Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə33/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   29   30   31   32   33   34   35   36   ...   59
Mövzular 2023

Monoqrafiya ən iri həcmli akademik yazı nümunələrindən biridir. Monoqrafiya müəyyən bir mövzunun hərtərəfli araşdırıldığı elmi işdir. Burada mövzu ilə bağlı mümkün qədər çox ədəbiyyat ümumiləşdirilir, təhlil edilir, problemlər diqqətə çatdırılır, fərzsiyyələr irəli sürülür və nəhayət ən optimal həll yolları göstərilir. Monoqrafiyalar adətən geniş biblioqrafik göstəricilər, qeydlər və s. ilə müşayiət olunur.
Monoqrafiya bir müəllifin yazdığı əsər yox, konkret bir mövzuya həsr olunmuş tədqiqatdır. Buna görə də fərdi və kollektiv monoqrafiyalar mövcuddur. Elmi mühitdə monoqrafiyaların yazılmasına beşdən çox həmmüəllifin cəlb edilməsi tövsiyə edilmir. Monoqrafiyanın həcminə gəlincə, bununla bağlı heç bir normativ akt yoxdur. Lakin titul vərəqi, ədəbiyyat siyahısı, istinadlar və s. üçün qəbuledilmiş normalar mövcuddur.
Dərslik və dərs vəsaitlərindən fərqli olaraq, monoqrafiya digər alimlərin əsərlərinin məcmuəsi və ya məlum faktların ifadəsi ola bilməz. Monoqrafiya müəllifin (yaxud müəlliflərin) şəxsi tədqiqatının nəticələrini, yeni fikirləri, problemin orijinal təhlilini əhatə etməlidir. Dissertasiya işini də monoqrafiya kimi çap etmək mümkündür. Lakin bu zaman onu daha oxunaqlı hala gətirmək, dilini bir qədər sadələşdirmək lazımdır. Dar mütəxəssis dairəsi üçün yazılan dissertasiyalardan fərqli olaraq, monoqrafiyalar daha geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Monoqrafik tədqiqatda elmi-publisistik üslubdan istifadə olunur. Burada dəbdəbəli başlıqlar, frazeoloji birləşmə və obrazlı ifadələrdən istifadə etmək yolverilməzdir. Materialın təqdimatını tədricən yekun nəticələrə çatdırmaq, onları mümkün qədər aydın şəkildə ifadə etmək lazımdır. İstənilən monoqrafiyanın əsas dəyəri məhz nəticələrdir.
Dərslik tədris olunan fənnin təsdiqlənmiş proqramını bütünlüklə əhatə edən akademik nəşr növüdür. Dərslikdə bütün mövzular sistemli şəkildə, ardıcıllıqla, başlıq, yarımbaşlıqlar formasında təqdim edilir. Elmi istiqamətə uyğun olaraq cədvəllər, sxem və qrafiklər, müəyyən izahedici terminoloji lüğət, çalışma və tapşiriqların verilməsi də dərsliyə xas xüsusiyyətlərdən biridir. Ali məktəb dərsliklərinin hazırlanmasında diqqətə alınacaq əsas cəhətlər bunlardır:

  • universitetin (yaxud ixtisasın) texniki və humanitar yönümlü olması;

  • tələbələrin yaşı və bundan irəli gələn qavrama səviyyələri;

  • fənnin məcburi, yoxsa seçici olması;

  • dərsə verilən saatların miqdarı;

  • fənnin nəzəri, yoxsa praktiki əhəmiyyət daşıması və s.

Dərsliklər daim yenilənən tədris vasitəsidir. Elmin durmadan inkişafı, müasir gənclərin tələb və istəklərinin dəyişməsi dərsliklərin mütamadi olaraq yenilənməsini, günün tələblərinə cavab verməsini tələb edir. İnformasiya texnologiyalarınn inkişaf etdiyi, bütün dərslik, dərs vəsaiti və əlavə kitabların əlçatan olduğu dövrdə yüksək səviyyəli dərslik yazmaq müəllifdən savad, təcrübə, müasir tələbləri düzgün qiymətləndirməyi tələb edir. Çünki müasir tələbənin müxtəlif dillərdə əldə edə biləcəyi dərslik sayı istənilən qədərdir.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin