AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 3,8 Mb.
səhifə33/44
tarix14.01.2017
ölçüsü3,8 Mb.
#48
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

Əsrin birinci yarısında olduğu kimi, ikinci yarısında da kəndlilər dövlət və sahibkar kəndlilərinə bölünürdülər. Onların 70,6%-ni dövlət kəndliləri, 29,4%-ni sahibkar kəndliləri təşkil edirdi. Sahibkar kəndliləri özləri də rəiyyətə, rəcbərlərə, nökərlərə və s. bölünürdülər. Islahatdan sonra dövlət və sahibkar kəndlilərin aztorpaqlılığı və torpaqsızlığı, ən zəruri istehsal Alət və vasitələrinin olmaması, təbəqələşmənin güclənməsi, əkinçiliyin süni suvarma ilə sıx bağlılığı və başqa səbəblər icarə sisteminin genişlənməsini sürətləndirdi. Torpaq icarəsi kapitalist münasibətlərinin inkişafını sürətləndirirdi. Torpaq icarəsi islahatdan əvvəl də vardı. Lakin islahatdan sonrakı icarə sistemi təsərrüfatın iqtisadi quruluşunda və xarakterində dəyişikliklər yaratdı. Əvvəlki icarə daha çox istehlak xarakteri daşıyırdısa, islahatdan sonrakı sahibkarlıq, kapitalist xarakteri daşımağa başladı.

Islahatın səciyyəvi cəhətlərindən biri sahibkar kəndlilərin istifadəsində olan torpaqların mülkədarlar tərəfindən onların əlindən alınması idi. Kəndlilərin böyük əksəriyyətini təşkil edən dövlət kəndlilərinin də torpağa ehtiyacı artmışdı. Əsrin sonuna yaxın Azərbaycanda dövlət kəndlilərinin yarısının adambaşına 2 desyatindən az torpağı vardı. Hesablamalara görə, dövlət kəndlilərinin 59%-i aztorpaqlı idi. Torpaqsız kəndlilər isə 38 min nəfərdən artıq idi. Aztorpaqlı kəndlilərin bir hissəsi becərə bilmədiyi pay torpağını ya satır, ya da başqasına icarəyə verərək, muzdurlar sırasına daxil olurdu. 1897-ci il məlumatına görə Gəncə quberniyasında dövlət kəndlilərinin istifadəsində olan torpağın 32%-i, sahibkar kəndlilərin istifadəsində olan torpağın 31%-i icarəyə götürülmüş torpaqlar idi. Vəziyyət Bakı quberniyasında da təxminən belə idi.

Sahibkara məxsus torpaqdan fərqli olaraq xəzinə torpaqlarının icarəsi hakimiyyət orqanları tərəfindən mütləq rəsmləşdirilirdi. Dövlət torpaqlarının hərracla icarəyə verilməsi çar tərəfindən təsdiq olunmuş qanuna əsasən həyata keçirilirdi. Qanunda icarənin müddəti, haqqı və sairə məsələlər hüquqi cəhətdən əsaslandırılırdı. Icarənin şərtləri ağır olduğundan kəndlilər onu birbaşa götürə bilmirdilər. Çox vaxt varlı kəndlilər hərracla icarəyə verilən torpaqları götürür, sonra onu daha artıq icarə haqqı almaqla kəndlilərə verirdilər. Bu cür icarə qaydası subicarə adlanırdı.

Icarə haqqının miqdarı torpağın yararlıq dərəcəsindən, növündən, münbitliyindən yola və bazara yaxın olmasından, icarəyə götürənin toxuma, qoşqu qüvvəsinə və əmək alətinə ehtiyacının olub-olmamasından asılı olaraq məhsulla, pulla və qarışıq – müəyyən edilir və ödənilirdi. Icarə haqqı məhsulun ikidə birindən – onda birinə qədər təşkil edirdi. Pulla icarə məhsulla icarədən bir qədər ucuz başa gəlirdi.

Islahata qədər mövcud olan vergi sistemi  əsrin əvvəllərinə qədər qalırdı. 1900-cü il iyunun 12-də Qafqazda vergi sistemində islahat keçirildi. Həyat başı alınan vergi ləğv edildi, onun əvəzində dövlət kəndliləri üçün dövlət töycüsü müəyyən edildi. Onun məbləği iki dəfə artırıldı. Azərbaycanda kəndlilərin bir hissəsi yenə də köçəri və yarımköçəri həyat tərzi keçirirdi. Köçəri əhalinin oturaq həyat tərzinə keçməsi təkcə kənd təsərrüfatı üçün deyil, iqtisadi və sosial həyat üçün də əhəmiyyətlidir. Köçəri təsərrüfatı Zaqafqaziya quberniyaları içərisində nisbətən Yerevan quberniyasında çox yayılmışdı. Mütəxəssislərin hesablamalarına görə Bakı quberniyasında əhalinin 4%-i, Gəncə quberniyasında 6%-i, Yerevan quberniyasında 16%-i təşkil edirdi. Xalis köçəri təsərrüfatı Azərbaycanda lap az idi. Yarımköçəri təsərrüfatların kəndləri, torpaqları, bağları, əmək alətləri vardı. Onlar çəltik becərmək və barama qurdu saxlamaqla da məşğul olurdular, muzdlu əməyindən də istifadə edirdilər. H.B.Zərdabi öz məqalələrində köçərilərin həyat tərzi və məişəti haqqında maraqlı məlumat verirdi. 80-ci illərdən  əsrin əvvəllərinə qədər köçərilərin oturaq həyata keçməsi prosesi davam etmişdi. Bütün Zaqafqaziyada onların miqdarı 89 mindən 39 minə enmişdi. Kapitalizmin inkişafı onların oturaq həyata keçməsinə şərait yaratsa da, lakin çarizm dövründə onların köçəri həyatına tamamilə son qoyulmadı.

Sahibkar kəndliləri dövlət kəndlilərinə nisbətən daha ağır vəziyyətdə yaşayırdılar. Yuxarıda deyildiyi kimi, pay torpaqlarının sahəsi getdikcə azalırdı. Bakı quberniyasında adambaşına 0,9 desyatin, Gəncə quberniyasında ondan da az, 0,6 desyatin torpaq sahəsi düşürdü. Halbuki, onlarla iri mülkədar ailələrinin hər birinin 2 mindən 70 min desyatinə qədər torpaq sahəsi vardı. Azərbaycanda kəndlilərin torpaqsızlığına səbəb olan amillərdən biri də çarizmin müstəmləkəçilik siyasəti nəticəsində minlərlə rus kəndlilərinin buraya köçürülməsi idi.

70-90-cı illərdə kənddə təbəqələşmə prosesinin gedişində bir-birinə zidd olan iki qütb yaranırdı. Onun bir başında geniş kəndli kütlələrini istismar edən qolçomaqlar – kənd burcuaziyası, digər qütbündə çoxluğu təşkil edən yoxsullar və muzdurlar dayanırdı. Dağıstandan, Gürcüstandan, Iran Azərbaycanından və Azərbaycanın öz qəzalarından gəlmiş on minlərlə aztorpaqlı kəndlilər və muzdurlar təkcə şəhərlərdə deyil, yüz min desyatinlərlə pambıq, üzüm, tütün, marena, çəltik plantasiyalarında, pambıq təmizləyən zavodlarda, ipəkçilik fabriklərində işləyirdilər. Iri mülkədar təsərrüfatlarının texniki bazası zəif olsa da, onların hamısı kapitalist təsərrüfatı idi.

Muğanda rus kəndlərində fermer təsərrüfatı yaxşı inkişaf edirdi. Orada maşınlardan və təkmilləşdirilmiş kənd təsərrüfatı alətlərindən istifadə edilirdi. Muzdlu əməkdən daha çox pambıq və marena plantasiyalarında istifadə edilirdi. Mənbələrin verdiyi məlumatdan aydın olur ki, 70-80-ci illərdə hər il Dağıstandan 100 min nəfərə qədər kişi Qubaya və Azərbaycanın qonşu qəzalarına gələrək plantasiyalarda işləyirdilər. Çarın 1887-ci ildə verdiyi fərmandan sonra Iran Azərbaycanından: Təbrizdən, Xoydan, Mərənddən, Ərdəbildən, Sərabdan gələn 80-100 min Adama sərhəd məntəqələrində pasport verilirdi. Onlar şəhərlərdə və qəzalardakı müəssisə və plantasiyalarda çalışırdılar.

