Şər barədə fəsil
116
Qoy o, xeyir iş görməyə tələssin; şərdən ağlını qorusun. Zira xeyir iş görməyə tələsməyən birisinin ağlı şərdə məmnunluq tapır.
117
Əgər insan şər iş tutmuşsa belə, qoy o onu təkrar-təkrar etməsin, niyyətlərini onun üzərində qurmasın. Şərin toplanması kədərlidir.
118
Əgər insan xeyir iş görmüşsə, qoy o onu təkrar-təkrar eləsin, niyyətlərini onun üzərində qursun. Xeyirin toplanması sevinclidir.
119
Hətta zalım belə xoş gün görür, nə qədər ki, şər yetişməyib. Lakin şər yetişincə zalım şəri görür.
120
Hətta saleh belə zülmə məruz qalır, nə qədər ki, xeyir yetişməyib. Lakin xeyir yetişincə, saleh xeyiri görür.
121
Şər barədə yüngül düşünmə ki, “O mənə gəlməyəcək”. Axı bardaq da damlalarla dolur. Axmaq şərlə dolur, hətta onu az-az toplasa belə.
122
Xeyir barədə yüngül düşünmə ki, “O mənə gəlməyəcək”. Axı bardaq da damlalarla dolur. Ağıllı xeyirlə dolur, hətta onu az-az toplasa belə.
123
Qoy o, şərdən yan qaçmağa çalışsın, böyük var-dövlətə malik olan, amma yoldaşsız tacir təhlükəli yoldan yan qaçan kimi, yaşamaq istəyən zəhərdən qaçan kimi.
124
Əl yaralı deyilsə, əldə zəhər daşımaq olar. Yarası olmayana zəhər zərər verə bilməz. Özü şər iş tutmayan, şərə məruz qalmır.
125
Günahsız adama zülm edənə, məsum və qüsursuz insana zülm edənə, məhz belə bir axmağa zülm qayıdır, küləyin əksinə atılmış narın toz kimi.
126
Bəziləri ana bətninə qayıdır, zülm edənlər cəhənnəmə düşürlər, salehlər - cənnətə, arzulardan məhrum olmuşlar isə Nirvanaya yetişirlər.
127
Nə göydə, nə okeanın ortasında, nə dağın yarğanının içində – yer üzündə elə bir yer tapılmaz ki, yaşayan öz şər əməllərinin nəticələrindən yaxa qurtara bilsin.
128
Nə göydə, nə okeanın ortasında, nə dağın yarğanının içində – yer üzündə elə bir yer tapılmaz ki, yaşayana ölüm qalib gəlməsin.
-
Dostları ilə paylaş: |