Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə1/15
tarix05.12.2023
ölçüsü110,97 Kb.
#138429
  1   2   3   4   5   6   7   8   9   ...   15
Az rbaycan dilind i g zar v akademik kommunikasiya kursun m q (1)


Azərbaycan dili
1)
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri
İşgüzar kommunikasiya isə hər hansı bir ümumi işin uğurunu təmin edən, insanların müəyyən hədəflərə çatması üçün bir araya gəldikləri fəaliyyətdir.
İşgüzar kommunikasiya iş yoldaşları, rəhbər və tabeliyində olan işçilər, tərəfdaşlar və rəqiblər arasında baş verir. İşgüzar kommunikasiyanın tərkibinə məzmun, hədəf, vasitə, funksiya, forma daxildir.
Bir insanın özünü sosial varlıq, cəmiyyətin bir üzvü kimi hiss etməsi üçün ünsiyyət labüddür. Fərdin ailə içində, qohumlar arasında, məktəb və universitetlərdə, daha sonra iş həyatında qurduğu müxtəlif məzmunlu ünsiyyət onun şəxsiyyət kimi formalaşmasında, ətraf mühiti anlamasında, özünü ifadə etməsində mühüm rol oynayır və bu proses davamlı olaraq bütün həyat boyu işlək olmalıdır. 
Müasir dövrümüzdə iş həyatının bütün sahələrində uğur qazanmaq üçün sağlam ünsiyyət qurmaq qaçılmaz şərtlərdən biridir. Məlumdur ki, iş həyatı bütün dünyada sosial mühit, sosial münasibətlər tələb edir. Sosial mühitə uyğunlaşmaq, sağlam ünsiyyət qurmaq istiqamətində bilik və bacarıqlar əldə etmək, bu bilik və bacarıqların tətbiqi yollarını öyrənmək müvəffəqiyyətə gedən yolda mühüm addımlardır. 
Bu fənnin məqsədi tələbələrin işgüzar kommunikasiya sahəsində ünsiyyət və nitq səriştələrini formalaşdırmaq, şifahi və yazılı nitqdə Azərbaycan dilinin imkanlarından səmərəli istifadə etmək vərdişləri aşılamaqdan ibarətdir. Müasir dövrdə savadlı yazmaq bacarığı, gözəl danışmaq qabiliyyəti, müxtəlif tipli sənədləri tərtib etmək, elektron yazışmalar aparmaq səriştəsi, internet resurslarından istifadə hər bir insanın peşəkar-mədəni səviyyəsini müəyyənləşdirən mühüm amillərdən biridir. 
Dünya iqtisadiyyatının qloballaşması, mədəniyyət və təhsili əhatə edən inteqrasiya prosesləri, gənc mütəxəssislərin hazırlanmasında yeni tələb və bacarıqlar diqtə edir. Bu yeni tələblər arasında reklam texnologiyalarını yazılı işgüzar ünsiyyətdə tətbiq etmək, bir komanda daxilində səmərəli işləmək, şifahi və yazılı mədəniyyətlərarası işgüzar ünsiyyət dilində milli və beynəlxalq xüsusiyyətləri nəzərə almaq bacarığı da mühüm yer tutur. “Azərbaycan dilində işgüzar və akedemik kommunikasiya” fənni məhz bu bacarıq və keyfiyyətlərin tələbələrə aşılanmasını əsas məqsəd kimi qarşıya qoyur.
Uğurlu münasibət yaratmaq üçün öncə ünsiyyətə mane olan məqamları müəyyənləşdirib aradan qaldırmaq və uğurlu ünsiyyətə kömək edəcək vasitələrdən istifadə imkanlarınızı artırmaq gərəkdir. Bu gün sakini olduğumuz real dünyada heç də bütün mesajlar birbaşa, açıq formada təqdim olunmur. Mesajları düzgün anlamaq üçün isə ilk növbədə mənsub olduğunuz cəmiyyətin ictimai-mədəni səviyyəsinə, etnik-əxlaqi normalarına, eləcə də iş ortamı qaydalarına hakim olmaq gərəkdir. Bu fənnin tədrisi zamanı sizə iş həyatınızda (hətta həyatınızın bütün istiqamıtlərtində) uğura imza atmaq üçün tələb olunan qaydalar və prosedurlar izah olunur. Bu qaydalara uyğun olaraq qurulacaq karyeranızda addım-addım irəliləmək üçün sizlərə verilən ipucları çətin və enişli-yoxuşlu iş həyatınızda köməyinizə çatacaq və nəticədə siz düzgün qurulan işgüzar münasibətlərin müvəffəqiyyətə aparacağını görəcəksiniz.
