Hümmət Əlizadə Nağılçılardan bəzilərinin tərcümeyi-halı HÜMMƏT ƏLİZADƏ Hümmət Əlizadə yoldaş 1907-ci ilin oktyabr ayının 10-da Qazax qəzası Həsən Su mahalının Köçəsgər kəndində dünyaya gəlmişdir. İbtidai təhsilini Tavus məhəllə məktəbində görmüş, lakin atasının vəfatından dolayı üzərinə yüklənən ailənin təmin məsələsi onu məktəbdən uzaqlaşdırmış, nökərçiliyə və muzdurçuluğa məcbur etmişdir.
Azərbaycan şuralaşdıqdan sonra iş büsbütün dəyişmişdir. Hümmət Əlizadə yoldaş mənsub olduğu Lenin kommunist Gənclər, Yer və Meşə işçiləri ittifaqında göstərdiyi fəaliyyət sayəsində 1924-cü ildə qəza komitəsi tərəfindən Azərbaycan Mərkəzi Türk İşçi fakültəsinə göndərilmişdir. Yoldaş Əlizadə eyni fakültəni bitirib, Ali Pedaqoji İnstitutunda təhsilinə davam etmədədir.
Bakıya gələndən sonra Hümmət yoldaş “Azərbaycanı öyrənən cəmiyyət”ə üzv olmuş və o zamandan bəri Azərbaycanı dolaşar və xalq ədəbiyyatının toplanması ilə məşğul olar. Topladığı materialda bəzi qüsurların göründüyü təbiidir, çünki folklor toplama üsullarını bir gənc tələbə incədən-incəyə tətbiq edəməzdi. Hər halda yoldaş Əlizadənin xalq ədəbiyyatı sayəsindəki xidməti diqqətə layiq və faydalıdır.
İrəlidə təhsilinin yüksəlməsi sayəsində qüsurlarının yox olmasına və bizə bir çox yeni materiallar toplamasına əmin və ümid edəriz.