Müdriklər barədə fəsil
76
Əgər kimsə qüsurları göstərən və onlara görə qınayan biri müdriki görmüş olsa, qoy o belə müdrikin ardınca getsin, xəzinəni göstərən birisinin ardınca gedən təki. Beləsinin ardınca gedənə yaxşı olacaq, pis olmayacaq.
77
Qoy o, məsləhət versin, öyrətsin və şərdən saxlasın. Axı o, xeyirxaha xoş və zalıma naxoş gəlir.
78
Qoy heç kim pis dostlarla birləşməsin, qoy heç kim alçaq insanlarla birləşməsin. Yaxşı insanlara bağlanın. Nəcib insanlara bağlanın.
79
Dhamma yeyən xoşbəxt yaşayır; təmiz ağıllı müdrik Nəcibin1 bəyan etdiyi dhammaya daim heyrət edir.
80
Kanal çəkənlər su buraxırlar, oxçular oxu özlərinə tabe edirlər, dülgərlər ağacı özlərinə ram edirlər, müdriklər özlərini sakitləşdirirlər.
81
Möhkəm qayanı külək yerindən tərpədə bilmədiyi kimi, beləcə müdriklər də söyüş və təriflər altında sarsılmazdırlar.
82
Dhammaları eşidincə müdriklər göl kimi təmiz olurlar: dərin, təmiz və duru.
83
Salehlər öz yollarını istənilən şəraitdə davam etdirirlər. Xeyirxahlar hətta istəyəndə belə, boşboğazlıq etmirlər. Onlara səadət və ya kədər toxunanda isə müdriklər nə onu, nə də o birisini üzdə göstərmirlər.
84
Nə özündən ötəri, nə də başqasından ötəri o nə oğul, nə var-dövlət, nə də şahlıq istəyər. Qanunsuz yolda o özünə uğur arzulamaz. Qoy, o həmişə nəcib, müdrik və ədalətli olsun.
85
İnsanlar arasında çox azı qarşı sahilə yan ala bilirlər. Qalan insanlar isə yalnız bu sahildə vurnuxmaqla məşğuldurlar.
86
Dhamma layiqincə bəyan edildikdə həqiqətən dhammaya riayət edən insanlar nə qədər çətin olsa da ölüm səltənətindən yan keçərək qarşı sahilə yetişə biləcəklər.
87-88
Qaranlıq dhammanı tərk edən müdrik, qoy nurlu dhammanı bəsləsin. Evdən evsizliyə hicrət edərək, qoy o tənhalıqda, sevinc üçün ən az yarayan kimi görünə bilən şəraitdə məmnunluq arasın. Arzulardan imtina edərək, mülkiyyətdən qurtularaq, qoy müdrik öz ağlını çirkabdan təmizləsin.
89
O kəslərin ki, ağlı nurlanmanın əsaslarına layiqincə söykənmişdir, o kəslər ki, bağlardan imtina etmişlər, azadlığa sevinirlər, öldürülmüş arzularla, şəfəqlə dolu olan o kəslər bu dünyada Nirvanaya çatanlardır.
-
Dostları ilə paylaş: |