mövzusunda elmi-nəzəri seminar
Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) birgə təşkilatçılığı ilə “Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda ikigünlük elmi-nəzəri seminar keçirilmişdir.
Azərbaycanın tanınmış fəlsəfə tədqiqatçısı, “Şərq fəlsəfəsi problemləri” jurnalının baş redaktoru, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin belə bir seminarın keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA FSHİ tərəfindən dəstəklənmişdir.
Tanınmış tədqiqatçıların və təbiətşünas alimlərin iştirak etdikləri seminarı AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) direktoru İlham Məmmədzadə açmış və bildirmişdir ki, tədbirin əsas məqsədi müştərək imkan və səylərdən istifadə etməklə gələcək tədqiqatlar üçün fəlsəfi metodologiya axtarmaq, müxtəlif elmləri təmsil edən alimləri vahid mövzunun müzakirəsi ətrafında birləşdirmək, intellektual və mənəvi təkmilləşmə imkanlarının genişləndirilməsinə nail olmaqdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, bugünkü seminarın fəlsəfənin aktual problemlərinə həsr olunması son vaxtlar cəmiyyətdə elmin rolunun getdikcə artmasının əyani təzahürüdür.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev artıq keçid dövrünü başa vurmuş və qloballaşan dünyanın bir hissəsi olmağa çalışan ölkəmizdə bu cür seminarların təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Şərq-Qərb konsensusunun getdikcə aktuallaşdığı müasir şəraitdə fəlsəfə elminin üzərinə mühüm vəzifələr düşür və bu seminar həmin məqsədin reallaşmasına xidmət edəcəkdir.
Sonra seminarın birinci, ikinci və üçüncü sessiyaları çərçivəsində mövzu ətrafında məruzələr dinlənilib müzakirə edilmişdir. FSHİ-nin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə “Vəhdət fəlsəfəsi müasir elm və sosiomədəni inkişaf baxımından”, Paris Cərrahlar Akademiyasının üzvü, professor Cavad Heyət “Molla Sədrada hərəkəti-cövhəri və vəhdəti-vücud”, AMEA Fizika İnstitutunun proqram rəhbəri, akademik Maqsud Əliyev “Fəlsəfədə ümumvəhdət konsepsiyası və fizika”, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev “İqtisadi nəzəriyyələrin təkamülündə ümumvəhdət metodologiyasının yeri”, AMEA FSHİ-nin direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə “Müasir dövrdə fəlsəfə və elmin qarşılıqlı münasibəti” mövzularında məruzələrlə çıxış etmişlər.
Dostları ilə paylaş: |