Qocalıq barədə fəsil
146
Dünya daim od içində olan bir zamanda bu nə gülüş, bu nə şadlıqdır? Zülmətlə örtülmüşlər, siz niyə nuru axtarmırsınız?
147
Bu bəzədilmiş şəklə, qüsurla dolu, hissələrdən yığılmış, xəstəhal, içi müəyyənlik və sabitlikdən məhrum fikirlərlə dolu bədənə bax.
148
Cındırı çıxıb bu bədənin, xəstəlik yuvasıdır, fanidir; bu çürüməkdə olan qalaq dağılmaqdadır, zira həyat ölümlə sonuclanır.
149
Bu maviyə çalan, payız vaxtı ora-bura atılmış balqabaqlara bənzəyən sümükləri görməkdə nə ləzzət var?
150
Bu qala sümüklərdən düzəldilib, ət və qanla suvanıb; qocalıq və ölüm, aldanış və riya var onda.
151
Bər-bəzəkli şah arabaları belə köhnəlirlər, beləcə bədən də qocalığa yaxınlaşır. Lakin nəciblərin dhamması qocalığa yaxınlaşmır, zira xeyirxahlar onu xeyirxahlara öyrədirlər.
152
Az bilikli insan öküz kimi qocalır: onun əzələləri böyüyür, biliyi isə artmır.
153
Mən uğursuzcasına evin inşaatçısını axtara-axtara bir çox doğuluşların sansarasından keçdim. Təkrar-təkrar doğulmaq – kədərlidir.
154
Ey evin inşaatçısı, sən görürsən! Evi bir daha yenidən tikə bilməyəcəksən. Sənin bütün sütunların çürüyüb, damın da məhv olub. Əşyasızlaşma yolunda ağıl arzuların məhvinə nail olmuşdur.
155
Kimlər ki, saleh həyat yaşamamış, gəncliyində xəzinəyə yetişməmişlər, məhv olurlar, balığı olmayan göldə qoca leyləklər ölən təki.
156
Kimlər ki, saleh həyat yaşamamış, gəncliyində xəzinəyə yetişməmişlər, sınmış oxlar təki, keçmişi xatırlayaraq ah çəkə-çəkə yatırlar.
-
Dostları ilə paylaş: |