Azərbaycan əDƏBİyyatinda təNQİDİ realizm və romantizm epoxasi



Yüklə 137,85 Kb.
tarix17.11.2018
ölçüsü137,85 Kb.
#82714


AZƏRBAYCAN ƏDƏBİYYATINDA TƏNQİDİ REALIZM VƏ ROMANTİZM EPOXASI (XIX ƏSRİN 90-CI İLLƏRINDƏN 1920-CI İLƏDƏK)

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı həm çoxəsrlik ədəbi fikrin tarixində, həm də milli realist ədəbiyyatın təşəkkülündə keyfiyyətçə yeni hadisə idi. “Təzə əsrin ibtidasında” baş vermiş böyük ictimai-siyasi hadisələr: Rusiyadakı burjua-demokratik inqilabı, İrandakı məşrutə hərəkatı, Birinci Dünya müharibəsi Azərbaycana da öz təsirini göstərmişdir. Ölkədə milli-demokratik hərəkat genişlənmiş, fərqli baxışlara malik siyasi partiyalar fəaliyyətə başlamış, milli azadlıq uğrunda mübarizə məsələsi gündəmə gəlmişdir. Demokratik mətbuatın yaranması və ardıcıl fəaliyyəti Azərbaycanda ictimai-siyasi fikrin və ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir. Milli şüurun oyanışı və cəmiyyətdəki yeniləşmə sadə insanı ədəbiyyatın ön sırasına çıkmiş, onun simasında ədəbiyyatda xalqın həyatının əks etdirilməsi və gələcək taleyinin müəyyən olunması ədəbi fikrin baş mövzusuna çevrilmişdir. Cəmiyyətdə və insan mənəviyyatında baş verən yeniləşmə ictimai mühitdə böyük bir canlanma və dirçəliş əmələ gətirmişdir. Fikrimizcə, rus ədəbiyyatında həmin dövrün, “Rus mənəvi renessansı” adlandırılması1 tamamilə təbiidir. Və XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai mühitində də mənəvi renessans prosesləri yaşanmışdır. XX əsrin əvvəllərində Azərbaycanda yeni tipli intibah mühitində yeni əsrin ədəbiyyatı yaranıb inkişaf etmişdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, XIX əsrdə meydana çıxan maarifçi ideyalar XX əsrin əvvəllərində daha da inkişaf edərək milli-demokratik hərəkat səviyyəsinə qalxmışdır. Daha doğrusu, XIX əsrin maarifçilik hərəkatı XX əsrin əvvəllərinin milli-demokratik hərəkatına çevrilmişdir. Cəlil Məmmədquluzadənin «məktəb-məktəb deməklə Fatiya tuman olmaz» - fikirləri yeni tarixi epoxada ədəbiyyatın qarşısında duran daha ciddi ictimai-siyasi problemlərin əks-sədası kimi səslənmişdir. XIX əsr Azərbaycan maarifçi ədəbiyyatının əsas hədəfi xalqı nadanlıqdan xilas etmək, XX əsrin əvvəlləri ədəbiyyatının başlıca məramı isə milli istiqlal idi. Haqlı olaraq deyildiyi kimi, yeni tarixi epoxanın başlanğıcında nəşr edilmiş «Molla Nəsrəddin» jurnalı Azərbaycanın “həqiqət və intibah kitabı” idi.1 XIX əsrdə ilk toxumları səpilmiş azərbaycançılıq ideyası XX əsrin əvvəllərinin ədəbiyyatında genişlənmiş və ümummilli ideala çevrilmişdir. Göründüyü kimi, XX əsrin əvvəllərinin ədəbiyyatında artıq maarifçi realizmdəki kimi cəmiyyəti islah edib təkmilləşdirmək yox, mövcud quruluşu dəyişmək, xalqı milli istiqlala çatdırmaq əsas strateji məqsəd idi. Bu, tam mənası ilə maarifçi realizmin inkişaf edərək yeni tarixi şəraitdə tənqidi realizmə çevrildiyini göstərir. Məhz tənqidi realizm cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə cəmiyyətin yeni inkişafına maneçilik törədən bütün təzahürləri tənqid və ifşa edir. Beləliklə, Azərbaycan ədəbiyyatında “tənqidi realizm mövcud iqtisadi həyat və əxlaq tərzinin artıq tənqidə və lənətə məruz qaldığı, inkar, ittiham və rədd olunduğu bir dövrün realizmi kimi formalaşır”.2

Azərbaycan tənqidi realizmi ilə “Molla Nəsrəddin” ədəbi məktəbinin məqsədləri və vəzifələri bir-birini tamamlamışdır. Tənqidi realizm də Üzeyir Hacıbəyovun sözləri ilə desək, “Molla Nəsrəddin” kimi baltanı dibindən vuran”3 ədəbi cərəyan olduğu üçün mollanəsrəddinçilərin məramı ilə üst-üstə düşür. Azərbaycan tənqidi-realist yazıçıları əsasən mollanəsrəddinçilər idilər. “Molla Nəsrəddin” jurnalı tənqidi realizmin ədəbi cəbbəxanasını təşkil edirdi. Ona görə də tənqidi realizm ədəbi cərəyanı ilə “Molla Nəsrəddin” ədəbi məktəbi anlayışları eyni fikri bildirir. Azərbaycan mollanəsrəddinçilərin “ağsaqqal yoldaşı” olan böyük demokrat ədib Cəlil Məmmədquluzadə eyni zamanda həm də tənqidi realizm ədəbi cərəyanının ideya rəhbəri və yaradıcısıdır.

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı mövcud cəmiyyətin dərin və aydın bədii dərki və ictimai-siyasi sistemin bütün cəbhə boyu tənqidi dövrünün ədəbiyyatıdır. Dövrün ayrı-ayrı ədəbi axınlarının hər biri müxtəlif yönlərdən və fərqli səviyyədə bu prosesdə iştirak etmişlər. Lakin bütövlükdə cəmiyyətin tənqidi dərki və obyektiv bədii inikası, habelə milli istiqlal uğrunda mübarizə vəzifəsini tənqidi realizm cərəyanının əsas cəbbəxanasını təşkil edən “Molla Nəsrəddin” ədəbi məktəbi həyata keçirmişdir. Milli istiqlal məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin başçılıq etdiyi «Molla Nəsrəddin» ədəbi məktəbinin milli-demokratik ideya səviyyəsində uğrunda dönmədən mübarizə apardığı əsas ideal idi. Artıq Azərbaycan ədəbiyyatı və ictimai fikri «azərbaycanlı» anlayışını gündəmə gətirməklə yox, «Haradır Azərbaycan?», “Nə etməli” kimi ölkənin geniş coğrafi ərazisinin hüdudlarını müəyyən etmək və həmin coğrafiyada milli dövlət yaratmaq yolunda mübarizə aparırdı. “Haradır Azərbaycan” sualının cavabını Cəlil Məmmədquluzadə aşağıdakı kimi vermişdi: “Yəni Vətənin haradır? Azərbaycan vilayətidir. ...Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissəsi də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir”.4

Cəlil Məmmədquluzadənin və ümumiyyətlə mollanəsrəddinçilərin yaradıcılığında “nə etməli” sualına verilən cavabların hamısında mövcud üsul-idarəni dəyişmək və xalqı milli istiqlala çatdırmaq vəzifəsi mütləq şəkildə irəli sürülmüş və müdafiə olunmuşdur. Mirzə Cəlilin “Rişədən başlamalı” çağırışı tənqidi realizm ədəbiyyatında “nə etməli” sualının ən tutarlı cavabı idi: “Əgər rişəni baltalayıb, ona zəfər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq. Yoxsa nə qədər ki, rişə saf-salamatdır, ağac hələ dayanıb duracaqdır”.5 Bu, sözün əsl mənasında mollanəsrəddincəsinə “baltanı dibindən vuran” kəsərli və aydın cavabdır və tənqidi realizmin əsas tezislərini tam ifadə edir. Cəlil Məmmədquluzadə möhkəm surətdə inanırdı ki, “dünya-aləm mayallaq edib dəyişdiyi” kimi onun müqəddəs ölkəsi də dəyişəcək və azadlığa qovuşacaqdır. Buna görə də Mirzə Cəlil və ümumən mollanəsrəddinçilər böyük ideala çatmaq üçün xalqı hazırlamaq vəzifələrini həyata keçirir, onları “Vətən, millət, dil” idealları üzərində kökləməyə çalışır, həmvətənlərini var gücü ilə və “əməl, əməl və yenə də əməl”ə çağırırdılar.

Göründüyü kimi, «Molla nəsrəddin» ədəbi məktəbi azərbaycançılıq idealının əsas cəbhəxanasını təşkil edirdi. Azərbaycançılıq məfkurəsini milli-demokratik hərəkat səviyyəsinə qaldırmaq mollanəsrəddinçilərin böyük hünəri və tarixi xidmətləridir. Bu mənada «Molla Nəsrəddin» ədəbi məktəbi – azərbaycançılıq məktəbi deməkdir. Cəlil Məmmədquluzadənin «Azərbaycan» məqaləsi mətbuatda, «Anamın kitabı» dramı isə ədəbiyyatda azərbaycançılıq idealının manifestidir.2 Azərbaycançılıq idealının məzmununu və mahiyyətini təşkil edən əsas məsələlər mollanəsrəddinçilərin, ilk növbədə isə Cəlil Məmmədquluzadənin əsərlərində bütünlüklə öz əksini tapmışdır.

XX əsrin əvvəllərinin aparıcı ədəbi istiqamətini ifadə edən tənqidi realizm - mollanəsrəddinçilik dövrün həm ədəbiyyatının, həm də ictimai-siyasi fikrinin hərəkətverici qüvvəsi olmuşdur. Ədəbiyyatşünaslıqda doğru olaraq qeyd edildiyi kimi, “yeni dövrün Azərbaycan ədəbiyyatını böyük ədibin adı ilə “Molla Nəsrəddin” dövrü” adlandırırlar. Molla Nəsrəddin – Cəlil Məmmədquluzadə – bu adın özü... ədəbiyyatımıza sima və sifət verən simvol olmuşdur. Bu ad şəkildimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir, mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur”.6

“Molla Nəsrəddin” ədəbi cəbhəsi Azərbaycan tənqidi realizminin əsas vəzifələrini, siyasi-ədəbi məqsədlərini həyata keçirən mübariz ədəbiyyat məktəbidir. Mollanəsrəddinçilik təlimi tənqidi realizm ədəbiyyatının proqramının ana maddələrinin ifadə olunduğu siyasi məfkurə və milli ədəbiyyat strategiyasıdır.

“Molla Nəsrəddin” jurnalı və eyni adlı ədəbi məktəb mollanəsrəddinçilik adlanan xüsusi bir təlimi meydana çıxarmışdır. “Molla Nəsrəddin” ədəbi məktəbinin ideya əsasını mollanəsrəddinçilik təlimi təşkil edir.

“İctimai-ədəbi fikir cərəyanı” olan7 mollanəsrəddinçilik ilk növbədə “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin nizamnaməsi və əsasnaməsidir.

Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik hərəkatının əsas qayəsidir.

Azərbaycançılıq – mollanəsrəddinçilik təliminin ideya əsasını və hərəkətverici qüvvəsini təşkil edir. Mollanəsrəddinçilik və azərbaycançılıq sinonim siyasi-ideoloji baxışlar səviyyəsində səslənir. “Açıq ana dilində” yazmaq, “açıq yazmağı da bacarmaq” mollanəsrəddinçilik hərəkatını təmsil edən şair və yazıçıların əsas üslubi istiqamətini müəyyən edir.

Kiçik adamın timsalında xalq anlayışını ədəbiyyata və mətbuata gətirmək və müdafiə etmək mollanəsrəddinçiliyin təməl şərtlərindəndir.

Mollanəsrəddinçilik - ədəbiyyatda tənqidi realizm və satira məktəbi kimi qəbul olunur. Mollanəsrəddinçi ədəbi hərəkat – tənqidi realizm cəbhəsindən ibarət ədəbiyyat cərəyanıdır. Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə cəmiyyəti dəyişmək, yeniləşdirmək, xalqı irəli aparmaq deməkdir.

Satiranın bütün gücü və imkanları mollanəsrəddinçilik təlimində öz əksini tapır. “Molla Nəsrəddin” jurnalının dili, üslubu, janrları, tipajları və karikaturaçılıq mollanəsrəddinçi poetikanın əsasını təşkil edir. Mollanəsrəddinçilik - satirik publisistikanın siyasi kəsəri, yüksək vətəndaşlıq ruhu, forma müxtəlifliyi, zəngin sənətkarlıq imkanları mənasını ifadə edir.

Mollanəsrəddinçilik – ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin genişləndirilməsi və müdafiə olunması hrəkatı deməkdir.

Mollanəsrəddinçilik – milli istiqlala, müstəqil dövlətçilik idealına, azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etməkdən ibarətdir.8

“Molla Nəsrəddin” satira jurnalının nəşri ilə Azərbaycan ədəbiyyatında tənqidi-realist ədəbiyyat inkişaf etdirilmişdir. Çoxəslik Azərbaycan ədəbiyyatında satira və yumor əlamətləri müxtəlif səpkidə mövcud olsa da, bu proses XIX əsrdə satirik-didaktik xarakter almış, XX əsrin əvvəllərində isə tam mənası ilə tənqidi-satirik ədəbiyyat səviyyəsində təzahür etmişdir. XIX əsr Azərbaycan maarifçi realizmində satira islahedici mahiyyət daşıdığı halda, XX əsrin əvvəllərinin tənqidi realizmində kəskin ifşaedici səviyyədə inkişaf etmişdir. Mollanəsrəddinçilər Azərbaycan tənqidi-satirik ədəbiyyatının əsas yaradıcıları və hərəkətverici qüvvətləri idilər. «Molla Nəsrəddin» jurnalı realist tənqidi-satirik ədəbiyyatın ana beşiyidir. Bu ədəbi məktəbin əsas yaradıcı simaları başda Cəlil Məmmədquluzadə olmaqla Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Əli Razi Şamçızadə və başqaları Azərbaycan realist tənqidi-satirik ədəbiyyatını yaratmışlar. Qısa müddət ərzində Azərbaycanda realist tənqidi-satirik ədəbiyyatın görkəmli yaradıcıları yetişmiş, ədəbi cəbhəsi formalaşmış, böyük əsərləri meydana çıxmışdır. Beləliklə, Azərbaycan ədəbiyyatının «Molla Nəsrəddin» dövrü yaranmışdır. Azərbaycan ədəbiyyatının «Molla Nəsrəddin» dövrü realist ədəbiyyatın inkişafında tənqidi realizm epoxasını yaratmışlar. Maarifçi realistlərdən fərqli olaraq, Azərbaycan tənqidi realizmində islahatçılıq yox, qəti olaraq cəmiyyətdə ciddi ictimai-siyasi dəyişikliklərə nail olmaq əsas hədəf idi. Bu, maarifçi ideyaları gündəmə gətirməklə, yaxud genişləndirməklə deyil, milli-mənəvi özünüdərk və siyasi azadlıq məsələsinin həlli ilə fəal surətdə məşğul olan ədəbiyyat idi. Cəhalətə, köhnəliyə, geriliyə münasibətdə də Azərbaycan tənqidi realistləri «baltanı dibindən vuran» yazıçılardır. Tənqidi realizm – Azərbaycan ədəbiyyatında mövcud ictimai-siyasi və mənəvi şəraitinin tipik vəziyyətlərini əks etdirən və onu dəyişdirməyin zəruriliyini, qaçılmazlığını bütün enerjisi ilə səsləndirən ədəbiyyatdır.



Tənqidi realizm ədəbiyyatı Azərbaycan ədəbiyyatına özünün tipik şəraitdə tipik obrazlarını gətirmişdir. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq kiçik adamın böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilməsi tənqidi-realizm ədəbiyyatında baş vermişdir. Və birinci dəfə idi ki, Azərbaycan tənqidi-realist yazıçıları «kiçik adam»dan geniş mənada xalqı təmsil edən əsas qüvvə səviyyəsində söz açırdılar. Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti əslində Azərbaycan ədəbiyyatında «kiçik adam»ın böyük əhvalatları demək idi. Əsərdəki qəzetçi Xəlil və lağlağı Sadıq kiçik adamın böyük ədəbiyyatdakı «bir gündülvari müqəddiməsi” kimi meydana çıxmışdır. Məmmədhəsən əmi obrazı kiçik adamın Azərbaycan ədəbiyyatında ilk ümumiləşmiş surətidir. Məmmədhəsən əmi xalq kütlələrinin taleyini özündə cəmləşdirən tipik obrazdır. Əsərdəki Zeynəbin - Zibanın yanıqlı taleyi Azərbaycan qadınının acınacaqlı, keşməkeşli həyatının real əks-sədası idi. XIX əsrin axırlarında meydana çıxmış «Danabaş kəndinin əhvalatları» əsəri (1894) həmin tarixi dövrdən ilk addımlarını atan Azərbaycan tənqidi realizminin möhtəşəm müqəddiməsidir. Cəlil Məmmədquluzadənin məşhur «Poçt qutusu» hekayəsi milli tənqidi-realist ədəbiyyatın mükəmməl proqramıdır. «Poçt qutusu» hekayəsi ilə Azərbaycan ədəbiyyatında realist tənqidi-satirik ədəbiyyat xəzinəsinin sehirli qutusu oxucuların üzünə açılmışdır. «Poçt qutusu» - yeni tarixi epoxanda, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında tənqidi realizmin paroludur. 1903-cü ildə yazılan və iki il sonra «Şərqi-Rus» qəzetində çap edilib oxuculara çatdırılan «Poçt qutusu» hekayəsində XX əsrin əvvəlləri Azərbaycan kəndinin reallıqları, müştəmləkə şəraitində kiçik adamın mövcud siması, yanıqlı taleyi və mənəvi oyanışın zərurəti tipik hadisələrin və tipikləşdirilmiş obrazın – Novruzəlinin simasında dahiyanə şəkildə açılb əks etdirilmişdir. Cəlil Məmmədquluzadənin Novruzəli obrazı Azərbaycan tənqidi-realist ədəbiyyatının meydana çıxardığı əsas simadır. XIX əsrdə Azərbaycanda ədəbiyyat böyük sürətlə xalq həyatının dərinliklərinə doğru inkişaf etsə də, xalqın real vəziyyətini əks etdirən obrazlar hələ «epizodik surətlər» şəklində görünməyə başlamışdı. Mirzə Fətəli Axundzadənin böyük xidməti Azərbaycan ədəbiyyatında ölkənin və xalqın real vəziyyətini və vəzifələrini əks etdirməkdən ibarət olmuşdu. Çünki XIX əsrdə «kiçik adam» cəmiyyətdə hələ əsas qüvvə səviyyəsində deyildi. XX əsr kiçik adamı ictimai-siyasi həyata, oradan da ədəbiyyata gətirmişdir. «Danabaş kəndinin əhvalatları»nı nəzərə almasaq, Azərbaycanda kiçik adamın böyük ədəbiyyatı XX əsrin əvvəllərində yaradılmışdır. Mirzə Cəlilin Novruzəlisi və usta Zeynalı kimi, Mirzə Ələkbər Sabirin Fatma-Tükəzbanları, Əbdürrəhim bəy Haqverdiyevin «maralları», Şeyx Şəbanı, Mirzə Səfəri, Məmməd Səid Ordubadinin «balaca felyeton» janrında yazdığı publisist məqalələrdəki kiçik adamlar tənqid hədəfləri deyil, ədəbiyyatın uğrunda mübarizə apardığı əsas sosial qüvvə idi. Məhz XX əsrin əvvəlləri milli-demokratik hərəkat dövrünün realist tənqidi-satirik ədəbiyyatı «kiçik adamı»n milli-mənəvi oyanışının həlledici məsələ səviyyəsinə qaldırmış, onu Azərbaycan cəmiyyətinin əsas aparıcı qüvvəsinə çevirmiş, xalqı müstəqil dövlətçilik düşüncəsinə çatdırmaqda “Novruzəlidən başlamaq”9 vəzifəsini uğurla həyata keçirmişdir. “Kiçik adamın” – xalqın taleyi geniş mənada insanın taleyi kimi səslənmiş, “kiçik adamın” oyanış, ümummilli oyanış və dəyişmələrin əsasında dayanmışdır. Ona görə də Azərbaycan Demokratik Respublikasının yaranmasında XX əsrin əvvəlləri milli-demokratik ədəbiyyatının və mətbuatının xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Həqiqətən də “Azərbaycan Xalq Cümhuriyyəti bir tarixi, siyasi, ideoloji fakt olaraq yalnız dövrünün tarixi şəraitinin məhsulu olmayıb, həmin illər boyu milli siyasi, ədəbi, fəlsəfi düşüncəsinin nəticəsi olaraq meydana gəlib”.10 XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında geniş yer tutan milli-demokratik ideyalar ölkədə müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır.