Hər hansı əcnəbi dili öyrənməyin nə qədər çətin və uzun bir proses olduğu hamıya məlumdur. Bunun üşün xeyli vaxt sərf edərək səylə çalışmaq lazımdır. Lakin dünyada hamı üçün əlçatan və anlaşılan bir ünsiyyət forması da var ki, bu da jest və mimikaların dilidir. Bəzən onu işarə və yaxud bədən dili adlandırırlar. Fənnin tədrisi prosesində müasir işgüzar kommunikativ proseslərin mühüm atributu olan jest və mimikaları tələbələrə öyrədilməsi, gələcək iş həyatlarında jest və mimikalardan istifadə yollarınının aşılanması da nəzərdə tutulur.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni dil və nitq, nitqdə Azərbaycan ədəbi dil normalarından düzgün istifadə qaydaları, mədəni nitqə verilən tələblər, nitq etiketləri və s. məsələləri də əhatə edir,eləcə də dövlət dili statusu ilə bağlı Azərbaycan ədəbi dilinin inkişaf tarixi haqqında ümumi məlumat verilir.B undan əlavə, bu fənn tələbələrə elmi əsərlərin – məqalə, tezis, annotasiya, dissertasiyaların hazırlanması qaydalarını, auditoriya qarşısında çıxış etməyin sirlərini, hər hansı bir nitqi hazırlama texnikasını öyrədəcək. Bir sözlə, fənnin tədrisi müddətində ünsiyyətin ən sadə ünsürlərindən başlayaraq akademik kommunikasiyaya qədər önəmli sahələri əhatə edən müxtəlif nəzəri və təcrübi biliklərin tələbələrə aşılanması nəzərdə tutulur.
2) Hər bir millətin varlığının əsas şərtlərindən və göstəricilərindən biri, qürur mənbəyi onun ana dilidir. Dil hər bir xalqın varlığının yeganə təminatçısı kimi onun milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində mühüm rol oynayır.
Azərbaycan dili də əsrlərdir ki, xalqımızın milli-mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Təsadüfi deyi1 ki, ana dilimiz də dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi, hər bir azərbaycanlı üçün müqəddəsdir, əzizdir. Xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixi olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən bövük mənəvi sərvətimizdir.
Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalarla üzləşsə də, müxtəlif dövrlərdə istilalara, təzyiqlərə məruz qalsa da, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub saxlayıb. Babalarımız öz qrammatik quruluşuna görə mükəmməl, leksik tərkibi ilə zəngin, fonetik ahəngi baxımından musiqi kimi səslənən dilimizi yaşadaraq, mükəmməl dil səviyyəsinə qaldıra biliblər.
Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, qədim abidələrimizdən tutmuş İ.Həsənoglu, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurgun kimi dühaların zəngin söz irsi ilə bizə gəlib çıxan ana dilimiz ölkəmiz müstəqillik qazandıqdan sonra əsas milli atributlardan biri kimi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan dilinin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu öndər bu sahədə özünün şəxsi nümunəsi ilə dəyərli bir örnək yaratmışdır. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması həqiqi xalq lideri Heydər Əliyevin titanik fəaliyyəti dövründə çox diqqət yetirdiyi sahələrdən olmuşdur.
Sovet hakimiyyəti dövründə, xüsusən də XX əsrin 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili deyil, rus dili hakim mövqedə idi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi hakim dövlət siyasətinə uyğun deyildi. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi isə ölkə həyatının bütün sahələrində ciddi dönüş yaratdığı kimi, Azərbaycan dilinə rəsmi münasibəti də əsaslı şəkildə dəyişdirdi. O, Azərbaycan dilinin dövlət orqanlarında fəaliyyət dairəsini genişləndirməyə başladı.
Respublika rəhbərliyinə gəlişinin ilk aylarında “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) 50 illik yubileyləri münasibəti ilə keçirilən təntənəli yığıncaqlarda ana dilində çıxış etməsi ilə о dövrdəki daha bir sərt qaydanı sındıran Heydər Əliyevin həmin çıxışı о zaman respublikada böyük rezonans doğurmuşdu. Bu münasibətlə onu təbrik edənlərə isə belə deyirdi: “Burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz. Bu, mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”.
Ötən əsrin 70-ci illərinin ortalarında yazıçıların biri ona “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”. Respublikanın birinci şəxsinin dilindən səslənən bu sözlər ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoydu. Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın milli ruhunun yüksəlişinə təkan verən şərtlərdən biri xalqın balalarının ana dilində tərbiyələndirilməsi və təhsil almasıdır. Bu prosesin inkişaf etdirilməsi məqsədilə 1969-1982-ci illərdə respublikanın şəhərlərində, kənd və qəsəbələrində yüzlərlə uşaq bağçası və məktəb tikilib, istifadəyə verilmişdi. Ali məktəblərin sayı 12-dən 17-yə, bunlarda təhsil alan tələbələrin sayı isə 70 min nəfərdən 100 min nəfərə çatmışdı.
