Azərbaycan Dövlət Film Fondunun yeni binası barədə
məlumat
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin və sənədlərin lazımi səviyyədə mühafizəsinin təmin edilməsi məqsədilə “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi barədə” 23 fevral 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi üzrə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində Azərbaycan Dövlət Film Fondunun yeni 5 mərtəbəli binası inşa edilmişdir. Baş podratçı “Azkond” MMM-dir.
Yeni binasının inşası 2009-cu ilin aprel ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət Film Fondunun yeni binasının təntənəli açılışı olmuşdur.
Binanın 3-cü və 4-cü mərtəbələrində müxtəlif illərin bütün növ kinolentlərinin qorunması üçün -16C0 -dən +18C0 qədər temperatur rejimi və 45%-dən 75%-ə qədər nəmişlik yaradılan 16 kamera yerləşir.
Kameralarda temperatur və nəmişliyi tənzimləyən avadanlıqlar Belçikanın “FRİGA-BOHN”, Almaniyanın “Danfoss” və “MUK-İUK” firmalarının istehsalıdır. Təbii gündəlik iqlimdən fərqli temperaturda və nəmişlikdə saxlanan materialların ətraf mühitə tədricən uyğunlaşdırılması üçün kameraların hər birinin girişində müvəqqəti saxlanma və adaptasiya üçün müxtəlif temperatur rejimli 2 tambur inşa edilmişdir.
Saxlanan lentlərin korlanmasının qarşısını almaq üçün kameraların yanğından mühafizəsi İtaliyanın “EİSİBİ İnpianiti” firmasının istehsalı olan qazla yanğınsöndürmə sistemi ilə həyata keçirilir.
Fondda kinolentlərin bərpası üçün laboratoriyalar, başqa lentə və ya rəqəmsal sistemə keçirilməsi üçün otaqlar ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bütün avadanlıqlar Fransanın “STM DEBRİ” firmasının son istehsalıdır. Binada bərpa edilmiş filmlərin və yeni filmlərin qəbulu üçün hər biri ayrılıqda kinoproyeksiya avadanlığı ilə təmin edilmiş texniki nəzarət zalı və 120 yerlik tamaşaçı zalı vardır. Kinoavadanlıqlar Almaniyanın “Kinoton” firmasına məxsusdur.
Fondun binası bütün sistemlərin və fond əməkdaşlarının səmərəli işləməsi üçün ayrıca transformator yarımstansiyası, ehtiyat qida mənbəyi olan dizel qeneratoru, İtaliyanın “İ.Var” firmasının qazanları və Almaniyanın “Grunfos” firmasının nasosları, ABŞ-İtaliya “MK-Quay” firmasının soyuducu “Çiller AİSF” və “Çiller MS Smart” qurğuları və kameralarda lazımi rejimlərin tənzimlənməsi üçün avadanlıqlarla təchiz edilmişdir. Binanın içməli su və yanğından mühafizəsinin təminatı üçün hər biri 100m3 su tutumuna malik və Almaniyanın “Grunfos” firmasının nasosları ilə təmin olunmuş su anbarı inşa edilmişdir.
Binada daxili rabitə şəbəkəsi 128 portluq və 500 abonentlik ABŞ-İsrail “Coral Advantek ATS” firmasının, videonəzarət sistemi isə Yaponiyanın “SONY” firmasının avadanlıqları ilə həyata keçirilir.
Binanın daxilində Almaniyanın “Tisson” firmasının 1 sərnişin və 1 yük lifti quraşdırılmışdır.
Azərbaycan Dövlət Film Fondunun yeni binasının fasadı alkopan materialla üzlənmiş, gecə işıqlandırılması ilə təmin olunmuş, binanın ətrafında 2000m2 sahə abadlaşdırılmış və yaşıllaşdırılmışdır.
Dostları ilə paylaş: |