Tahir Mirzə:
Şahın hökmü ilə gələn cəlladlar!
Öldür məni aman qulu öldürmə.
Yazıq bunlar hər tərəfə baxarlar
Şirin canlar eşq oduna yaxarlar
Təqsirsizdur canlarından qorxarlar
Öldür məni, aman qulu öldürmə.
Tahir Mirzə gördü qulların birini zalım cəlladlar həlak etdilər, aldı dübarə:
Tahirə özünü burada bildirdin
Ağlayıban göz yaşını sildirdin
Biinsafsan qullarımı öldürdün
Çox yalvarıram, aman qulu öldürmə.
Cəlladlar istədilər ki, Tahiri də öldürsünlər. Sonradan birisi fikir etdi, dedi:
– Şahların işini bilmək olmaz. Sabah deyər ki, bəlkə mənim acığım dutmuşdu nə üçün qardaşım oğlunu öldürdünüz. Bu fikirdən sonra onlar Tahirin kömləyini alıb qulların qanı ilə xizab edib Hətəmsultanın hüzuruna apardılar. Şah soruşdu:
– Əmrimi yerinə yetirdinizmi?
– Şah sağ olsun! Bəli.
Hətəmsultan burada qalsın, gəl sənə xan Tahirdən xəbər verim. Biçarə Tahir cəlladların əlindən xilas olub həmin yerdən yola rəvan olub bir neçə gündən sonra Xan Verdi södəgərin imarətinə varid oldu. Otağın qarşısında bir gözəl mənzərəli çarhevz var idi. Həmin çarhevzdə ayaqlarını yuyub istirahetə məşğul oldu. Bu bağ Xan Verdi södəgərin qızı Bulqarlı xanımın imarətinə yaxın idi. Bir vədə Tahir Mirzə gördü ki, hevzin aşağı tərəfindən su ilə üzə-üzə bir neçə ördək, qaz ona tərəf gəlir. Biçarə Tahir eşqi coşmuş bu eyşi büsatı görəndə öz vətəni yadına düşüb sözə başladı.
Dostları ilə paylaş: |