Islahatdan sonra yalnız Rusiyanın mərkəzində deyil, müstəmləkə ucqarlarda da kəndlilərin çarizmə və yerli mülkədarlara qarşı çıxışları baş verdi. 70-90-cı illərdə Azərbaycan kəndlilərinin əsarətə qarşı mübarizəsi qüvvətləndi. Imperiyanın başqa yerlərində olduğu kimi vergiləri verməkdən və mükəlləfiyyətləri icra etməkdən boyun qaçırılması, mülkədar torpaqlarının tutulması, malikanələrinin dağıdılması, bəylərin öldürülməsi Azərbaycanda da kəndlilərin sinfi mübarizəsinin əsas forması idi. 1878-ci ildə Quba qəzasında kəndlilərlə toqquşma zamanı 120 nəfər hakim sinfin nümayəndəsi öldürülmüşdü. 70-ci illərin sonunda Qazax qəzasındakı Quşçu kəndinin əhalisi mülkədar Isgəndərbəyovların zülmünə qarşı çıxış etdilər. Üsyanın rəhbərləri Məşədi Usub və Kərbəlayi Kərimşah həbs edildi. gəncə qəzasının Xılxına kəndinin kəndliləri mülkədar Zülqədərovlara qarşı çıxış etdilər. Həmin qəzanın Qızılhacılı və Cinni kəndlərinin kəndliləri mülkədar Adıgözəlovlara qarşı çıxış etdilər.1888-ci ildə Qarabulaq kəndinin əhalisi mülkədar Şərifbəyovu kənddən qovdu. O, məhkəmə vasitəsi ilə də torpağı kəndlilərdən geri ala bilmədi. Naxçıvan qəzasında Bənənyar kəndinin kəndliləri Sultanovlara qarşı mübarizəyə başlayıb, vaxtı ilə bəy tərəfindən tutulmuş 260 desyatin torpaqlarını geri aldılar. Buna bənzər hadisələr və çıxışlar digər qəzalarda da baş verirdi.

Azərbaycanda kəndli hərəkatının geniş yayılmış və təsirli formalarından biri qaçaqlar hərəkatı idi. Qaçaqlar hərəkatı bütün qəzaları bürümüşdü.  əsrin son rübündə Gəncə qəzasında qaçaqlardan Dəli Alı və Qəmbər, Qazaxda Kərəm, Qarabağda Süleyman və Murtuza, Zaqatalada Yusif, Şəkidə Qutqaşınlı Kərim Əfəndi oğlu, Zəngəzurda Nəbi və başqalarının qaçaqlar dəstəsi böyük şöhrət qazanmışdı. 90-cı illərdə Nəbinin və dəstəsinin adı bütün ölkəyə yayılmışdı. Nəbi Gəncə quberniyasında Zəngəzur qəzasının Aşağı Molu (hazırda Qubadlı rayonundadır) kəndində doğulmuşdu. Gənc yaşlarından qazamatlara düşüb, katorqaya məhkum olunan Nəbi, həbsxanadan qaçaraq, ətrafına özü kimi igid dəliqanlıları toplayıb çar məmurlarına, bəylərə və xalqın digər zalımlarına qarşı mübarizəyə başladı. Arvadı Həcər öz qardaşı Mehdi də onun dəstəsində vuruşurdu. Tezliklə Nəbinin şöhrəti hər tərəfə yayıldı. Cənubi Azərbaycan kəndlilərinə kömək üçün Nəbinin dəstəsi Arazın o biri tərəfinə də keçirdi. Nəbi xalqın intiqamçısı kimi hərəkət edirdi. Onun dəstəsi nəinki yerli bəyləri, məmurları, imperiyanın ali rütbəli məmurlarını da narahat edirdi. Çar hökuməti Iran və Türkiyə hökumətləri ilə gizli danışığa girib, Nəbini izləmək üçün oraya çoxlu casuslar göndərdi. Hətta hökumət Nəbinin başı üçün böyük məbləğdə pul ayırdı, rütbələr və imtiyazlar vəd etdi. Naxçıvan qəza rəisi Slavçinski ordubadlı tacir Paşa Hacı fərəc oğlunu yanına çağırıb nəbini öldürməyi tapşırdı. Casuslara xərcləmək üçün ona əvvəlcədən min manat pul verdi və onu «Qızıl medala» təqdim edəcəyini vəd etdi. Sərvət və şöhrət düşkünü olan bu tacir qaçaqlardan Kərbəlayı Imanı və Şöhhüseyni pulla ələ aldı. Hər iki satqın 1896-cı il martın 12-də Nəbi öz yoldaşları ilə Kərbəladan qayıdarkən Türkiyə ilə Cənubi Azərbaycan sərhəddində Larni kəndində dincələn zaman, gecə saat 2-yə yaxın onu öldürdülər. El qəhramınının öldürülməsi xalqın böyük nifrətinə və hiddətinə səbəb oldu. Xalq qəhrəman oğlu haqqında mahnılar qoşdu və dastan yaratdı. nəbinin adı Azərbaycan kəndlilərinin mübarizə rəmzinə çevrildi.

Kəndlilərin göstərdiyi igidliyə və mətanətə baxmayaraq, onların kortəbii, qeyri-mütəşəkkil xarakter daşıyan və ən başlıcası proletariatın iştirakı və rəhbərliyi olmayan çıxışları məğlubiyyətə uğradı.


3. Sənayedə kapitalist münasibətlərinin inkişafı

 əsrin əvvəllərində «dünya neft kralının qızıl tacı» hesab edilən neft Bakısında 70-ci illərdən sonra kapitalist sənayesinin inkişafına təkan verən bir sıra amillər vardı. Imperiyanın mərkəzində və milli ucqarlarında meydana gələn saysız-hesabsız fabrik-zavodların və nəqliyyatın neft yanacağına tələbatı sürətlə artırdı. D.I.Mendeleyevin «Bakı nefti bütün Rusiyanı isindirir, işıqlandırır və hərəkətə gətirir» deməsi təsadüfi deyildi. 60-cı illərin ortalarında və 70-ci illərdə neft mədənlərinə təhkim olunmuş Balaxanı kəndlilərinin təhkimli əməyinin ləğv edilməsi, neft mədənlərinin müqaitəyə (icarəyə) verilməsi qaydasına son qoyulması, neft fantanın vurması, buruqla quyu qazılması, neftin çıxarılmasında və emalında yeni texnikadan və texnologiyadan istifadə edilməsi, Zaqafqaziya və Ümumrusiya dəmir yolunun və Xəzər ticarət donanmasının istifadəyə verilməsi, xarici kapitalın Bakı neftinə güclü nüfuz etməsi və başqa səbəblər kapitalizmin inkişafına zəmin yaradırdı.

Keçən yüz illiyin son rübündə bütün dünyanın diqqətini özünə cəlb edən Bakının zəngin neft sərvəti 70-ci illərə qədər Rusiyada geniş yayıla bilmədi. Uzun müddət mədənlərin fasiləsiz müqaitəyə verilməsi neft sərvətinin vəhşicəsinə korlanmasına səbəb olurdu. Ölkədə neftə artan tələbat onun inkişafına mane olan səbəblərin, o cümlədən müqaitə sisteminin ləğvini tələb edirdi. Müqaitə sisteminə qarşı çıxış edənlərdən biri də D.I.Mendeleyev idi. 1872-ci ildə fevralın 17-də müqaitə sisteminin ləğvi haqqında qanun verildi. Həmin ilin dekabrında neft yataqları müzaidə vasitəsilə satışa qoyuldu. Icarə sisteminin ləğvini 1861-ci il islahatının davamı kimi qiymətləndirirlər.

60-cı illərin əvvəllərindən buruqla quyu qazmağa dəfələrlə cəhd edildi və 1871-ci ildə buna nail olundu. Balaxanıda Mirzoyev qardaşlarının mədənlərində mexaniki üsulla qazılan quyu 45 metrə çatan kimi neft verdi. Quyudan sutkada 2 min pud neft çıxırdı. 11166 nömrəli həmin quyu indi də neft verir. Neft verən dərin quyuların sayı ildən-ilə artırdı. 1873-cü ildə 9 belə dərin quyu olduğu halda, beş ildən sonra onların sayı 33-ü keçdi. 1873-cü ildə buruqla quyu qazmaq işində ilk buxar mühərriklərindən istifadə olundu. Əsrin sonunda buxar mühərriklərinin sayı 2800-ə yaxın idi.  əsrin əvvəllərində elektrik motorları daxili yanacaqlı neft mühərrikləri, qaz motorları meydana çıxdı.

Mütəxəssislər  əsrin 70-ci illərindən 1917-ci il fevral burъua-demokratik inqilabının qələbəsinə qədər Bakıda neft sənayesinin tarixini üç dövrə bölürlər (1872-1900, 1901-1913, 1914-1917). Dövrlərin hər biri səciyyəvi cəhətləri ilə bir-birindən fərqlənir. Birinci dövr neft sənayesinin sürətlə təşəkkülü və tərəqqisi dövrü idi.

70-ci illərin əvvəllərindən etibarən Balaxanıda, Zabratda, Bibi-Heybətdə, Binəqədidə və s. neft fantanının vurması buraya marağı artırmaqla bərabər, neftli torpaq sahəsinin qiymətini min manatdan 45 min manata qaldırdı.

Neft sənayesi inkişafının birinci dövründə burada əsas rolu yerli və rus kapitalı oynayırdı.

Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı ildən-ilə artırdı.

Neft yataqlarının zənginliyi, mənfəətin çoxluğu və ucuz işçi qüvvəsinin olması, habelə çarın ölkənin qapılarını taybatay açması nəticəsində xarici kapitalın Bakı neft sənayesinə güclü marağı başlandı. Xarici kapitalın ilk nümayəndəsi isveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin ortalarında gəlsələr də öz şirkətlərini 1879-cu ildə təşkil edə bildilər. Ondan sonra səksəninci illərdə Almaniya təbəələri Lents, Qax, Veyzer, Elrix, fransız Bulfru, Avstraliyalı Doçar və başqaları gəldilər. Nobel qardaşlarından sonra iri xarici kapital fransız Rotşild və ingilisləri təmsil edən Cems Vişau idi. O, 1897-ci ildə «Oleum» şirkətini təşkil etdi. Şirkət əsrin sonunda 10 mln manat xalis gəlir götürdü. Əsrin sonunda burada onların şirkətlərinin sayı 6-ya çatdı. Səksəninci illərin əvvəllərində 10 mln.pud neft istehsal edən «Nobel qardaşları» birliyi 1899-cu ildə 93 mln.puda çatdırmaqla təkcə Rusiyada deyil, dünyada birinci yerə çıxdı. Dünyada çıxarılan neftin 9 faizə yaxını bu şirkətin payına düşürdü.

1873-cü ildə Bakıda 12 şirkət olduğu halda, əsrin sonunda onların sayı 140-a çatırdı. 1870-ci ildən 1901-ci ilə qədər neft istehsalı 165 dəfə artaraq 3 mln puddan 667 mln puda çatdı. Bakı neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakının 95 faizini verirdi. Halbuki 1870-ci ildə Rusiyaya gətirilən neftin cəmi 14 faizi Bakının payına düşürdü.

Neft emalı – neftçıxarma sənayesinin yüksəlişi onun emalına şərait yaratdı. rus kapitalistləri Kokorev və Qubonin Suraxanıda neftayıran zavod tikmək üçün xaricdən maşınlar və mühəndislər gətirdi. Zavodun tikintisi 1859-cu ildə başa çatdırıldı və bir il sonra məhsul verməyə başladı. Zavodun işə salınması çoxlarını həvəsə gətirdi. Akademik A.F.Moritsin neftdən parafin şamı almaq ideyasını öyrənən Tiflis əczaçısı Vitte 1861-ci ildə indiki Artyom adasında 150 min manata başa gələn zavod tikdirdi. Zavoda qara neftdən parafin yağı və şamı hazırlanırdı. 60-cı illərin sonunda zavod öz profilini dəyişərək ağ neft istehsal etməyə başladı. Vittenin zavodunda fəhlə işləyən savadsız, lakin qabiliyyətli Adam olan Cavad Məlikov öz layihəsi əsasında üç nəfərlə şərikli yeni ağ neft istehsal edən zavod tikdirdi. 186-cı ildə Mirzoyev iki ağ neft zavodu tikdirdi. Suraxanıda atəşgahın yaxınlığındakı zavodu daha güclü idi. 70-ci illərdə neftayırma zavodların sayı 47-yə çatdı. Onların içərisində H.Z.Tağıyevin və Kələntərovun zavodları fərqlənirdi.

80-ci illərdən başlayaraq əzə rvə Volqaboyunun ticarət donanmalarının, habelə dəmir yolu nəqliyyatının qara neftdən yanacaq kimi istifadəyə keçməsi neft emal edən sənayenin inkişafına təkan verməklə mazuta olan tələbi artırdı. 1900-cü ildə Rusiyada 263 mln pud qara neft işlədildi. Xırda neftayıran zavodların təmərküzləşməsi nəticəsində əsrin sonunda neftayıran zavodların sayı 101-ə endi. Ağ neft zavodlarının 20-də sürtgü yağları hazırlanırdı. Neftin emalı sahəsində əldə edilən nailiyyətlərdən biri də 70-ci illərin sonunda neft qalıqlarından kükürd turşusu istehsal edən müstəqil zavodların yaranması idi. Belə ilk kükürd turşusu zavodu 1880-ci ildə Şibayev tərəfindən tikildi. Sonra bir-birinin ardınca Nobel qardaşlarının, Adamovun, Tumayevin və başqalarının zavodları tikildi. XX əsrin əvvəllərində burada 7 kükürd turşusu və 4 yeyici natri zavodu fəaliyyət göstərirdi.

