Şahzada Qasım:
Qəsrdə əgləşən gəlin
Neyə təksən elin yoxdu
Neçun pozğundu tellərin
Əl şanada telin yoxdu.
Mən gəlirəm dağ, daşdan
Ürəyim yandı atəşdən
Ayrılıbsan yaşıl başdan
Tək sonasan gülün yoxdu.
Dərdini Qasıma söylə,
Tiğ alıb bağrımı teylə
Qonağam xoş gəldin eylə
Yoxsa lalsan, dilin yoxdu.
Şahzada Qasımın cavabında aldı Gözəl xanım:
Başına döndüyüm gül üzlü cavan
Bu qəmli gönlümdan nə deyim gülüm
Yerin olsun sənin cənnət rizvan
Bu qəmli gönlümdan nə deyim gülüm.
Tülək tərlan eləyir havada
Gözdərim yoldadı, əlim duada
On bir aydı qardaşlarım davada
Bu qəmli gönlümdan nə deyim gülüm.
Ovçu olan oxun tutar şəstində
Gözüm qaldı gözləriyin məstində
Dava olub mən gözəlin üstündə
Bu qəmli gönlümdan nə deyim gülüm.
Qız sözünü tamama yetirdi. Oğlana oturmağa yer göstərdi. Şahzada Qasım əgləşdi. Dedi: özüyün və qardaşlarının əhvalatını açıq və aydın mənə söylə.
– Oğlan! Əhməd Hərami deyilən büdpərəstə məni almaq üçün qardaşlarımın yanına elçi göndərdi. Mənim qardaşlarım mənim qırx həramiyə saqi olmağıma razı olmadılar. Əhməd Hərami dava istədi. Qardaşlarım mənim üstümdə bəlaya düçar olub o qırx hərami ilə davaya getdilər. İndi hələ də davadadurlar.
– Xanım! Heç qorxub qəm-qüssə çəkmə. Büdpərəstlərin qırxı da mənim boynuma.
Mən qorxmuram. Amma əvvəldən əhd etmişəm. Hərgah, büdpərəstlər qardaşlarımı öldürsə, mən də bu əlimdəki zəhəri içib özümü öldürəcəyəm.
– Əzizim, and olsun babamın cıqqasına, sabah olcaq o həramilərin qırxını da qılıncdan keçirəcəyəm.
Şahzada o gecəni gözəl ilə söhbət ilə keçirdi. Atına suvar olub həmin qız göstərdiyi meydan riznə rəvan oldu. Davanın şiddətli zamanı yetişdi. Gördü: qırx hərami bir tərəfdə və altı qardaş da bir tərəfdə səf bağlayıb dururdu. Şahzada atını meydana sürüb salam eylədi. Altı qardaş tərəfindən salam alındı. Atını bunların tərəfinə sürüb dedi: qoymayın, bu büdpərəstləri. Altı qardaş belə bir himənind idi. Şahzada ilə özlərini bu büdpərəstlərə vurdular. Qılıncı çəkib sağdan-soldan qoşunu murmələx kibi dağıdıb sərnigün etdilər. Altı qardaş şahzadanın əl-ayağına düşüb evlərinə apardılar. Oğlanlar öz aralarında dedilər biz nə edək, şahzadanın yaxşılığının altından çıxaq. Balaca qardaşları dedi: Gözəl xanımı buna verək. Heç bundan yaxşısı yoxdur. Hamısı bu sözə razı oldu. Bunlar toy tədarikində idilər ki, şahzada atını minib Hind səfərinə hazırlaşdı.
Oğlanlar mat-məəttəl qalıb bacılarına dedilər: Nə edək, Qasım getmək istəyir. Gözəl xanım şahzada Qasımın yanına gəlib görək nə deyir.
Gözəl xanım:
Yaxşı olur təzə baxça, baja bar
Şirin olur, yemək üçün taza nar
Çox yaxşıdır qürbət eldə taza yar
Getməyəsən, əglənəsən, qalasan.
Sizin yerdə ördək olar, qaz olar
Bizim yerdə söhbət ilə saz olar
Yer üzündə mən tək gözəl az olar
Getməyəsən, əglənibən, qalasan.
Gözəl xanım deyər, bir də məni görgilən
Qızılgülün iyləyibən dərgilən
Dilindən mənə ilqar vergilən
Doğru söylə görüm haçan gələrsən.
Söz tamama yetişdi. Qasım Gözəl xanıma dildarlıq edib and yad etdi. Hind elindən qayıdanda səni də özüm ilə aparacağam. Altı qardaş şahzadanı uzaşdırmaq üçün onnan yola düşdülər. Oğlanlar ilə Qasım Hind elini tutub gedirdi. Beləliklə, iyirmi altı gün yol getdilər, iyirmi yeddinci gün oğlanlar atlarını əylədilər. Dedilər: – Şahzada! Bu yaxında Qubad adlı bir hərami vardı. Başında yeddi yüz yetmiş yeddi dəlisi var. Dünyada belə hərami yoxdu. Əgər bilsə ki, biz onun torpağına ayaq basmışıq quş olub gögə uçsaq da endirib öldürər. İndi buradan iki yol ayrılır. Bir yol ilə Hind viılayətinə altı ayda getmək olar, o biri yol ilə iki ayda getmək olar. Amma o yol Keyqubadın torpağından gedən yoldur. Hansı biri ilə gedirsən get. İxtiyar sənindir.
Şahzada altı qardaş ilə halallaşıb o yaxın yola düşdü. Az vaxta Keyqubada yetişdi. Keyqubadın bağına varid oldu. Hansı ki, bu bağa dünyada quş səkə bilməzdi. Atıını otlağa buraxıb özü də çarhəvizin səndəlyələrinin üstündə yatdı. Haradansa o gün Keyqubadın arvadı Fəğfur Pəri bağa seyrə çıxmışdı. Birdən yuxudan şahzadanın üstə çıxdı. Gördü bir cavan yatıb xət-xalı bənəfşə kimi, qəddi-qaməti sərv ağacı kimi. O, kəniz göndərib Keyqubadı oraya çağırtdı. Keyqubad bağa gəlib gördü: o cavan yatıb, onun acığı dutub sözə başladı.
Dostları ilə paylaş: |