«Referat» (latınca referrer - məruzə etmək, məlumat vermək) hər hansı məsələ ilə bağlı, bir və ya bir neçə kitab, monoqrafiya, yaxud da ilkin mənbələr əsasında qısa və dəqiq icmal məzmunu əks etdirir.
Müstəqil yazılı təhlil işi olmaqla, referat müxtəlif mənbələr və orijinal müəllif nəticələri əsasında ideya, konsepsiya, nöqteyi-nəzər və baxışların ümumiləşdirilməsi forması kimi çıxış edir.
Referat işini yerinə yetirən magistrantlar, müvafiq problemə analitik və konkret fikr bildirmələri üçün bu sferada mövcud materialları oxumalı və təhlil əsasında məntiqi nəticələr çıxarmaqla, məzmunu dürüst icmalda təqdim etməyi bacarmalıdırlar.
Xüsusi olaraq fənn predmeti üzrə yazılan referat işləri, düskutiv mahiyyət daşımaqla, seminar məşğələlərin kollegial müzakirə obyektinə çevrilirlər. Bu diskussiyanın iştirakçıları isə bir qayda olaraq verilmiş mövzu üzrə ən azı 2-3 mənbə əsasında müxtəlif referatlar hazırlayırlar. Digər hallarda bu iş daha çox kitab, məqalə və məlumat ədəbiyyatından istifadə etməklə yerinə yetirilir.
Xarakterik olaraq referat özündə üç mühüm axtarış əlamətini əks etdirməlidir:
-
əsas konsepsiyaların məzmununun açılması;
-
mövcud problemlə əlaqədar mütəxəssis fikirlərindən bir neçə sitatın verilməsi;
-
səhifə aşağısında haşiyələr və ya xüsusi lüğət yaratmaqla mətn əlavələrinin təqdimatı.
Referat mətninin yazılmasında sənədləşdirilən fraqmentlər məntiqi müəllif bağlantıları ilə uzlaşdırılır.