XX əsrin əvvəllərinin tənqidi realizmi Azərbaycan ədəbiyyatına yeni janrlar gətirmişdir. Bu dövrdə kiçik hekayə böyük ədəbiyyatın janrları sırasında ön mövqeyə çıxmışdır. XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının hekayəçilik dövrü kimi səciyyələndirmək olar. Cəlil Məmmədquluzadənin satirik, Əbdürrəhim bəy Haqverdiyevin yumoristik hekayələri Azərbaycan ədəbiyyatının inkişafında hekayə dövrünü yaratmışdır. Cəlil Məmmədquluzadənin hekayələri ümumiyyətlə Azərbaycan hekayəsinin etalonu hesab olunur. Dünya realis-satirik hekayəsi miqyasında da Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin hekayələri örnək, model ola bilmək səviyyəsinə malikdir. Son illərdə bu hekayələrin xarici dillərdə nəşr edilməsi ilə Azərbaycan ədəbiyyatı dünya hekayəçilik məkanına çıxmışdır.

Azərbaycan ədəbiyyatında tragikomediya janrı XX əsrin əvvəllərində tənqidi realizm epoxasında meydana çıxmışdır. Cəlil Məmmədquluzadənin «Ölülər», «Anamın kitabı», «Dəli yığıncağı» tragikomediyaları ədəbiyyatımızda bu janrın ilk və mükəmməl nümunələridir. XIX əsrdə Azərbaycan ədəbiyyatında fərqli müəlliflər tərəfindən ayrı-ayrılıqda komediya (M.F.Axundzadə) və faciə (N.Vəzirov) janrında dram əsərləri yaradılmışdı. Bu mərhələdə milli məişətin komediyası və nadanlığın faciəsi fərqli əsərlərdə təsvir edilmişdir. Cəlil Məmmədquluzadənin tragikomediyalarında isə xalqın düşdüyü vəziyyətin komediyası və faciəsi bir yerdə, eyni əsərdə öz əksini tapmışdır. Bu əsərlər tənqidi-realist ədəbiyyatın səciyyəvi təsvir üsulu olan «acı göz yaşları içərisində gülüş» vasitəsilə xalqın taleyini dərin ürək yanğısı ilə əks etdirən ibrətamiz bədii nümunələrdir. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ölülər aləminin komediyası, kefli İskəndərin faciəsi idi. “Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış əsərlərin mənəvi anası”11 hesab edilən «Anamın kitabı»nda müxtəlif əqidələrə xidmət edən qardaşların komediyası, Zəhrabanu ananın faciəsi ümumiləşmiş şəkildə xalqın yaşamış olduğu acınacaqlı taleyinin ədəbiyyatdakı real əks-sədasıdır. «Dəli yığıncağı» tragikomediyası faciəvi tərəfi ağır gələn komediyadır. «Ər» pyesi əsərdə yaratdığı çaşqınlıqla birlikdə təsvir olunmuş yeni qurulmuş sosializm cəmiyyətinin faciəsi, mövcud quruluşla uyğunlaşa bilməyən milli ziyalılığın komediyasıdır. Mirzə Fətəli Axundzadənin komediyaları janr baxımından drama yaxındır, dramatik komediyalardır. Cəlil Məmmədquluzadənin komediyaları ideya-estetik cəhətdən faciə janrı ilə daha çox səsləşir. Bu tragikomediyalar - əsərin əsas ideya daşıyıcısı olan baş qəhrəmanın ölümü ilə bitməyən faciələrdir. Bu əsərlərdə xalqın salındığı komik vəziyyətin faciəsi dahiyanə surətdə açılb göstərilmişdi. Bundan başqa, XX əsrin əvvəllərinin tragikomediyaları həm də nə etməli sualına cavab tapmağa, çıxış yolları haqqında düşünüb-daşınmağa gur işıq salır.

Azərbaycan ədəbiyyatında tarixi dram və masal dram da XX əsrin əvvəllərinin əhvalatıdır. Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesi tarixi dram janrında yazılmış ən yaxşı əsərlərdən biridir. Böyük ədib ədəbiyyatımızda ilk dəfə olaraq «Pəri cadu» pyesi ilə masal dram janrında orijinal bədii əsər yaratmağa nail olmuşdur. Ümumiyyətlə, Əbdürrəhim bəy Haqverdiyevin bədii nəsri və dramaturgiyası Azərbaycan tənqidi realist ədəbiyyatını forma və məzmun etibarilə zənginləşdirən qiymətli əsərlərdir.

XX əsrin əvvəllərinin tənqidi realizmi satirik şeiri bədii yaradıcılığın əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu mənada XX əsrin əvvəllərini həm də Azərbaycan ədəbiyyatının satirik şeir dövrü də adlandırmaq olar. Ədəbiyyatımızın tarixində satirik şeir özünün ən yüksək zirvəsinə XX əsrin əvvəllərində tənqidi realizm epoxasında çatmışdır. «Molla Nəsrəddin» jurnalının meydana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirik şeir məktəbinin yaranması ilə nəticələnmişdir. Məlum olduğu kimi, satira elementləri Azərbaycan klassik şeirində də mövcud idi. XIX əsrdə Qasım bəy Zakirin və Seyid Əzim Şirvaninin satirik şeirləri ədəbi-ictimai mühitdə böyük maraq doğurmuşdu. Mirzə Fətəli Axundzadə Qasım bəy Zakirin realist üslubda yazılan şeirlərini, dolayısı ilə satiralarını da yüksək qiymətləndirmişdir. XIX əsrin satirik şeiri mənzum hekayətçilik və ibrətamiz didaktik final formatında inkişaf etmişdir. Azərbaycan satirik şeiri özünün ən yüksək səviyyəsini XX əsrin əvvəllərində fəth etmişdir. Mirzə Ələkbər Sabir tənqidi realizm ədəbi cərəyanı hüdudlarında Azərbaycan ədəbiyyatında satirik şeir məktəbi yaratmışdırdır. Mirzə Ələkbər Sabirin satiraları Azərbaycan tənqidçi-realist satirik şeirinin kəskin ictimai məzmununa malik olan klassik nümunələridir. Mirzə Ələkbər Sabir satirik şeirlərində Azərbaycan cəmiyyətini «ayinədə» olduğu kimi təsvir etmişdir. O, ölkədəki mövcud idarə üsulunu, müsləmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi əsarətdən xilas olmağa, nəticə etibarilə milli azadlıq idealının gerçəkləşməsinə məslək dostu Abbas Səhhətin dediyi kimi «bir ordudan ziyadə xidmət etmişdir».1

«Molla Nəsrəddin» ədəbi məktəbinin əsas simaları olan Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Əli Razi Şamçızadə, Bayraməli Abbaszadə, Əli Məhzun, Baxçaban, Məhəmmədəli Dastançı və başqaları Azərbaycan realist-satirik şeirini zənginləşdirən əsərlər yaratmaqla ədəbiyyatda tənqidi-satirik ədəbiyyatın mövqeyini bir daha möhkəmləndirmişlər.

Azərbaycan ədəbiyyatında satirik publisistika XX əsrin əvvəllərinin hadisəsi kimi meydana çıxmışdır. Tənqidi realizm ədəbi cərəyanının əsas cəbhəxanası olan «Molla Nəsrəddin» publisistika məktəbi Azərbaycanın ən zəngin satirik publisistika xəzinəsi kimi mühüm əhəmiyyətə malikdir. Felyeton janrı publisistikaya «Molla Nəsrəddin» jurnalı vasitəsi ilə daxil olmuşdur. «Molla Nəsrəddin» jurnalı müxtəlif satirik publisistika janrlarını yaradıb ədəbi dövriyyəyə və mətbuat aləminə gətirmişdir. «Poçt qutusu», teleqramlar, səyahət, zarafat, məktub və sair janrlarda yazılmış məqalələr mollanəsrəddinçilər tərəfindən satirik publisistika formaları kimi düşünülüb tapılmış və mükəmməl örnəkləri meydana qoyulmuşdur. Dövrün «Babayi-Əmir», «Zənbur», «Kəlniyyət» və sair mətbuat orqanlarında da satirik publisistikanın fərqli formalarında qələmə alınan yazılar çap olunmuşdur. Beləliklə, Azərbaycan ədəbiyyatı və mətbuatının satirik publisistika ənənələri formalaşmışdır. «Molla Nəsrəddin» Azərbaycanda satirik publisistika hərəkatına başçılıq etmişdir.

Bütövlükdə XX əsrin əvvələri Azərbaycan ədəbiyyatında meydana çıxmış tənqidi realizm ədəbi dövrün ən aparıcı hərəkatı funksiyasını həyata keçirmişdir. Molla Pənah Vaqifdən, Mirzə Fətəli Axundovdan sosialist realizmi yaradıcılıq metodunu təmsil edən adlı-sanlı realist yazıçılara qədər Azərbaycan ədəbiyyatında realizmin ən yüksək nöqtəsi məhz tənqidi realizm ədəbiyyatıdır. XX əsrin əvvəllərinin siyasi fırtınalarının doğurduğu, meydana gətirdiyi milli-mənəvi oyanış və azadlıq ideyaları ən gur səslə tənqidi realizm ədəbiyyatında əks-səda tapmışdır. Tənqidi realizm – “Molla Nəsrəddin” məktəbi XX əsrin əvvəllərində yalnız realist ədəbi cəbhəyə deyil, bütövlükdə ədəbiyyat hərəkatına və ictimai fikrə başçılıq etmiş, istiqamət vermişdir. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tənqidi realizm epoxası kimi əzimətli görünür. Böyük müasiri Yusif Vəzir Çəmənzəminlinin “Molla Nəsrəddin” məktəbinin başçısı Cəlil Məmmədquluzadəyə geniş mənada “ədəbi dövrün başçısı”12 kimi yüksək dəyər verməsi bu qüdrətli yazıçının yaradıcısı olduğu, rəhbərlik etdiyi tənqidi realizmin Azərbaycan cəmiyyətində və ədəbiyyatda qazandığı böyük mövqeyin obyektiv ifadəsi idi. Bu həm də o demək idi ki, Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı təkcə tənqidi realizmin yox, geniş mənada XX əsrin əvvəllərindəki ədəbi axırların hamısının, ictimai fikrin inkişaf etdirilməsi qayğıları ilə yaxından məşğul olmuş, bütövlükdə Azərbaycan cəmiyyətini, milli şüuru qabağa aparmaq vəzifələrini böyük uğurla həyata keçirmişdir. Dövrün mətbuatına “Molla Nəsrəddin” jurnalının, ədəbiyyatına isə tənqidi realizmin böyük təsiri var idi.

