Şahzada İbrahim:
Üç ay qışı dəryalarda qışladım.
Dil bilməz əlinə düşdüm nəyliyim
Altı ayı bir toğluya işlədim
Dil bilməz əlinə düşdüm nəyliyim.
Günü-gündən günüm düşdü ah vaya
Çoban oldum mən də döndüm gedaya
Qaptanlar atdılar məni dəryaya
Dil bilməz əlinə düşdüm nəyliyim.
Verdiyim əməklər gətdilər zaya,
Fələk düz qəddimi döndərdi yaya
Pul atdılar tulladılar dəryaya
Dil bilməz əlinə düşdüm nəyliyim.
Bu yəhudi satdı məni sallağa
O sallaqda bağışladı Allaha
Onda şükür elədim qüdrəti Allaha
Dil bilməz əlinə düşdüm nəyliyim.
Bir quş olub, havalanıb ötmədim
Ağ əllərə əlvan həna dutmadım
Nakam oldum mətləbinə çatmadım
Dil bilməz əlinə düşdüm nəyliyim.
Zülal şah oğluyduq iki qardaş
Hərəmiz götürdük bir qiymətli daş
Günbəzdə ayrılıb tökdük qan yaş
Dil bilməz əlinə düşdüm nəyliyim.
İbrahim sözünü tamama yetirdi. Asdan şah Zülal şah və günbəz adını eşitdiydə diqqət ilə oğlana baxıb gördü ki, qardaşı şahzada İbrahimdi. Şah İbrahimi belə dəstgir və zəlil görüb, bihuş oldu. Vəzir, vəkil bir təhər ilə şahı huşa götürdü. Hər iki qardaş qol-boyun olub görüşdülər. Asdan şah Səkinə xanımı hüzura istəyib əhvalatı ondan da xəbər alandan sonra höküm etdi Şəmun yəhudini yeddi yolun ayrıcığında təpəsi üstə basdırdılar. İki qardaş darul imarəyə gedib, başlarına gələni biri-birinə tamamilə söylədilər. Asdan şah İbrahimin əhvalatından xəbərdar olub dedi:
– Qardaş birimiz Bibahatda qalaq şahlıq edək. O birimiz də atamızın vilayətinə gedək.
İbrahim Asdanın cavabında:
– Qardaş onu bilməlisən ki, mənim gözü yolda qalanım var. Çünki “buta”m bu qız döyül. Mənim butam Hirat şahı Fətəli şahın qızı Hurinnisadı. Hərgah razı olsan mən gərək gedib onu getirəm.
– Qardaş sən çox zəhmətlər çekibsən. İndi sən mənim yerimdə oturub, şahlıq elə mən gedim, calal və şökət ilə nişanlını gətirim.
Asdan şahın sözünü İbrahim qəbul etmək istəmədi.
Şah acıqlanıb buyurdu:
– Mən böyuk qardaşınam, hər nə desəm borcundur, qəbul edəsən. İbrahim naəlaj qalıb razı oldu, qardaşının yerində təxt səltənətdə qərar dutdu.
Asdan şah bir çox qul ilə atdanıb, günə bir mənzil, teyyi mənazil edib, dərələrdə sel kimi, təpələrdə yel kimi, badeyi sərsər kimi, qızmış nər kimi xuraman-xuraman Hirat şəhərinə yetişdilər.
Asdan şah cah-cəlal ilə Hurinnisa xanımın qəsrinin qabağından keçərkən Hurinnisa Asdan şahı görüb, İbrahimə oxşadığından elə bildi ki, aşığı sahzada İbrahimdi. Ona görə beş kəniz göndərib dedi:
– Gedin foyc-foyc gedən qoşunun qabağındakı mina gərdənli, sərv qamətli, bənöşə bığlı, kaman qaşlı qoşun sərkərdəsini bu qəsrə getirin.
Kənizlər gedib, Asdan şahı dilə dutub, qəsrin qabağında şahzada xanıma yetirilər. Hurinnisa şahzadanı görüb, xətti-xalına, gül camalına heyran oldu. Cavana o qədər möhübbəti qondu ki, az qaldı yürək əldən verib, bihuş ola. Kənizdər Hurinnisanı belə halda görəndə yüzünə müşq, gülab səpib, dedilər:
– Ey nazənin, özündə ol ki, qabağında hərif var.
Hurinnisa bir tor özün saxlayıb:
– Bu cavan nurəsidə ya İbrahim və ya onun qardaşıdır, dedi. Ona görə gönül əldən verib, görək şahzadaya nə deyir:
Dostları ilə paylaş: |