Məruzələr elmi konfrans və seminarlarda şifahi formada ifadə edilən kommunikasiya növüdür. Belə konfransların təşkil edilməsində əsas məqsəd iştirakçıları müxtəlif elmi tədqiqatların nəticələri ilə tanış etmək, elmdə mübahisəli, həllini tapmayan problemləri birgə müzakirə etməkdir.
Məruzə xüsusi struktura malik şifahi akademik kommunikasiya növüdür. Bütün məruzələr bir qayda olaraq giriş hissə ilə başlayır. Girişdə qısa olaraq elmi işin mahiyyəti izah edilir, daha sonra məqsəd və vəzifələri təqdim olunur. Tədqiqatın məqsəd və vəzifələri qısa və sayı çox olmayan bəndlər şəklində olmalıdır. Əks təqdirdə hər bəndin izahı uzun zaman tələb edəcək.
Məruzənin ən geniş bölümü təbii ki, əsas hissəsidir. Burada tədqiqat prosesinin gedişi, qoyulan vəzifələrin həyata keçirilməsi üçün atılan addımlar ətraflı izah edilməlidir. İşin təqdimatında sxem, cədvəl və foto şəkillərdən istifadə məlumatın daha vizual formada çatdırılmasını təmin edir.
Son olaraq işin nəticəsi ortaya qoyulur. Nəticənin də icmal formada olması, qısa və konkret bəndlər şəklində verilməsi tələb edilir.
Məruzədəçidə isə 3 əsas keyfiyyət cəmlənməlidir: analiz aparmaq, nəticələri dinləyicilərə dəqiq çatdırmaq və suallara mükəmməl cavab vermək. Məruzənin əsas keyfiyyətləri bunlardır:
mümkün qədər qısa və aydın cümlələrdən istifadə etmək;
terminoloji leksikadan az istifadə etmək;
işin önəmli yerlərinə xüsusi vurğulamaq;
mövzunu slayd formasında təqdim etmək;
jest və mimikalardan düzgün istifadə etmək.
Mühazirə və məruzə bir-birinə bənzər elmi mətn nümunəsi olsa da aralarında incə fərqlər də vardır. Məruzə bir qayda olaraq, müəyyən bir mövzuda faktların kifayət qədər konkret, aydın, ciddi sıralanmış siyahısıdır. Mühazirə isə lektorun bu faktlara və ya bütövlükdə mövzuya baxışının təqdim edilməsini, onun fakt və hadisələri şərh etməsini nəzərdə tutur. Mühazirə materialın təqdimatında daha çox sərbəstliyi və mühazirəçi ilə auditoriya arasında kifayət qədər intensiv ünsiyyəti nəzərdə tutur. Mühazirədə mövzu ilə bağlı artıq elmə məlum olan faktlar, müxtəlif alimlərin fikirləri bir arada təqdim edilir. Elmi məruzə isə daha çox yeni informasiya və təcrübə nəticələrini əks etdirir.
Mövzu 12. Yazılı akademik kommunikasiya Yazılı akademik kommunikasiya elmi biliklərin qeydə alınması, saxlanılması və ötürülməsi prosesində əvəzolunmaz rol oynayır. Uzun əsrlərdən bəri filosof, alim və düşüncə sahiblərinin əsərləri bizə məhz yazılı şəkildə gəlib çatmış, elmin inkişafı bu yolla davam etmişdir.