Braziliyada məktəbəqədər və əsas təhsil səviyyəsində işləyən pedaqoji heyət üçün kursları bələdiyyələr təşkil edir.
Müəllimlərin ixtisasartırmadan keçməsinin beş pilləsi vardır və hər pillə üçün xüsusi bal göstəriciləri müəyyənləşdirilmişdir. Müəllim hər üç ildən bir testdən keçmək səlahiyyətinə malikdir. Testdən keçən hər kəsin əməkhaqqı 25% artır. Müəllim ardıcıl olaraq hər üç ildən bir beş dəfə testdən keçdikdə, böyük miqdarda əməkhaqqı almaq şansı qazanır. Əgər müəllim hansı ildə testdən keçə bilməsə, ona növbəti il testdən keçmək üçün icazə verilir.
Bu iş tender yolu ilə cəlb olunmuş qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.
Universitetlərlə birlikdə 360 saatlıq təlim kursları yaradılmışdır. Dörd ay müddətində davam edən bu kursu bitirmiş ali təhsilli şəxslər müəllimlik hüququ qazanırlar.
Yaşlıların təhsili və davamlı təhsil
Braziliyada yaşlıların təhsili müxtəlif yaş qruplarında olan yaşlılar üçün nəzərdə tutulub. Müəyyən səbəblərdən əsas təhsil pilləsini başa vurmayan şəxslər də yaşlıların təhsili kurslarının xidmətlərindən yararlana bilərlər.
Davamlı təhsil proqramları isə işləyən, ixtisasını artırmaq, karyera pilləsində yüksəlmək, daha üstün dərəcə əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Davamlı təhsil insanlara öz texniki bilik və bacarıqlarını artırmağa və qloballaşan dünyanın tələbləri səviyyəsinə yüksəlməyə imkan yaradır. Hazırda hətta ölkənin kənd yerlərində yaşayan yaşlı əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün müəyyən tədris proqramları həyata keçirilir.