Bu dövrün maarifçi-realist yazıçıları da ideya-məqsəd etibarilə tənqidi realistlərə çox yaxın idilər. Onlar da cəmiyyətdə dəyişikliklərin baş verməsini istəyir, buna çalışırdılar. Lakin maarifçi realistlərin əsərlərində cəmiyyətin islahatçılıq və elm-tərbiyə vasitəsi ilə yeniləşdirilməsi və təkmilləşdirilməsi ideyası daha üstün mövqeyə malik idi. XX əsrin siyasi hadisələri bəzən onların da istiqlalçılıq yolunda açıq və aydın mövqe tutmasına gətirib çıxarmışdır.

Üzeyir Hacıbəyovun, Yusif Vəzir Çəmənzəminlinin, İbrahim bəy Musabəyovun, Eynəli bəy Sultanovun həm maarifçi realizmə, həm də tənqidi realizmə aid edilməsi təsadüfi olmayıb, onların yaradıcılığının xarakterindən doğan real təzahürlərdir. XX əsrin əvvəllərinin maarifçi realizmi mahiyətində tənqidi realizm keyfiyyətləri olan yeni tipli ədəbi istiqamətdir. Azərbaycan maarifçi realizmini Süleyman Sani Axundov, Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov, Eynəli bəy Sultanov bədii nəsrdə, Rəşid bəy Əfəndiyev şeirdə uğurla təmsil etmiş, ədəbiyyatın bu istiqamətində tərkibində tənqidi-realist tezislər olan əhəmiyyətli əsərlər yaratmışlar. Fikrimizcə, Üzeyir Hacıbəyovun «Arşın mal alan», «Məşədi İbad» kimi musiqili komediyaları orijinal maarifçi realizm nümunələrdir. Böyük sənətkarın publisistikası «Molla Nəsrəddin» ədəbi məktəbi ilə maarifçi publisistika arasında olan bənzərsiz mətbu örnəklərdir. Üzeyir Hacıbəyovun publisistikasında mollanəsrəddinçilik üslubu ağırlıq təşkil edir. Bu publisistika mahiyyəti etibarilə əsasən siyasi publisistika nümunələrindən ibarətdir. Nəticə etibarilə XX əsrin əvvəllərinin maarifçi realist ədəbiyyatı bir-birinə yaxın olan maarifçi realizmlə tənqidi realizmin qovşağında olan orijinal ədəbiyyatdır. Bu ədəbiyyatda tənqidi realizmə meyl qüvvətlidir. XX əsrin əvvəllərinin maarifçi realizmi işığında yaranıb inkişaf edən realizmdir. Maarifçi realistlər mollanəsrəddinçilərin – tənqidi realistlərin apardığı mübarizəyə yaxından köməklik göstərmiş, dayaq durmuşlar.

Məlum olduğu kimi, qədim dövr və orta əsrlər Azərbaycan poeziyası romantik xarakterə malik olmuşdur. Romantik bədii metod ədəbiyyatımızda uzun əsrlər hakim mövqedə dayanmışdır. Bununla belə, Azərbaycanda ədəbi cərəyan kimi romantizm XX əsrin əvvəllərində meydana çıxmışdır. Avropada və Rusiyada XVIII əsrdə, Türkiyədə XIX əsrin axırlarında yaranan romantizm ədəbi cərəyanın Azərbaycanda gecikməsi bu axını doğuran ictimai-siyasi hadisələrin və proseslərin ölkədə daha sonralar baş verməsi ilə əlaqədar idi. Akademik Məmməd Cəfər Cəfərovun klassik dəqiqliklə yazdığı kimi gecikən Azərbaycan romantizmi yox, bu ədəbi cərəyanı formalaşdırıb hazırlayan ictimai-siyasi hadisələr idi.1 Asiyanın oyanışı kimi xarakterizə olunan mühüm siyasi-inqilabi dəyişikliklər Azərbaycanda XX əsrin əvvəllərində baş vermişdi. Zamanın mürəkkəb ictimai-siyasi proseslərinə və hadisələrinə baxışın xarakteri fərqli ədəbi cərəyanları doğurmuşdur. Romantizm - Azərbaycan ədəbiyyatında dövrün ictimai-siyasi hadisələrinə romantik baxışları, xəyalda və idealda əks-səda tapan qavrayışları ifadə edən ədəbi cərəyandır. Romantizm ədəbi cərəyanının nümayəndələri şəxsiyyət və cəmiyyət məsələlərində də idealın tərənnümünə üstünlük vermişlər. Onlar özlərinin romantik ideallarını əks etdirmək üçün orijinal obrazlı poetik vasitələrdən və simvollardan yaradıcılıqla istifadə etmişlər. Azərbaycan romantikləri XX əsrin əvvəllərinin cazibədar və zəngin lirik şeir üslubunu yaratmışlar. İdeala gerçəklik arasında təzaddan doğan həyəcanların bədii ifadəsi olan romantizm ədəbiyyatında xəyal və gələcəkçilik əsas yer tutumuşdur. Romantiklərin gələcəkçilik ideyalarında dövrün çağırışları ilə həmahəng ümummilli ideyalar və maarifçi-demokratik baxışlar qüvvətlə səsləndirilmişdir. “Məhkum Şərqin”, o cümlədən də Azərbaycanın zamana görə nisbətən geridə qalması Azərbaycan romantizmini düşünüb-daşındıran məsələlərdən biri idi. Onlar realda olmasa da, xəyalda, qaibanə şəkildə olsa da vətənlərinin xoşbəxt gələcəyini arzu etmişlər. Azərbaycan romantikləri “ümumi məhəbbət” ideyasını irəli sürür, bütövlükdə insanlığın səadəti üçün çalışmağı “xilas yolu” kimi düşünürdülər. Məhəmməd Hadinin “bütün insanlar qardaşdır”, Abdulla Şaiqin “Həpimiz bir günəşin zərrəsiyik” misralarında romantiklərin böyük idealları ifadə olunmuşdur.

Əlibəy Hüseynzadənin redaktorluğu ilə 1906-1907-ci illərdə Bakıda nəsr olunmuş «Füyuzat» jurnalı Azərbaycan romantizminin əsas ədəbi cəbbəxanasını təşkil edir. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, «Füyuzat» jurnalı ədəbi məktəb yarada bilmişdir. Əlibəy Hüseynzadənin başçılıq etdiyi bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoymuş, bu istiqamətdə əsərlərin yaradılmasına böyük yol açmışdır. Turançılıq ideyaları, ortaq ünsiyyət dili və vahid ümumtürk əlifbası yaratmaq füyuzatçıların islahatlarında əsas yer tuturdu. Füyuzatçılar bolşevizmi «qırmızı qaranlıq» hesab edir, türk-islam birliyinə «yaşıl işıq» kimi böyük ümidlər bəsləyirdilər. «Füyuzat» jurnalı öz ətrafında Azərbaycanın yaradıcı qüvvələri: Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxalıq Cənnətli ilə yanaşı, Türkiyədən Abdulla Cevdəti və Əhməd Kamalı, İrandan Səid Səlmasini, Krımdan Hasan Səbri Ayvazovu birləşdirmişdir. Bu, ədəbi cəbhədə Azərbaycan-türk dünyası birliyinin ilk əməli addımı idi. Füyuzatçılıq – türkçülük və turançılıq ideyalarının əsas ədəbi cəbbəxanasını təşkil etmişdir. Füyuzatçılıq – Azərbaycan romantizminin ideya-estetik prinsiplərinin və poetikasının məcmusudur. Füyuzatçılıq – ümumtürk məsləkli olaraq milli mövqe məktəbidir.

Hüseyn Cavidin yaradıcılığı XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin inkişafında fərqli özünəməxsusluğa malikdir. Onun lirikasında «kiçik adam»ın romantik obrazları yaradılmışdır. Hüseyn Cavidin tərənnüm etdiyi «Öksüz Ənvər», «Vərəmli qız», Qız məktəbinin məsum şagirdi Gülbahar romantik ədəbiyyatın canlandırırdığı bənzərsiz obrazlar idi. Şair kiçik adamı mənəviyyatca zəngin insanlar kimi təqdim etməklə mənəvi kamilləşməni cəmiyyətin inkişafının əsas amilli səviyyəsində diqqət mərkəzinə çəkmişdir. Hüseyn Cavidin romantik mənzum dramları Azərbaycan ədəbiyyatında yeni hadisədir. Hüseyn Cavid Azərbaycan mənzum dramaturgiyasının banisidir. O, özünün «Şeyx Sənan», «İblis», «Səyavuş», «Xəyyam kimi əsərləri ilə Azərbaycan ədəbiyyatında mənzum dram məktəbi yaratmışdır. Şairin mənzum dramlarında tarixi şəxsiyyətlərin romantik bədii obrazları yaradılmış və böyük bəşəri ideallar canlandırılmışdır. Hüseyn Cavidin “İblis” mənzum faciəsi dünya dramaturgiyasının nadir nümunələrindən biri sayılmağa layiqdir.

Məhəmməd Hadi romantik-publisist şeirin böyük yaradıcısıdır. Onun şeirlərində ictimai-siyasi hadisələrə romantik münasibət ön mövqedə dayanır. Məhəmməd Hadi - imzalar içində millətinin də imzası olması yollarında inadla çalışmış, bu böyük ideala xidmət edən qiymətli şeir nümunələri yaratmışdır. Onun şeirlərinin “təzə çıxan qəzet kimi vərəqə halında da yayılması”13 müraciət etdiyi mövzuların aktuallığı və müasirliyi ilə əlaqədardır. Hadinin «Əlvahi-intibah» poeması Azərbaycan ədəbiyyatında romantizm intibahının əhəmiyyətli ədəbi hadisəsidir.

Abbas Səhhət və Abdulla Şaiq romantik-realist sənətkarlar kimi Azərbaycan romantizminə yeni ideyalar və fərqli poetik formalar bəxş etmişlər. Abbas Səhhət və Abdulla Şaiq Azərbaycan uşaq şeirinin qızıl fondunu təşkil edən əsərlər yaratmaqla ədəbiyyatın bu sahəsini əhəmiyyətli bir mövqeyə çıxarmışlar. Eyni zamanda, Abbas Səhhət və Abdulla Şairin Avropa və rus romantik poeziyasından etdikləri bədii tərcümələr Azərbaycan şeirinin mövzu, ideya və poetik forma baxımından zənginləşməsinə müsbət təsir göstərmişdir.

Romantizm Azərbaycan şeirinə bir sıra yeni janrlar daxil etimşdir. XX əsrin əvvəllərində Azərbaycan şeirində ilk dəfə olaraq sonet və marş janrlarında şeirlər yazılmış, şərqilər və türklər meydana çıxmışdır.

XX əsrin əvvəlləri ədəbiyyatında sentimentalism əlamətləri ilə də diqqəti cəlb edir. Uzun illər Azərbaycan romantizminin daxilində təmsil olunmuş sentimental ədəbiyyatın dövrün romantik ədəbiyyatından fərqli xüsusiyyətləri də var idi. Hissi-sentimental əhval-ruhiyyənin təsvir və tərənnümü, nisgil və göz yaşlarının diqqətə alınması, məktubdan bədii vasitə kimi istifadə və sair sentimental ədəbiyyatı fərqləndirirdi. Abdulla bəy Divanbəyoğlunun yaradıcılığı Azərbaycan sentimentalizminin özünəməxsus xüsusiyyətlərini qabarıq nəzərə çarpdırır.

