Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə73/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   69   70   71   72   73   74   75   76   ...   101
Fəl.e.d. Könül BÜNYADZADƏ


Təxəyyül:

fəlsəfi qeydlər
Özün olmaq üçün özünü tanımağı bacarmaq gərəkdir, bunun üçün isə təxəyyül sahibi olmaq gərəkdir.

Təxəyyül mövcud olmayan, lakin mövcud olmalı olan dün­ya­nın görüntüsünü yaradır. Mövcud reallığa qane olmamaq möv­cud reallıqdan narazılıq duyğusu insanı qane edə biləcək dünyanı insan təxəyyülündə formalaşdırır. İnsan öz təxəyyülündə gerçəkliyin reallığını deyil, idealını gö­rür. Təxəyyülün yaratdığı dünya, elə buna görə də, nağılı xatırladır.

İdealı ilə reallığı arasında uçurum olan hər bir kəsin xəyala daldığı za­man necə gözəlləşdiyinə, reallığı düşündüyü zaman isə necə eybəcərləş­di­yi­nə nəzər yetirin. Birinci halda onun varlığı onun idealı üzərində, ikinci halda isə onun reallığı üzərində köklənmiş olur.

Nəsə arzulamaqda olan kəs bir çox hallarda xəyala gözlərini yumaraq, sanki yuxulayaraq dalır, yəqin ki, reallığı görməmək üçün. Maraqlı bir fakt: ingilis dilində dream kimi yazılan bir söz vardır. Bu söz həm yuxu, həm də xəyal mənalarını verir. İnsan sanki reallıqdan bir qədər ayrılmaq üçün yuxulayır.

Təxəyyül gerçəkliyin reallıqda öz ifadəsini tapmamış mahiyyətini üzə çıxarır və gerçəkliyi bununla da özünəməxsus bir şəkil­də tamamlayır.

Təxəyyül, digər tərəfdən, gerçəkliyi, reallıqda təm­­sil olunan, lakin, ma­hiyyəti ifadə etməyən təzahürlərdən də özü­nəməxsus bir şəkildə tə­miz­ləyir və bununla da, gerçəkliyi, sözün geniş mənasında, çirkabdan xilas edir.

İnsan təzahürdən mahiyyətə təxəyyül vasitəsilə nüfuz edir. Təxəyyül mahiyyətin bitkin və təmiz görüntüsünü yaratmaqla mahiyyəti göz önündə canlandırır. Təxəyyül insanı mahiyyətə qaytararkən onun mənalı həyatının başlanğıcını qoyur. Çünki mənalı həyat əslində idealın seyr olunmasına kök­lə­nir, idealın bir məqsəd olaraq mənalandırılması ilə başlayır.

Təxəyyül, ümumiyyətlə hər cür aktiv insani fəaliyyətin mənbə­yi­dir, hər cür yaradıcılığın – bədii yaradıcılığın da, elmi yaradı­cı­lı­ğın da, texniki yaradıcılığın da, hətta siyasi yaradıcılığın da əsasıdır.

La­­kin, təxəyyül yaradıcı fəaliyyətin yalnız başlanğıcıdır. Təxəyyülün işini təfəkkür, təfəkkürün işini isə iradə davam et­dirməlidir. Təfəkkürlə tamamlanmayan təxəyyül mifdir. Mif – tə­fək­kür süzgəcindən keçməyən təxəyyülün məhsuludur. Özünün təxəyyül başlanğıcından qopub ayrılan təfəkkür isə mücərrəddir. İra­dənin gerçəkləşdirmədiyi təxəyyül xəyaldır, yuxudur, röyadır. Bu bi­zi bir daha əmin edir ki, ingilislərin bir qədər öncə xatırlanan dream sözünün həm yuxu, daha dəqiq deyilsə röya mənasını, həm də xəyal mənasını verməsi heç də təsadüfi deyildir. Təxəyyülün göstərməli olduğu ideala köklən­məyən iradə isə tutqundur, kordur.

Həyatın məqsədinə çevrilməyən idealın sadəcə olaraq özü-özlüyündə seyr olun­ma­sı isə insana müəyyən bir zövq gətirə bilsə də, bu zövq həqiqi həyatın insanda yaratmalı olduğu fərəh hissinin yalnız başlanğıc məqamı, bir parçasıdır. Gerçəkləşməyə yönümlü olmayan təxəyyül in­sa­nı həqiqi həyatın özü ilə deyil, həqiqi həyatın yalnız xəyalı ilə yaşadır. Həqiqi həyat isə xəyalda canlandırılan idealın sadəcə olaraq seyr olunmasından deyil, gerçəkləşdirilməsindən ibarətdir.

İdealın gerçəkləşdirilməsi, reallığın ideal üzərində yenidən qu­rul­ması, əlbəttə ki, çətindir. Həyat uğrunda mübarizə deyilən ha­di­sənin məğzi, əslində, elə bu çətinlikdədir. Əlbəttə ki, ən asanı reallığa uyğunlaşmaqdır. Realist şüur sahibi məhz bu yolun yolçusu olur. Təxəyyülünün doğurduğu xəyal dünyasında yaşamaqla kifa­yət­lənən kəs, yəni estetik şüur sahibi isə eybəcər reallığa uyğunlaşmaq zülmündən özünü bir müddət xilas etsə də, reallığın eybəcərliyinə göz yummaq zülmünə məhkumdur.