Ulu öndərimiz deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Bu gün müstəqil ölkəmizin rəsmi dövlət dili Azərbaycan dilidir və heç kəsə sirr deyil ki, bu məsələ birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
XX əsrin 70-ci illərinin ortalarından SSRİ-nin tərkibində olan müttəfiq respublikaların ictimai-siyasi həyatında bir canlanma, yeni ab-hava yaranmışdı və yerli dil məsələsi yenidən gündəmə gəldi. O vaxtlar milli dillər sıxışdırılır, rus dilinin hüdudlarının genişləndirilməsi üçün inzibati tədbirlər həyata keçirilirdi. SSRİ məkanında “vahid dil” siyasəti təbliğ olunurdu və bu məqamda kiminsə ana dili məsələsinin təbliği ilə məşğul olması çox riskli bir iş idi. Yerlərdə ana dili məsələsini gündəmə gətirənlər təhlükə ilə qarşılaşa, hətta ağır cəzalandırıla bilərdilər. Ancaq bu çətinliklərə baxmayaraq, о dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev bu məsələdə güzəştə getmir, qətiyyətlə öz mövqeyini ortaya qoyurdu.
1977-ci ilin dekabrında SSRİ Konstitusiyasının qəbulundan sonra müttəfiq respublikaların Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Digər müttəfıq respublikalarda olduğu kimi, Azərbaycan SSR-in Konstitusiya layihəsində də dövlət dili ədalətli əksini tapmamışdı, yəni Azərbaycan dilinin hansı status daşıması ilə bağlı məsələ açıq qalırdı. 1978-ci ilin yazında respublikada layihənin ümumxalq müzakirəsi keçirilsə də, kommunist ideologiyasının hakim olduğu bir vaxtda bu müzakirələr, əsasən, formal xarakter daşıyırdı. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, Heydər Əliyev qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.
Bu gün hər bir Azərbaycan vətəndaşı böyük minnətdarlıq hissi ilə etiraf edir ki, sovet imperiyası dövründə Azərbaycan dilinə dövlət statusunun verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və onun xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tariximizin qızıl səhifəsini təşkil edir. Bu, həm də gələcək müstəqil dövlətçiliyin milli atributlarından birinin o dövrdə qorunması demək idi. Bu cəsarətli addımdan sonra ulu öndərin bilavasitə rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı və qorunması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirildi. O zaman Heydər Əliyev deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddətdə hakimiyyətdə olan AXC – Müsavat hakimiyyətinin dil sahəsində yeritdiyi səriştəsiz siyasət də ölkəmizin müstəqilliyinə təhlükə törədirdi. 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanun qəbul edərək Azərbaycanda dövlət dilinin “türk dili” olması barədə qərar qəbul edilməsi, orta məktəblərdəki ana dili dərsliklərinin “türk dili” adlı dərsliklərlə əvəzlənməsi kökündən yanlış bir addım idi.
1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev əvvəllər olduğu kimi, Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsınə xüsusı önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.
Ana dilinin inkişafina xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı.
Dilimizin böyük hamisi və sadiq keşikçisi olan ümummilli liderimiz 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni bir fərman da imzaladı. Həmin fərmanda deyilir: “Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”.
Bu fərman bütün sahələrdə Azərbaycan dilinin daha mükəmməl səviyyədə tətbiq olunması işini daha da sürətləndirdi, bundan sonra bütün yazılı sənədləşmələr latın qrafikalı Azərbaycan əlifbası ilə aparıldı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Ümummilli liderimiz böyük qürur hissi ilə deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.
Bütün sahələrdə ulu öndərin siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmlı nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində işləkliyini gerçəkləşdirmişdir.
Bu baxımdan ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə olan dövlət qayğısının növbəti nümunəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün apardığı uğurlu dil siyasəti ulu öndərimizin vaxtilə söylədiyi bu dahiyanə mülahizələrdən qaynaqlanır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti ilə baglıdır. Ölkə Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.

3)


4) Nitqin düzgünlüyü. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. 
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də sifahinitqdə qrammatik qaydalara əməl etməkdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. 
Nitqin düzgünlüyü üçün baslıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.
Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin yerli-yerində işlədilməsi, fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür.

Yüklə 110,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin