Aldı Tahir:
Başına döndüyüm qurban olduğum
Hər yana gedəndə Xan Verdi deyim
Oduna yandığım giryan olduğum
Hər yana gedəndə Xan Verdi deyim.
Ərzimi eləyim mərd-mərdanə
Şikayətim vardur çərx devrana
Sübh zamanı vardım bağ gülşəna
Bülbül gül yolunda can verdi deyim.
İşvəsinən, qəmzəsinən, nazinnan
Qiya baxsa canlar alır gözünnən
Raqib təhnəsindən, duşman sözündən
Bəlkə Zöhrə bizdən yan verdi deyim.
Tahir Mirzə Xan Verdi södəgər ilə də halallaşıb yoluna dəvam elədi.
Deyildiyinə görə Yəmən şahının qızı Nərgiz xanım başında qırx incə qız ilə Gürcüstanı talayıb öz bağçasında seyr edirdi. O qızlara tapşırmışdı ki, hər yanda aşıq görsəniz mənim hüzurumə gətirin. Bu əsnada haradansa biçarə Tahir bu qızların əlinə düşdü. Qızlar onu Nərgiz xanımın hüzuruna getdi. Nərgiz xanım dedi: – Ay aşıq! Mənə bir təsrifnamə degilən hərgah bəgənsəm verərəm, bəgənməsəm boynunu vuraram.
Aldı Tahir:
Budu gəldi bahar fəsli
Geyinibsən lalə Nərgiz
Tutu dillim, qumru səsliyəm
Dodaq batıb bala Nərgiz.
Kəsibsən aşığın yolun
Qırıbsan qanatın qolun
Tutu kibi oxur dilin
Dönübsən bülbülə Nərgiz.
Xan Tahiri küstürürsən
Xələt verib dindirirsən
Dar quruban asdırırsan
Özün geydir mənə Nərgiz.
Nərgiz xanım Tahiri çalan-çağıran bir cavan görəndə buraxmaq istəmədi. Xan Tahir yalvarıb bir tör ilə qızın əlindən xilas oldu. Oradan yola rəvan olub bir müddətdən sonra yay fəsli zamanı Qaramanlı şəhərin yaylağına yetişdi. Qəzadan yaylaqda öz dəli çobanlarına rast gəlir. Tahir çobanı görər-görməz sevgilisi yadına düşdü. Bu dillər ilə ondan Zöhrəni soruşmağa başladı:
Aldı Tahir:
Başına döndüyüm çoban
Çoban səni səfa gördüm
Ədalət bildiyim çoban
Mən səni bivəfa gördüm.
Qoyun otlar havar-havar
Yaralarım oldu qabar
Zöhrədən mənə bir xavar
Çoban səni səfa gördüm.
Çoban dedi:
– Ay aşıq! Zöhrə adını çəkmə. İndicə səni öldürərəm. O mənimdi, mən onu səvirəm, o da məni. Hər sağından-sağına evə süd aparıram. Deyir yuxarı bax, mən yuxarı baxanda üzümə tüpürər, iki əlli qara-qara mala yar.
Biçarə Tahir aldı sözün axır bəndini:
Ərisin dağların qarı,
Getməyir gönlümün qübarı
Tanımadım Xan Tahiri
Mən səni bivəfa gördüm.
Çoban Tahir adını eşidəndə əl-ayağına düşüb dedi: – Məni bağışla səni tanımadım. Tahir çobana dildarlıq verdi dedi: – Amandı məni Zöhrəyə yetir. Çoban öz paltarını Tahirə geydirib xəlvət evlərinə apardı. Çobanın anası: – Oğul, qonağın xoş gəlib, səfa gətirib. Söylə görüm kimdi? – deyə soruşdu.
– Kor olasan ana, tanımırsan bu mənim ağam Xan Tahirdir. Hər nə cürə olsa bunu öz məşuqəsinə yetirəsən.
Sabah tezdən qarı Tahirin əyninə öz qızının paltarını geydirib Zöhrənin daril imarəsinə getdi. Tahir Mirzə gələn zamanı Zöhrə hələ yuxuda idi: Zöhrənin yaxın qarabaşdarınnan sayılan Mələksima halı belə görəndə bu dillər ilə Zöhrəni oyatmağa başladı.
Mollanın xalası qarı Zöhrənin qapısında dururdu. Tahiri qız paltarında tanıyıb o saat Hətəmsultana xəbər verməgə yola düşdü. Hətəmsultan məsələdən halı olan kimi əmr verib qoşun atlandı və qızın otağının hər tərəfini əhatə etdilər. Bu yandan Zöhrə işi duyub Tahiri öz paltar sandığına qoyub üstündə oturdu. Qoşun bir şey tapa bilmədi. Hətəmsultan qəzəb alud olub qarını bir qatirin quyruğuna bağlayır par-parça elədi.
Xan Zöhrə gec olcaq Tahiri sandıqdan çıxardı. İki aşıq, məşuq biri-birilə görüşdü və öpüşdü.
Dostları ilə paylaş: |