Neft hasilatı və emalının inkişafı 1883-cü ildə Amerikadan Rusiyaya neft gətirilməsini tamamilə dayandırdı.

Neftin ixracı və satışı: ilk vaxtlar neft mədənlərdən zavodlara arabalarda ağac və dəmir çənlərdə daşınırdı. 60-cı illərin əvvəlində Bakıya gələn D.I.Mendeleyevin təklifi ilə neft boruları çəkildi. Əsrin sonunda burada ümumi uzunluğu 400 km olan 39 neft kəməri vardı. 80-ci illərdə istifadəyə verilən Bakı, Sabunçu-Suraxanı dəmir yolu ilə də zavodlara neft daşınmağa başlandı. Əsas məsələ neft məhsullarının Bakıdan kənara, Rusiyanın daxili əyalətlərinə və dünya bazarlarına daşınması məsələsi idi. 70-ci illərin sonunadək neft Xəzər dənizi və Volqa ilə yelkənli gəmilər vasitəsilə boçkalarda Rusiyanın daxili əyalətlərinə daşınırdı. Bu işlə Xəzərdə «Volqa», «Qafqaz və Merkurii», «Samalyot», «Şərq», «Mazut» və başqa şirkətlərin gəmiləri məşğul olurdu. 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə hazırlanan dəmir korpuslu «Zərdüşt» gəmisi xüsusilə fərqlənirdi. 1900-cü ildə Xəzər neft daşıma donanmasında yüktutumu 140 mln pud olan 1300 barъ vardı. Bakı dəniz limanı yük dövriyyəsinə görə Peterburq və Odessa limanlarından da güclü idi. Məsələn, Odessada 185 mln pud, Peterburqda 286 mln pud, Bakıda isə 338 mln pud yük daşınırdı.

Neftin Rusiya və dünya bazarlarına daşınmasında dəmir yolu çəkilməsinin böyük əhəmiyyəti oldu. Mühəndis Şuxovun təklifi ilə dəmir yolunda vaqon-sisternlər işə salındıqdan sonra nefti uzaq yerlərə daşımaq asanlaşdı. D.I.Mendeleyevin təklifi ilə 1897-1907-ci illərdə Bakı ilə Batum arasında çəkilmiş 829 verst uzunluğunda neft kəməri iqtisadi cəhətdən çox faydalı oldu. Həmin kəmər vasitəsilə ildə 60 mln pud neft nəql edilirdi.

Dəmir yolu xətlərinin və Bakı-Batum neft kəmərinin çəkilməsi neftin Rusiya və dünya bazarlarına nəql olunmasını xeyli asanlaşdırdı.

Neft sənayesi ağır sənayenin ən çox inhisarlaşmış sahəsi idi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi təşkilatı: «Neft sənayeçilərinin qurultayı» meydana çıxdı. Maqnatların yüksək gəlirini təmin edən bu təşkilat, eyni zamanda kapitalistləri fəhlə hərəkatına qarşı mübarizəyə təhrik edirdi. Təşkilata qurultay şurası başçılıq edirdi. 1894-cü ildə «Bakı ağ neft zavod sahibləri ittifaqı» təşkilatı da yaradıldı. Lakin bu təşkilat çox yaşaya bilmədi.

Neft sənayesi ilə yanaşı, Azərbaycanda dağ-mədən və emaledici sənayenin digər sahələri də inkişaf edirdi. Maraqlıdır ki, bu sənaye müəssisələrinin bir hissəsi şəhərlərdə deyil, qəzalarda, kəndlərdə, dəmiryolu stansiyaları yaxınlığında yerləşirdi. Belə iri kapitalist müəssisələrindən biri Gədəbəydəki misəridən zavod idi. Orada misəridən zavodun tikintisinə 50-ci illərdə təşəbbüs edilməsinə baxmayaraq, onun əsl tarixi 60-cı illərin ortalarından başlayır. Prussiya təbəəsi Volter Simens 1865-ci ildə burada misəridən iri bir zavod tikdirdi. V.Simens 1883-cü ilin yayında Qalakənd çayı yaxınlığında ikinci misəridən zavod tikdirdi. Gədəbəy zavodunda əsas yanacaq kimi ağac kömüründən, sonra neftdən istifadə edildiyi halda, Qalakənd zavodunda elektrik enerъisindən istifadə edilirdi. Çayın üzərində iki turbinli elektrik stansiyası tikilmişdi. Simens mədəndən fiziki zavodlara daşımaq üçün dar xətli dəmir yolu çəkdirmiş və bu yolu Qalakənd zavoduna qədər uzatmışdır. 1889-cu ilə qədər Dəllər stansiyasından nefti və mazutu dəmir boçkalarda Gədəbəyə furqonlarla daşıyırdılar. Simens Dəllər stansiyasından Çardaxlı kəndinə qədər 21 verst məsafədə boru çəkdirdi.

Misin əridilməsi üçün hər il 330 min pud dəmir filizi lazım gəlirdi ki, həmin filiz də Gədəbəydə çıxarılırdı.

1900-cü ildə hər iki zavodun birlikdə məhsulu 148 min puda çatırdı. Bu Qafqazda çıxarılan misin 68%-ni, Rusiyadakının 35 faizini təşkil edirdi. Əridilən misin cüzi hissəsi qab qayırmaq üçün yerli sənətkarlara satılır, qalanı Bakı və Batum limanları vasitəsilə Rusiyanın daxili əyalətlərinə və xaricə göndərilirdi. Zavoda yeni texnikaya meyl güclü idi. Fəhlələrin əksəriyyəti müsəlmanlar idi.

Simens qardaşları mis istehsalını əllərində saxlamaqla bərabər, Daşkəsəndəki filiz mədənlərini də ələ keçirdilər. 60-cı illərin ortalarında orada Kobalt zavodu tikdirdilər. 1866-1870-ci illərdə bu zavodda 8 min puddan artıq məhsul istehsal edildi. lakin bu zavodun taleyi uğurlu olmadı.

Dağ-mədən sənayesi sahələrindən biri də Naxçıvan qəzasında daş, duz və göllərdə şor duz çıxarılması idi: 60-cı illərin ortalarında və ikinci yarısında duz mədənlərinə təhkim olunmuş kəndlilərin azad edilməsi və duz mənbələrinin müzaidə vasitəsilə açıq satışa buraxılması onun inkişafını xeyli sürətləndirdi: çıxarılan duzun bir hissəsi yerli istehlaka, qalanı Rusiyaya, Irana və Türkiyəyə göndərilirdi. Bakı quberniyasında xəzinəyə məxsus 70-ə qədər duz gölü vardı. Əsrin sonunda Naxçıvanda duz istehsalı 300 min pudu ötüb keçdi.

Neft və kimya sənayesinin inkişafı Bakıda metal emalı sənayesinin inkişafına səbəb oldu. Demək olar ki, hər bir neft şirkətinin mexaniki zavodu və ya emalatxanası vardı. Ilk iri mexaniki təmir emalatxanası 50-ci illərin sonlarında «Qafqaz və Merkurii» cəmiyyəti tərəfindən tikildi. Ikinci belə müəssisə 70-ci illərin ortalarında Nobel qardaşları tərəfindən tikildi və mexaniki zavoda çevrildi. 80-ci illərdə mexaniki zavodların sayı çoxaldı. Rotşildin, Mantaşovun, Xatisovun zavodları, Əlibəyovun kanat fabriki və başqaları yaradıldı. 90-cı illərdə onların sayı 52-yə çatırdı. Onlardan 20-si iri mexaniki zavod idi. O cümlədən 8-i çuqunəridən, 4-ü mexaniki, 8-i miss emaledici idi. Bu zavodlar içərisində min nəfərə qədər fəhləsi olanları az deyildi.

Mexaniki istehsalın tərkib hissələrindən biri gəmiqayıran və təmir edən zavodlar idi. «Qafqaz və Merkurii» cəmiyyətinin mexaniki zavodunda 60-cı illərin ortalarından gəmilərin təmirinə başlanıldı. Qara şəhərdə Nobel qardaşlarının, 90-cı illərin sonlarında isə A.Dadaşovun gəmi təmiri zavodu və başqaları yarandı. 1900-cü ildə Bakıda 9 gəmi təmiri müəssisəsi vardı.

Tikinti materialları – kapitalizmin inkişafı tikinti materialları sənayesinin də inkişafını sürətləndirdi. Abşeronun daş karxanalarından tikinti daşları çıxarılmağa başladı.  əsrin əvvəlində Bakıda tikilən binaların 90%-i daşdan idi. Daşdan sonra ikinci tikinti materialı kərpic idi.  əsrin sonunda respublikada 150 kərpic bişirən müəssisə vardı.  əsrin əvvəlində onların sayı 200-ü keçdi. Keşlədəki kərpic zavodunda ildə 2 mln. kərpic istehsal edilirdi. Neft mədənlərinin sementə olan tələbatının artması burada sement zavodlarının yaradılmasını zəruri edirdi. Rusiyadan buraya gətirilən sement baha başa gəlməkdən əlavə, ona olan ehtiyacı ödəyə bilmirdi. Ona görə də  əsrin əvvəlində əvvəlcə Keşlə kəndində, bir qədər sonra Tovuzda sement zavodları fəaliyyətə başladı. Keşlə sement zavodu Zaqafqaziyada ilk və yeganə zavod idi. Orada ildə 7 min ton sement istehsal edilirdi (Tovuzdakı sement zavodu 1915-ci ildə istifadəyə verilmişdi).

Bakıda ilk elektrik stansiyasının pionerii «Qafqaz və merkurii» cəmiyyətinin tikdirdiyi kiçik stansiya hesab olunur. Əsrin sonlarında Bakıda təşkil olunan «Elektrosila» cəmiyyəti yaşadığımız əsrin əvvəllərində Bayılda və Ağ şəhərdə əvvəlkilərdən daha güclü iki elektrik stansiyası tikdi. Ümumiyyətlə, istehsal olunan enerъinin 95%-i şirkətlərin sənaye müəssisələrinə, qalan 5%-i isə şəhərin işıqlandırılmasına və kommunal təsərrüfatlarına sərf edilirdi. Bununla belə, Bakıdakı elektrik stansiyaları öz gücünə görə Peterburq və Moskvadan sonra Rusiyada üçüncü yeri tuturdu.

 əsrdə və  əsrin əvvəllərinə qədər Simens qardaşlarının Qalakənddə tikdirdiyi kiçik elektrik stansiyasından başqa, Bakıdan kənarda və Azərbaycanın qəzalarında elektrik enerъisindən istifadə edilmirdi.

Tarixi xronoloъi baxımdan Bakıdan kənarda Azərbaycan qəzalarında yaranan ilk iri kapitalist müəssisəsi Nuxadakı külli miqdarda baramanı emal etmək üçün fabrik tikmək zərurəti meydana gəldi. Böyük gəlir gətirəcəyini nəzərə alaraq Moskva sənayeçilərindən Alekseyev və Voronin qardaşları Nuxada 60 min manata başa gələn ipəkçilik fabriki tikdirdilər. 1861-ci ildə fəaliyyətə başlayan fabrikdə 432 dəzgah və 64 hovuz vardı. Dəzgahlar buxar mühərriki ilə hərəkətə gəlirdi. 60-cı illərin ortalarında fabrikdə 850 fəhlə çalışırdı. Fabrikdə layihədə nəzərdə tutulduğundan xeyli çox ildə 1200-1400 min pud ipək məhsulu istehsal olunurdu. Bu təkcə Rusiyada deyil, Avropada ən iri ipəkçilik fabriki hesab olunurdu. Lakin ipək qurdu xəstəliyi ilə əlaqədar 60-cı illərin ortalarında fabrik müvəqqəti olaraq dayandırıldı. 70-ci illərin əvvəllərindən fabrikin fəaliyyəti yenidən canlandı. Sahibkar Mirzoyev fabriki 45 min manata satın aldı. Fabrik müəyyən fasilələrlə 80-ci illərin ortalarına kimi işlədi. Bundan əlavə, Nuxa qəzasında 33, Qarabağda 19, Ordubadda 2 fabrik xarakterli ipəkçilik müəssisəsi vardı. Onlarda buxar mühərriklərindən və dəzgahlardan istifadə edilirdi. XX əsrin əvvəllərində ipəkçilik sənayesi daha sürətlə inkişaf etdi. Bu fabriklərin məhsulunun əksəriyyəti Rusiya və qismən xarici bazarlara göndərilirdi.


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin