AŞIQ ƏLİ RƏHİM OĞLU
Aşıq Əli 1867-ci ildə İran məmləkətinin “Sulduz” qəsəbəsində anadan olmuşdur. 8 yaşlarına kibi atası Rəhimin özünü dolandıran qadar varı olduğu üçün evlərində rahət yaşamış, 8 yaşından sonra maldarlıqla və nihayət 12 yaşlarından 15 yaşına qədər də dəmirçi şagirdi olmuşdur. 15 yaşından 17 yaşına qadar cüt sürmüş 17 yaşından atlı sərbazı olub 20 yaşına varanadək haman vəzifədə bulunmuşdur. 22 yaşından Rusiyaya köçmüş, fələlik, əkinçilik və bu kibi işlərlə uğraşmışdır. 29 yaşlarında yenə vətəni Sulduz qəsəbəsinə qayıtmış, 4 il bağbançılıq etmiş və 33 yaşında yenə Rusiyaya dönmüş, müxtəlif şəhərlərdə dolaşaraq istedadı sayəsində istər İranda və istərsə də Rusiyada məşhur saz şairlərindən layiqincə aşıqlıq öyrənmişdir. O vaxtdan indiyə qadar həm aşıqlıq və həm də fələlik və əkinçilik işi ilə məşğul olmuşdur.
Aşıq Əli savadsız olduğu halda çox ölkələr gəzdiyinə görə fars, türk, yəhudi və kürd dillərini gözəlcəsinə bilir. O söylədiklərinə görə İranı, Hindistanı, Ərəbistanı, Türkiyəni, Misri, Hələvini və Çini gəzmiş və bu müddət içərisində həyatını başqalarına muzdurluq etməklə keçirmişdir.
Aşıq Əlinin uca zümzüməli səsi, gözəl oxumaq qabiliyyəti və son dərəcə yaxşı nağılbazlığı var.
Bunlar onu Azərbaycanda xüsusən Qazax, Gəncə qəzalarında tərifə gəlməz məşhur etmişdir.
Aşıq Əli hal-hazırda Qazax qəzası Həsən Su mahalının Köçəsgər kəndində yaşamaqdadır.
Dostları ilə paylaş: |