İbtidai icma quruluşunun dağılması
Tunc dövrü ərzində ibtidai icmanın həyatında baş vermiş proseslər tamamilə yeni quruluşlu-sinifli cəmiyyətin meydana çıxması,dövlətin formalaşması üçün sanballı zəmin yaratmışdır.
Son tunc və ilkin dəmir dövründə(e.ə.2 minilliyin sonu e.ə. 1 minilliyin əvvəlləri)insanların məskunlaşdıqları bölgələrin əksəriyyətində bəşər sivilizasiyasının tarixində ən böyük təbəddülatlardan biri baş verir-sinifli cəmiyyət,onunla birlikdə dövlət meydana çıxır.
Bəşər tarixində ən inqilabi metal sayılan dəmirin Azərbaycanda emalına e.ə.1 minilliyin ilk yarısında başlanılmışdır.
Dəmir alətlərdən istifadə insan həyatının bütün sahələrində böyük dəyişikliklər və irəliləmələrə səbəb oldu.
Dəmir navalının xışda istifadəsi nəinki şumun keyfiyyətini yaxşılaşdırdı,həm də məhsuldarlığı artırırdı,həmçinin əkinçiliyin əlçatmaz bölgələrdə də genişlənməsinə gətirib çıxarırdı.
Dəmir dövrünə aid olan Muğan-Talış mədəniyyətinin abidələri sübut edir ki,bu dövrdə Azərbaycanda silah istehsalı xeyli genişlənmiş,hazırlanan silahların kəsəri,gücü,keyfiyyəti və müdafiə ləvazimatının dözümü xeyli artmışdır.
Ayrı-ayrı şəxslərin varlanması,yeni təsərrüfat sahələrinin yaranması işçi qüvəsi tələb edirdi.
Çoxçeşidli və yüksək keyfiyyətli alətlər,silahlar,məişət və bəzək əşyaları sübut edir ki,dəmir dövründə sənətkarlıq istehsalı yeni,daha yüksək səviyyəyə qalxmışdı.
Bütövlükdə,dəmir dövründə sosial-iqtisadi proseslərin başlıca məğzi sinifsiz ictimai quruluşun öz yerini sinifli cəmiyyətə verməsi təşkil etmişdir.Yüksək məhsuldarlığa malik metal əmək alətlərindən istifadə izafi məhsul istehsalı imkanı ortaya qoymuş,sonuncu isə öz növbəsində bir qrup insanın əməyinin başqaları tərəfindən istismarı imkanını yaratmışdır.Bu cür istismar maddi nemətlərin əsas hissəsinin bir ovuc adamın əlində cəmləşməsinə,əksər icmaçıların isə kasıblaşıb müflisləşməsinə səbəb olmuşdur.Əlinə külli miqdarda maddi nemət toplamış yuxarı təbəqə bu var-dövləti qoruyub hifz etmək,onu artırmaq,yeni ərazilər tutmaq və aşağı kütlələri itaətdə saxlamaq üçün qoşun,mühafizə dəstələri,nəzarətçilər qrupu,həbsxana yaradırdı ki,bu da artıq dövlətin atributları idi.
Dostları ilə paylaş: |