq varmayınca şahə varmaz varımız,
Sən özüni şahə dapşur, dəxi gəl var istəmə.
Azərbaycan klassik şeirinin, eləcə də Azərbaycan ədəbi dili əski dövrünün zirvəsi, şübhəsiz ki, Füzuli yaradıcılığı və Füzuli dilidir. Füzulinin dilində ərəb-fars mənşəli sözlər üstünlük təşkil etsə də morfoloji quruluş oğuz türkcəsi ilə demək olar ki uyğundur. Onun əsərlərində istifadə etdiyi təşbeh və bənzətmələrin gözəlliyinə başqa heç bir müəllifdə rast gəlmək mümkün deyil.
Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən
Nola zənbur evinə bənzəsə beytül-həzənim.
Beləliklə, Azərbaycan ədəbi dilinin əski dövrünün əsas xarakterik xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
1.Türk ədəbi dillərinin differensasiyası tam başa çatdığından Azərbaycan ədəbi dili müstəqil inkişaf yoluna qədəm qoyur.
2. Azərbaycan ədəbi dilində klassik janr və xalq şeiri üslubunda əsərlər yazılır.
3. Azərbaycan ədəbi dilinin elmi və rəsmi üslublarının ilk ünsürləri yaranıb inkişaf etməyə başlayır.
4. Azərbaycan türkcəsi və Osmanlı dili arasında mövcud paralellik tədricən aradan qalxır.
5. Dövrün əvvəlində türk mənşəli sözlərlə ərəb-fars alınmalarının işlənməsindəki balans alınma sözlərin üstünlük qazanması ilə pozulur.
6. Söz birləşmələrinin işlənməsində izafət tərkibləri üstünlük təşkil edir və s.
İkinci dövr Azərbaycan ədəbi dili isə üç mərhələni əhatə edir:

  • ədəbi dilin xalq dilinə yaxınlaşması (xəlqiləşməsi) mərhələsi (XVIII əsr);

  • milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli);

  • müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra).

Azərbaycan ədəbi dili inkişaf tarixinin XVIII əsr mərhələsi xüsusi önəm daşıyır. Belə ki, müasir Azərbaycan mədəniyyətinin əsasını təşkil edən milli mədəniyyət məhz bu dövrdə formalaşmağa başlamışdır və milli dilin də yaranması eyni prosesin tərkib hissəsidir. XVIII əsrdə folklor üslubu əlamətdar dil-nitq ünsürlərini klassik üslubdan mənimsəməklə aparıcı mövqe əldə edir. Bədii ədəbiyyatın dili xalqın dilinə yaxınlaşır, sadə Azərbaycan türkcəsində gözəl sənət nümunələri yaranır. Bu istiqamətin ən bariz nümunəsi, şübhəsiz ki, Molla Pənah Vaqif yaradıcılığıdır. M.P.Vaqifin ədəbi dilimizin inkişafındakı ən mühüm xidmətlərindən biri folklor üslubu ilə klassik şeir janrını sintez şəklində təqdim etməsidir. Hər iki janrda yazdığı əsərlərin dil xüsusiyyətləri keyfiyyət baxımından vahid dil kimi çıxış edir.
Çoxdan bəri yarın fərağindəyəm
Nə olaydı bir buraya gələydi.
Çəkəydi könlümü künci-zülmətdən,
Döndərəydi üzün ayə, gələydi.

Görməyə-görməyə gülüzarımı,


Bülbül tək artırdım ahu zarımı.
Təbibim oluban bu azarımı
Yetirəydi bir dəvaya, gələydi.
XVIII əsr Azərbaycan ədəbi dilinin üslub mənzərəsini əsasən bədii, elmi və rəsmi üslub müəyyən edir.
Azərbaycan ədəbi dili Yeni dövrünün ikinci mərhələsi XIX əsr və XX əsrin əvvəllərini əhatə edir. Bu dövr Azərbaycan ədəbi dili və üslublar sisteminin formalaşmasının yekunudur. XIX əsrdə nəzmlə yanaşı, nəsr əsərlərinin yazılma intensivliyi artır, artıq Azərbaycan dilində dram əsərləri yaranmağa başlayır.
Elmi və rəsmi üslublar da XIX əsrdə yüksək sıçrayışla inkişaf edir. Elmin müxtəlif sahələrini təmsil edən mətnlər qələmə alınır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”si, M,F,Axundovun fəlsəfi traktatları məhz bu dövrün məhsuludur. Azərbaycan dilinə aid elmi əsər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur.
XIX əsrin sonlarında “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan ədəbi dili publisistik üslubunun təməli qoyulur.
XX əsrin əvvəllərində isə Azərbaycan ədəbi dili üçün ən mühüm məsələ milli dilin yeni normalarının müəyyənləşməsi idi. Mürəkkəb inkişaf yolu keçən Azərbaycan ədəbi dili yeni əsrin astanasında bir daha dilin norması, imla məsələləri, orfoepik və orfoqrafik qaydalar kimi mühüm məsələlərin həll edilməsi problemi ilə qarşı-qarşıya idi. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyl, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.
1. Birinci meyl, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.
2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu "Füyuzat" və "Həyat" kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.
3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A. Şaiq, C. Cabbarlı, S. Hüseyn, A. Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.
Müasir Azərbaycan ədəbi dilinin sonrakı inkişafı isə məhz birinci istiqamət üzrə davam etdi. Mayasını canlı xalq dili və dialektlərdən alaraq seçmə və əvəzetmə əməliyyatı ilə tam mənada normativləşdi.

Mövzu 2. Azərbaycan dili rəsmi dövlət dilidir


Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan dövləti Azərbaycan dilinin inkişafını təmin edir.



Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin