Məlik Məhəmməd:
Başına döndügüm södagər əmi
Bu naməni anama yetirin
Çünki qürbətdə qoydunuz məni
Bu naməni anama yetirin.
Üç yüz manat verif bir qul aldı
Fələk məni dölət-vardan saldı
O Hinddə əyləşif qürbətdə qaldı
Bu naməni anama yetirin.
Hər zaman ah-zar edər Məlik Məhəmməd
Ölməyim vacibdi, qalmağım sünnət
Bu dünyam qaranlıx, axirətim cənnət
Bu naməni ol madərə yetirin.
Naməni tamam eyliyif tacirlərə verdi. Tacirlər naməni götürüf, Həmədan vilayətinə yola düşdülər. Bular Həmədana getməydə olsun, gəl sənə Məlik Məhəmməddən xavar verim. Qul ilə bir neçə gün karvansarada qalıf güzəran edirdilər.
Həman Məlik Məhəmməd satın aldığı qul Yəmən şahının qızı Güləndam Pəri idi. Bu qız bir gün öz bağlarına seyrə çıxmışdı. Qəzadan o gün iki hindli yolnan gedəndə Güləndam Pərini görüf aşiq giriftar, mahruy Güləndam oldular. Odu ki, hər ikisi bağa daxıl oluf qızı tutuf bir dəst qul libası geydirif, pinhani bir yolnan Hində apardılar.
Hinddə bir pirani qul paltarında satdılar. O piran da alan kimi bazara çıxarıf satmaq istədiydə Məlik Məhəmməd rast gəlif, alıf karvansaraya gətirdi. Ancaq bu qız da bağa gələndə özündə hesabsız pul varmış. Qullar da bir-birinin qorxusunnan nə qıza yaxın gəliflər, nə də munda olan pulu bilmiyiflər. Odu ki, qız Məlik Məhəmmədnən karvansarada olanda gözünün altından Məlik Məhəmmədə bir nəzər salıf gördü bir cavandı ki, dünyada misli-manəndi yoxdu.
Öz-özünə dedi: hər halda bu cavan da mənim kimi dərd sahibidi. Munu deyif niqab altınnan dedi: – Məlik Məhəmməd! Sənin bu Hind şəhərində heç mənzilin yoxdumu? Biz bu karvansarada qalmışıx. Məlik Məhəmməd dedi: – Ey qul! Allahdan nə gizlindir, sənnən nə gizlin ola. Bu günnən səval dolanmağa gümanım yoxdu. Bu zaman qul dedi: – İndi ki, belə oldu, mən hayana getsəm, sən də dalımca gəl. Məlik Məhəmməd razı oluf hər ikisi bir qədər yol getdiydən sora şəhərin bir guşəsinə yetişdilər. Bu zaman qul iki otaxdan ibarət bir mənzil tutdu, hər ikisi o mənzilə gəldilər. Qul dedi: “Məlik Məhəmməd! Bil və agah ol, bu günnən hər nə xaştıx sənə lazım olsa məndə var, özüm də səhərdən axşama qədər sana qullux eyliyəcəyəm. Ancaq axşam olanda mənnən işin olmasın, otağın birində tək olasıyam”. Məlik Məhəmməd dedi: “Çox yaxşı”. Odu ki, o günnən qul axşama qədər Məlik Məhəmməd ilə söhbətdə və qulluxda oluf, axşam qul otağına getdiydən bir müddət sora Məlik Məhəmməd öz-özünə dedi: Ey dil qafil! Bu nə işdir. Qul hər axşam bilmirəm, hayana gedir, yəqin ki, bunda bir sirri-xəfi var ki, axşamlar ayrı mənzildə yatır, təəccüblü burasıdır ki, mən onu saxlamaqdan o həm məni, həm özünü dolandırır. Bunu deyif o saat qul yatan otağın qapısına getdi və pəncərədən diqqət ilə baxanda gördü, həmin qul libasını soyunuf bir bədirlənmiş ay kimi mahruhi şölə verən bir vəcihə gözəl qızdır. Məlik Məhəmməd belə bir vəcihə qızı görcək bir gönüldən min gönülə aşıq giriftar oldu. Qapıda o qədər gözlədi ki, qız yuxuya getdi, bu zaman bir tor ilə qapını açıf otağa daxil oluf qızın yaxınına gedəndə qız ayıldı. Munu görən Məlik Məhəmməd eşiyə çıxdı. Güləndam hər yana baxıf bir şey görmədi, genə də yatdı. O yannan Məlik Məhəmməd öz otağına gedif xurrəi-xabə bulənd oldu, ta inki, səhər açıldı.
Gənə də Güləndam qul libasında axşamadək Məlik Məhəmməd ilə bir yerdə oluf axşam olan kimi öz otağına getdi. Məlik Məhəmməd isə gejədən bir qədər keçmiş Güləndamın qapısına gəlif pəncərədən baxanda gördü, gənə də qız qul libasını çıxarıb on dört gejəlik ay kimi bədirlənir. Bu zaman Məlik Məhəmməd daha da möhübbətini artırıb öz-özünə dedi: belə nazənin sənəmdən ölmək var, dönmək yoxdur. Bunu deyif biixtiyar daxili-otaq oldu. Qız Məlik Məhəmmədi görcək dedi:
– Ey cavan, mən sana nə demişdim, belə hayasızlıx olarmı?
Məlik Məhəmməd dedi:
– Ey nazənin! Vallah mən sana aşiqəm. Ya öldür, ya inki, qoy və visalına yetişim.
Bir qədər guftgudən sonra qız, oğlan bütün başdarına gələn macaranı bir-birinə nağıl elədilər. Munnan sora Məlik Məhəmməd dedi:
– Ey nazənin! Mən dərdimi istədiyim qədər dilnən söylüyə bilmərəm, ona görə qulaq as, sinəi tar ilə söylüyüm.
Güləndam dedi:
– Mən də sən dərdliyəm, söylə!
Dostları ilə paylaş: |