Gerçəkləşdirilməyə yönəmli olmayan təxəyyül, üstəlik, təəssüf ki, təhrif olunmaya, sui-istifadəyə məruz qalmaya məhkumdur. Gerçəkləşməmiş ideal yaşantısı bir məqsəd yaşantısı olaraq daşıdığı məna­nı tədricən itirir, təhrif olunur, təxəyyül bu halda öz təbii təyinatına yadlaşır, xəyal qurucusuna deyil, fantaziya qurucusuna çevrilir. Fantaziya – ger­çək­ləş­məmiş idealın təxəyyüldə yaradılmış görüntüsünün təhrif olunaraq mahiyyətə yadlaşması­dır. Təxəyyül prosesinin ən gözəl nəticəsi həqiqi idealın aydın görü­nü­şü olduğu halda, ən eybəcər nəticəsi idealı təhrif olunmuş şəkildə təq­dim edən fantaziyadır. Həqiqəti sezmə məqamı uydurma məqamından nə qədər və nə dərəcədə fərqlənirsə, əsl təxəyyülün məhsulu olan xəyal da fantaziyadan təqribən bir o qədər və bir o dərəcədə fərqlənir.

Fantaziyaya meylli olan kəs yalnız fantaziyaçı olaraq qaldığı halda, xə­yala dalmağı sevən romantikdir, fantaziyaçı mahiyyətə biganədir, ro­man­tik isə mahiyyətin vurğunudur, hətta bu mahiyyət real görünmədikdə belə.

İnsan təxəyyülü ideal görüntüsünə müvəffəq olmalıdır. Bunu təxəyyül bir çox hallara idealın obrazının yaradılması yolu ilə edir. Lakin, bəzən təxəyyül ümumiyyətlə hər hansı bir obrazı, hər hansı bir görünüşü, hər hansı bir formanı da yarada bilir. Bu mənanı daha aydın bir şəkildə duymaq üçün bir daha ingilis dilinə müraciət edək: İngilis dilində təxəyyül mənası­nı verən imagination sözü image, yəni obraz sözü əsasında formalaşıb və hərfi olaraq obraz yaratma mənasını verir.

Lakin, təxəyyül ruhun dərinliklərində yatan idealın adekvat görüntü­sü­nü yaratmırsa, deməli öz işini mükəmməl bir qaydada görə bilmir. Rus di­lin­də təxəyyül mənası­nı verən воображение sözü bəlkə də elə buna bir işarə vu­rur. Əgər воображение sözünün etimologiyasına diqqət yetirilsə, bu söz hər­fi olaraq obrazın daxildə yaradılması mənasını verir kimi təəssürat ya­radır.

İdealın adekvat görüntüsü özü-özlüyündə insan ruhunu hərəkətə gə­ti­rir, insana necə deyərlər ruh verir. Özgənin qəlbinin dərinliklərində gizlənən ide­alın həmin o özgənin özü üçün görünən edilməsi isə özgənin ruhunu hə­rə­kətə gətirir, ona ruh verir, ona ilham verir. Bu mənada təxəyyül sahibinin özü­nə münasibətdə bir xəyal olaraq çıxış edən ideal görüntüsü özgəyə mü­na­sibətdə bir ilham mənbəyi olaraq çıxış edir. Güclü təxəyyülü olmayan kəs başqalarına bəlkə də hökm edə bilər, amma başqalarını ilhamlandıra bilməz.

Təxəyyülün oyadılması və tam gücü ilə fəaliyyəti Gözəllik fəlsə­fə­si­nin bilavasitə və birinci vəzifəsidir. Lakin, Gözəllik fəlsəfəsi insan həyatını və dünyasını bütövlükdə o halda gözəlliyə qərq edə bi­lir ki, onun doğurduğu ide­al yaşantısı Varlıq fəlsəfəsindən doğul­ma­lı olan inam hissinə, Təfəkkür fəl­səfəsindən doğulmalı olan həqiqət yaşantısına, Əxlaq fəlsəfəsindən do­ğul­malı olan təmizlik hissinə və nəhayət, Siyasət fəlsəfəsindən doğulmalı olan qətiyyət yaşantısına köklənmiş olsun. Əgər belə deyildirsə, o, tezliklə özünün ideal yaşantısı olaraq daşıdığı bütöv məzmunu itirəcəkdir. İdeal yaşantısı həyatın fəlsəfi yaşanmasının fövqündə dayanmalı və elə bu səbəbdən də Gözəllik fəlsəfəsinin sonu olduğu kimi, Varlıq fəlsəfəsinə keçidin başlanğıcı olmalıdır. İnsan ideal, inam, həqiqət, təmizlik, qətiyyət duyğularını yaşayaraq fəaliyyət göstərdikcə İdealı ilə Real­lı­ğı arasın­da­kı ziddiy­yə­ti və bu ziddiyyətin ifadəçisi olan zamanı duymur, “vaxtın necə keç­di­yi­ni bilmir” və nəticədə, əlbəttə ki, gözəlləşir. Bu halda zaman udeal və reallıq arasındakı fərqin bir ölçüsü kimi çıxış etmiş olur.

İnsan idealsızlıq, inamsızlıq, ideyasızlıq, vicdansızlıq və qətiyyətsizlik göstərdikcə isə İdealı ilə Reallığı arasın­da­kı ziddiyyəti saxlayır və bu ziddiyyətin ifadəçisi olan zama­nın özü üzərindəki təzyiqindən əzab çəkir və ey­bəcərləşir. İdeal yaşantısı onun məzmununu təşkil edən əlamətlərdən bi­ri­ni – gerçəkləşdirilmə zərurətini itirdikdə, bu məzmun başqa bir his­si – zərif­lik duyğusunu formalaşdırır. Gözəllik fəlsəfəsi ideal ya­şan­tı­sı ilə tamam­lanmayaraq, yalnız zəriflik yaşantısı ilə məhdudlaşmışsa, yalnız ona nail olur ki, bir vaxt, haçansa, insan həyatını və dünyasını gözəlləşdirə biləcək obrazları, gələcəkdə reallışdırılacaq idealların ifadəçisini, incəsənəti törədir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin