Səkinə xanım:
Baş götürüb ayağına gəlmişəm.
Əlac sana qalıb Mısrın xanı
Mən səni özümə qəmxar bilmişəm
Əlac sana qalıb Mısrın xanı.
Tanımıyırsan sən əslimi soyumu
Səryaquflar görməyibdi boyumu
Özün öz əlinlə elə toyumu
Əlac sana qalıb Mısrın xanı.
Göllərin sonasıyam, qazıyam
Məclislərin söhbətiyəm, sazıyam
Dağıstanlı Hüseyn şahın qızıyam
Əlac sana qalıb Mısrın xanı.
Səkinə xanım sinəyi-tarinan dediydən sonra dil ilə də həm özünün və həm də İbrahimin əhvalatını ona söylədi. Şəmun yəhudinin hiləsini də aşdı. Xan Dağıstan şahının adını eşitcək işi seçib o saat höküm etdi, Şəmun yəhudini dutub, siyah çalaya saldılar. Bundan sonra xan Səkinəni İbrahimə tapşırdı. İbrahim bir neçə gün xana mehman olub, ondan izn səfər aldı. Xan İbrahimə xərclik verib yola saldı. İbrahim Səkinə ilə bərabər Mısırdən çıxıb yüz bərri biyabanə dutub gedirdilər.
O qədər getdilər ki, nəhayət dərya kənarında gəmi ayağına yetişdilər. Gördülər buradan hər tərəfə adamlar gedir. İbrahim bunları görüb fikir etdi ki, gəl sən də bu gəmiyə oturub bir neçə diyar gəz, bəlkə qardaşın Asdan şahdan bir xəbər dutasan. Bu fikirdən sonra Səkinə ilə gəmiyə oturdu. Bunlar gəmidə oturmaqda olsun, gəl sana Şəmun yəhudidən xəbər verim. Məlun xana yüz dinar pul verib, özünü siyah çaladan azad etdirdi. Həman İbrahim ki, oturduğu gəmi ayağına yetişdi, nə gördü İbrahim ilə Səkinə gəmidə əgləşib gəmiçi gəmini sürmək istəyir.
Şəmun yəhudi bir hilə ilə gəmiyə mindi. Gəminin bir gizlin tərəfinə elə oturdu ki, İbrahim və Səkinə bunu görmədilər. Bu zaman Şəmun yəhudi özünü gəmiçiyə yetirib, əhvalatı ona açdıqdan sonra min dinar pul verdi.
– Gəmiçi qardaş, amandı bir hilə ilə gərək İbrahimi həlak etmək.
Gəmiçi pula təməsilənib yəhudi ilə İbrahim və Səkinənin yanına gəlib dedilər:
– Ey cavan bu qız sənin nişanlın degil, nə üçün buna sahib olmusan. İbrahim hərçi dedi:
– Bu qız mənim halalımdı. Şəmun yəhudi və gəmiçi razı olmadı. Nihayət İbrahimin qolunu bağlayıb bir sandığa qoyub dəryayə atmaq istədigdə, İbrahim yalvara-yalvara: – Ey gəmiçi, mən bilirəm bu kafir biinsaf sənə pul verib onun üçün sən də onunla barabar mənim qanıma suzayırsan. İndi izin verin, bir neçə sözüm var, onu sizə deyim. Sonra gənə ixtiyar sizindi.
Onların rəhmi gəlib İbrahimə söz demək üçün izin vərirlər.
Bəs yüz min bəlalər çəkən və ata-anadan yarımıyan biçara İbrahim bu dillər ilə, Səkinə xanıma qardaş Asdan şahı hərgah görə bilsə əhvalatı söyləməgini deyir.
Dostları ilə paylaş: |