Aldı Mələknisə:
Xavab içində yatan Zöhrə
Oyan Zöhrə yarın gəldi
Dərd qəmə batan Zöhrə
Oyan Zöhrə yarın gəldi.
Müşkülüyü haqq bitirdi
Müjdəsin qarı gətirdi
O dəli çoban yetirdi
Oyan Zöhrə yarın gəldi.
Sonalar göllərə cuma
Sözüm yetirdim tamama
Sənə qurban Mələknisə
Oyan Zöhrə yarın gəldi.
Mələknisə sözünü tamam edər-etməz Zöhrə yuxudan oyandı.
– Yasəmən zülflərindən üç tel ayırıb saz əvəzinə nar məmələrin arasına basıb sözə başladı:
Aldı Zöhrə:
Qızılgülləri dərirdim
Pənhan yerlərə sərirdim
Mən də xabda görürdüm
Görən haçan gəlir Tahir.
Sınıq gönülləri hörərəm
Nə istəsən sənə verərəm
Yatanda xabda görərəm
Görən haçan gəlir Tahir.
Zöhrəyəm qanlar ağlaram
Yarıma əza saxlaram
Qəlbimi ona bağlaram
Görən haçan gəlir Tahir.
Onlar qırx gün, qırx gecə bir yerdə qaldılar. Tahir ilə Zöhrə devran sürməkdə olsun gəl sənə həmin ölən qarının qızından xəbər verim. Bu qız hər vəxt Zöhrəni görürdü. Bir gün Zöhrənin baş kənizi Mələknisə evdə yox idi. Bu qız fürsət tapıb Zöhrənin otağına daxil olub və qabaqda olan pərdəni sındırıb gördü ki, Tahir ilə Zöhrə qol boyun bir can kimi yatırlar. O saat Hətəmsultana xəbərə qoşdu: – Şah sağ olsun, anamı da nahaq yerə öldürtdün. Mən bu saat Zöhrə ilə Tahiri bir yorğan-döşəkdə qoyub yanınıza xəbərə gəlmişəm – dedi. Hətəmsultan iyirmi beş cəllada höküm edib dedi: – Bu saat gərək Tahiri buraya getirin.
Cəlladlar şahın əmrinə görə gedib Tahiri qolu bağlı Hətəmsultanın hüzuruna gətirdilər. Şah höküm etdi vurun bunun boynunu, vəzir, vəkil və bütün Qaramanlı şəhərinin adamları şaha minnət etdi ki, heyfdur Tahir kibi cavanı öldürtmə. Özgə bir diyara sürgün etdir. Şah camaatın sözünə razı oldu. Tahiri Qaramanlı şəhərindən sürgünə aparmağı cəlladlara höküm elədi. Cəlladlar şahın hökmünə görə Tahiri qolu bağlı Zöhrə xanımın otağının qabağından apardılar. Zöhrəyə xəbər verdilər. Zöhrə oraya gəlib cəlladlara yalvardı-yaxardı Tahirin qollarını açdırdı. Tahir səvgilisini yanında görəndə köhnə yaraları təzələnib sözə başladı:
Dostları ilə paylaş: |