Tənqidi realizm və romantizm ənənələri Azərbaycan Demokratik Respublikası dövründə daha da inkişaf etmiş və genişlənmişdir. Sovet hakimiyyətinin 20-30-cu illər mərhələsində də maarifçi realist və tənqidi realist yazıçılar, həmçinin romantik ədəbiyyatı təmsil edən sənətkarlar yaradıcılıq yollarını davam etdirmişlər. 37-ci ilin qanlı repressiya hadisələri tənqidi realizm və romantizm epoxasının faciəli finalına çevrilmişdir. Lakin Azərbaycan ədəbiyyatında tənqidi realizm düşüncəsi yaşamış, romantizmin idealları sönməmişdir. XX əsrin əllinci illərində Sovetlər İttifaqında stalinizm rejiminə və ideyalarına son qoyulmasından sonra tənqidi realizm və romantizm müasir Azərbaycan ədəbiyyatında fərqli bədii formalarda yenidən bərpa olunmuş, yeni həyatını yaşamışdır.

XIX əsrdə başlanan Cənubi Azərbaycan ədəbiyyatı anlayışı XX əsrin əvvəllərində də davam etmiş və artıq tədricən konkret olaraq öz adıyla adlandırılmağa başlamışdır. Mətbuatda işlədilən “Arazın o tayı” ifadələri Cənubi Azərbaycan mənasını bildirmişdir. İranda baş vermiş Səttarxan hərəkatı, məşrutə inqilabı Cənub ədəbiyyatında milli ideyaları qüvvətləndirmişdir. Bu dövrdə Cənubi Azərbaycanda da ədəbiyyat tənqidi realism, maarifçi realism və romantizm istiqamətlərində inkişaf etmişdir. Mirzəli Möcüz Şəbüstəri, Bayraməli Abbaszadə, Cabbar Əsgərzadə, Məmmədəli Manafzadə Cənubi Azərbaycan tənqidi-realist ədəbiyyatının qüdrətli yaradıcıları olaraq Arazın hər iki tayında tanınıb şöhrət qazanmışlar. Hacı Rza Sərraf “maarifçi ədəbiyyat cərəyanının görkəmli xadimlərindən biri”14 kimi ədəbi fikrin inkişafında mühüm yer tutmuşdur. Arazın bu tayındakı yazıçı və şairlərlə yaxın əlaqəsi və əməkdaşlığı olan Səid Səlmasi o tayda Azərbaycan romantizmini layiqli səviyyədə təmsil etmişdir. Cənubi Azərbaycan yazıçılarının Şimalda yaranan ədəbiyyatla həmrəyliyi və əməkdaşlığı bu dövr ədəbi prosesinin xarakterik xüsusiyyəti olaraq diqqəti cəlb edir. Cənub yazıçı və şairlərinin əksəriyyəti “Molla Nəsrəddin” jurnalı ətrafında birləşmişlər.

XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi şəraiti Azərbaycan mühacirət ədəbiyyatına doğru gedən yolu hazırlamışdır. Bu dövrdə müxtəlif siyasi səbəblərdən ölkəni tərk etməyə məcbur edilmiş ziyalılar az sonar Vətəndən kənarda yaranan Azərbaycan mühacirət ədəbiyyatının ilk örnəklərini meydana qoymuşlar.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslıq elmi özünün Firidun BƏY Köçərli kimi görkəmli yaradıcısını meydana çıxarmışdır. Böyük ədəbiyyatşünasın “Azərbaycan ədəbiyyatının tarixi materialları” əsəri Azərbaycan elmində birinci sistemli ədəbiyyat tarixi kimi mühüm yer tutur.

Beləliklə, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı XVIII-XIX əsrlərdə yarnıb inkişaf etmiş milli realist ədəbiyyatı ideya-bədii cəhətdən yekunlaşdırıb kamala çatdırmış, yeni ədəbiyyat hadisəsi səviyyəsinə qaldırmışdır. Buna görə də XX əsrin əvvəllərinin ədəbiyyatı XIX əsr ədəbiyyatı ilə birlikdə həm də yeni dövr Azərbaycan ədəbiyyatı adlandırılır. Bundan başqa, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında milli və demokratik ideyalar bütün qütblərə aid yazıçı və şairlərin yaradıcılığında əsas yer tutduğu üçün bu ədəbiyyat milli-demokratik hərəkat dövrünün ədəbiyyatı kimi səciyyələnir. Bütün bunlarla bərabər, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının dövrləşmə baxımından bu tarixi epoxanın aparıcı ədəbi hərəkatını müəyyənləşdirən tənqidi realizm və romantizm epoxası hesab edilməsi tamamilə məqsədəuyğundur.



1 Вера Серафимова. История русской литературы ХХ века. Москва, НФРА-М, 2013, стр.3

11 Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı, “Ziya-Nurlan”, 2004, səh.61

2 Yaşar Qarayev. Seçilmiş əsərləri, 5 cilddə, III cild. Bakı, “Elm”, 2016, səh.219

3 Bax: Cəlil Məmmədquluzadə (Məqalələr və xatirələr). Bakı, “Elm”, 1967, səh.14

4 Cəlil Məmmədquluzadə. “Azərbaycan”. “Molla Nəsrəddin”, 27 noyabr 1917, №24

5 “Molla Nəsrəddin” jurnalı, 1928-ci il, №5

22 İ.Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, “Nurlan”, 2007, səh.617-618

6 Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı, “Ziya-Nurlan”, 2004, səh.15

7 Əziz Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, “Yazıçı”, 1980, səh. 256

8 İ.Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, “Nurlan”, 2007, səh.643-644

9 Yaşar Qarayev. Seçilmiş əsərləri. Bakı, “Elm”, 2015, səh.238

10 Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 2 cilddə, I cild, Bakı, “Elm və təhsil”, 2011, səh.375

11 İ.Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Bakı, “Elm və təhsil”, 2017, səh.166

11 Abbas Səhhət. Seçilmiş əsərləri. Bakı, “Lider” nəşriyyat, 2005, səh.261

12 Yusif Vəzir Çəmənzəminli.

11 Məmməd Cəfər Cəfərov. Azərbaycan ədəbiyyatında romantizm. Bakı, “Elm”, 1963, səh.

13 İ.Həbibbəyli. Romantik lirikanın imkanları. Bakı, “Yazıçı”, 1984, səh.141

14 XX əsr Cənubi Azərbaycan ədəbiyyatı tarixi, 2 cilddə, II cild (kollektiv). Bakı, “Qanun”, 2013, səh.57

Yüklə 137,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin