1.Analiz və sintez. Bizi özündə bir çox element, xassə və əlaqələrin birləşməsindən ibarət sistem təşkil edən obyektlər əhatə edir. Elmin əsas vəzifələrindən biri isə dünyanı əlaqə və münasibətlərin məcmusunda, dəyişmə və inkişaf prosesində dərk etməkdir. Bütövü tam dərk etmək üçün onu elementlərə, hissələrə ayıraraq tədqiq edən metod analizdir.
Sintez isə əksinə hissələrinə bölünmüş obyektin xüsusiyyət, xassə və əlaqələrini bir araya gətirərək bütövlükdə təqdim edən idrak üsuludur. Analiz və sintez insan təfəkkürünün əsasında duran ən elementar və sadə idrak üsulları olmaqla bərabər, eyni zamanda onun bütün səviyyə və formalarına xas olan ən universal metodlardır.
2.İnduksiya və ya deduksiya. Elmi tədqiqat prosesində tədqiqatçı çox vaxt mövcud biliklərə əsaslanaraq elmə məlum olmayan nəticə çıxarmalı olur. Məlumdan naməluma keçərək tədqiqatçı ya ayrı-ayrı faktlar haqqında biliklərdən istifadə edərək, ümumi prinsiplərin kəşfinə yaxınlaşa bilər, ya da əksinə, ümumi prinsiplərə söykənərək, konkret hadisələr haqqında nəticə çıxara bilər. Belə bir keçid induksiya və deduksiya kimi məntiqi əməliyyatların köməyi ilə həyata keçirilir. İnduksiya müəyyən xüsusi detallar əsasında ümumi nəticənin qurulduğu əsaslandırma və tədqiqat üsuludur. İnduktiv təfəkkürün elmi əsasını canlı aləmdə mövcud olan hadisələr arasındakı universal əlaqələr təşkil edir. Deduksiya isə ümumi mülahizələrə əsaslanaraq daha kiçik hissə ilə bağlı nəticə çıxaran əsaslandırma üsuludur. Qısa olaraq, induksiya xüsusidən ümumiyə, deduksiya isə ümumidən xüsusiyə doğru istiqamətlənmiş təqdiqat üsuludur.
3.Abstraktlaşdırma və ümumiləşdirmə. Abstraktlaşdırma tədqiq olunan cisim və hadisənin bir sıra xassə və əlaqələrini nəzərə almadan yalnız tədqiqatçını maraqlandıran cəhət və münasibətlərin araşdırılması üsuludur. Təfəkkürün abstraksiya fəaliyyətinin nəticəsi həm ayrı-ayrı anlayışlar, həm kateqoriyalar, həm də onların sistemləri olan müxtəlif növ abstraksiyaların formalaşmasıdır Abstraksiya prosesi bir tərəfdən ayrı-ayrı xassələrin nisbi təcrid olmasını, digər tərəfdən isə xassələrin və tədqiqatçı üçün maraq doğuran münasibətlərin seçilməsini nəzərdə tutan iki mərhələli xarakter daşıyır. Obyektiv reallığın predmetləri sonsuz sayda müxtəlif xassə, xüsusiyyət və əlaqələrə malikdir. Bu xassələrin bəziləri bir-birinə bənzəyir və biri digərini müəyyən edir, bir qismi isə fərqli və nisbətən müstəqildir. İdrak və təcrübə prosesində hər şeydən əvvəl ayrı-ayrı xassələrin nisbi müstəqilliyi bərqərar olur, onların arasından predmeti dərk etmək və onun mahiyyətini açmaq üçün mühüm əhəmiyyət kəsb edənlər seçilir. Belə bir seçim prosesi onu deməyə əsas verir ki, bu xassələr və münasibətlər xüsusi əvəzedici əlamətlərlə təyin olunmalıdır, bunun sayəsində onlar şüurda abstraksiyalar kimi sabitləşirlər.
Ümumiləşdirmə əşya və hadisələrin ümumi xassələri və xüsusiyyətlərini izah edən idrak üsuludur. Ümumiləşdirmə əməliyyatı xüsusi və ya daha az ümumi anlayışdan və mühakimədən daha ümumi anlayışa və ya mühakiməyə keçid kimi həyata keçirilir. Ümumiləşdirmə abstraksiya ilə sıx əlaqədə həyata keçirilir. Düşüncə bir sıra obyektlərin bəzi xassələrini və ya münasibətini mücərrədləşdirdikdə, onların vahid sinifdə birləşməsi üçün zəmin yaranır. Bu sinfə daxil olan obyektlərin hər birinin fərdi cəhətlərinə rəğmən onları birləşdirən amillər ümumi xüsusiyyət kimi çıxış edir. Ümumiləşdirmə nəinki empirik tədqiqatlarda, bəzən nəzəri biliklərin qurulmasının ilk mərhələlərində də geniş istifadə olunur.
Empirik tədqiqat metodları içərisində isə ən önəmliləri bunlardır:
Müşahidə - insanın baş verənləri anlamaq üçün ətraf mühiti izləməsidir. Müşahidə uzun sürən və dəfələrlə təkrar edilən bir prosesdir. Unutmaq lazım deyil ki, elmin inkişafı məhz müşahidə vasitələrinin ixtirası ilə mümkün olmuşdur. Bunlara misal olaraq, teleskop, mikroskop və s. göstərmək olar.