Şahzada Bəhram:
Mən qorxuram dastan olam dillərdə
Bülbül kimi heç gəzmiyim güllərdə
İndi cumur dərin, dərin göllərdə
Çalxanıb buların sonalar indi.
Vəzir:
Qorxma oğul dastan olmaz dillərdə
Ta ölüncə səni qoymaram çöllərdə
Qürbət vilayətdə, qürbət əllərdə
Gərək tanıyıban bilələr indi.
Şahzada Bəhram:
Çox qorxuram danışallar biləllər
Dost, duşmannar rəxşə edib güləllər
Qorxum budu yarı mənnən alallar
Onda yaman olar aralar indi.
Vəzir:
Oğul Gül Xandan gözləyəcək yolunu
Sənnən qeyri yad vərməz əlin
Xar qonuban daha pozmaz gülünü
Siryaqıblar götürülsə aradan indi.
Vəzir saznan dildarlıq vərdi ki, “Şahzada xof etmə. Səni mətləbinə yetirərəm”.
Bu sözdən sora tamam qoşun atdanıb şahzada Bəhramnan İsfahan şəhrinə gəldilər. Astan şaha xəbər verdilər, oğlun şikardan qayıtdı. Astan şah şad olub oğlunu hizurinə istədi. Bəhram bargahə varid oldu. Şah qolunu oğlunun boynuna salıb üzünnən, gözünnən öpdü və o oğluna diqqətnən baxırdı. Gördü Bəhram çox dilgirdur, soruşdu: – “Oğlum boyun balasın alım, söylə görüm bu şikarda sənə nə olub belə dilgir olubsan”. Atayi məhriban, mənim dilim tutmaz əhvalatı sənə nağıl eləyəm. Ona görə vəzirindən xəbər al.
Şah əmr elədi, vəzir hizurə gəldi. Əhvalatı vəzirdən xəbər aldı. Vəzir dedi:
– Şah sağ olsun, bu əhvalatı dil ilə deyə bilmərəm hərgah izn versən saznan deyərəm.
Şah izn verib vəzir bu dillərnən Bəhramın dərdini Astan şaha söylüyür:
Vəzir:
Nagahandan bir ceyrana duş oldu
Əql başdan getdi can bihuş oldu
Ceyranın eşqinə fəramuş oldu
Axtarıb ceyranı tapa bilmədi.
Yoxdu onun tək bir kaşı hilal
Bu gözəllikdə hanı bir belə kamal
Bəhram da eşqinnən tapmır qərar
Dolandı ceyranı bula bilmədi.
Ürəgimizə vurdu bir yaman yarə
Uzaqlaşdı bizdən düşdü kənarə
Əgər Xtan şəhərinə gəlsən dübarə
Axtardı ceyranı bula bilmədi.
Şah dedi:
– Vəzir Allah oyunu yıxsın, mənim çırağımı yaxşı söndürdün. Mən hara, Xtan hara. Bu vilayət ilə, oranın arası altı aylıx yoldur. Oraya getməg olmaz. Şahzada Bəhram bu sözü eşidib atasına dedi: – “Şah baba, hərgah izn versən, mən öz dərdimə dərman elərəm. Və hasanddığnan məşuqəmi gəturrəm”.
– Oğlum, nə tör ilə gəturə bilərsən söylə görüm.
Şahzada Bəhram:
İsgəndər tək cəng libasın götürrəm
Götürübən göz önündən itirrəm
Tezliknən məktubımı gətirrəm
İzn versən qayıtmaram bu yoldan.
Əyər mənə izn versən icazə
Günü günnən ömrüm olar tər təzə
Gələn vəxtdə çıxarlarmı pişvaza
İzn versən qayıtmaram bu yoldan.
Sənin duan olsa mənim dalımca
Saraluban gül rəngim dönüb narınca
Qayıtmaram bu sodadan ölüncə
İzn versən qayıtmaram bu yoldan.
Astan şah:
Oğul yaman yerdə qara etdin baxtımı
Dağıtdın dölət tac taxtımı
Piran etdin oğul yaman vaxtımı
Oğul getmə indi aman günüdü.
Sən gedərsən çox xəyala dolaram
Saraluban hayva kimi solaram
Sən gedərsən mən intizar ölərəm
Oğul getmə indi aman günüdü.
Astan şahı bu fikirlər dindirər
Dostdarı ağladıb, duşmanları güldürər
Bəhram anan bilə öz-özünü öldürər
Oğul getmə indi aman günüdü.
Dostları ilə paylaş: |